Qazaxın işğalda olmuş kəndlərinə şeir yazan İsa Körpülünün doğum günüdür...
İsa Körpülü təxəllüsü ilə şeirlərini yazan İsa Həsən oğlu Mansurov 24 may 1956-ci ildə Qərbi Azərbaycanın İncəsu mahalının Barana (Noyemberyan) rayonunun Yuxarı Körpülü kəndində anadan olub.
İsa Körpülünün kitablar toplusu 2 cilddə nəşr edilib. 1-ci cild 2002-ci ildə "Sevməzdim dünyanı sən olmasaydın", 2-ci cild isə ölümündən sonra 2008-ci ildə “Gəl şağollaşaq” adı altında çap edilib.
Müğənni Zamiq Hüseynovun ifasında “Səni gözləyirəm”, bədii qiraətçi Xəzər Süleymanlının səsləndirməsində “Kəndimiz hər gecə yuxuma girir”, “Gəl sağollaşaq”, “Gözlərim səni axtarır” və bir sıra digər ekran əsərlərinə çevrilmiş şeirlərin müəllifi mərhum şair İsa Körpülüdür.
Şeirlərinin əksəriyyəti yurd həsrəti, tarixi Azərbaycan torpaqlarına həsr edilmiş İsa Körpülü poeziyasının mühüm bir hissəsi də uşaqlığının ayrılmaz hissəsi olan Qazaxın işğal altında olan kəndləri olub.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əldə edilmiş tarixi uğurların nəticəsi olaraq, elə bu gün Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Ruhun şad olsun, şair!
İsa Körpülünün “Qazax” şeirini təqdim edirik:
QAZAX
Ləhcəsi var şirin-şəkər qəzəldən,
Qəlbi geniş asimandı bil, Qazax.
Şeir, sənət ocağıdır əzəldən,
Söz mülkünə xanimandı, bil, Qazax.
Dan sökülüb yol salanda gündüzə,
Göyəzəni ilham verir gündüzə.
Görünməmiş möcüzədir, möcüzə,
Cənnət kimi bir məkandı, bil, Qazax.
Varmı Kürün sevgisindən xəbərin?
Sevgilisi, sevincidi Xəzərin.
Çıx Aveyə, qoy sevinsin gözlərin,
Bir qənirsiz Gülüstandı, bil, Qazax.
Bu yerlərin Dilbazi tək qızı var,
Tər çiçəkli, bənövşəli yazı var,
Ruh oxşayan min avazlı sazı var,
Oxunmamış bir dastandı, bil, Qazax.
Qonaq gəlib, mehman olsan özünə,
Vurularsan söhbətinə, sözünə.
İlmə salıb düşmənlərin gözünə,
Dağ çəkəndi, dağlayandı, bil, Qazax.
Torpağına göz dikənlər dərd dərər,
İstər qızı, istər oğlu ərdi, ər,
İgidləri Kərəm kimi mərddilər,
Əzəl gündən qəhrəmandı, bil, Qazax.
İsa, demə mən didərgin çağlıyam,
Bu ormana varlığımla bağlıyam,
Görməyəndə az qalıram ağlıyam,
Anam qədər mehribandı, bil, Qazax.
AzVision.az
Teqlər: