“Azad edilmiş ərazilərdə ekoturizmin inkişafı üçün bəlli bir tədbirlər planı olmalıdır”

“Azad edilmiş ərazilərdə ekoturizmin inkişafı üçün bəlli bir tədbirlər planı olmalıdır”
  31 İyul 2024    Oxunub:954
Ekoloq Mircavad Seyfili: “İşğaldan azad olunmuş ərazilərdə alternativ enerji mənbələrinin araşdırılması, potensialının öyrənilməsi, yaşıl texnologiyanın tətbiqi istiqamətində atılan addımlar bu bölgədə keyfiyyətli ekoloji mühitin yaradılmasına mühüm töhfə olacaq”
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır. Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.

Müsahibimiz ekoloq Mircavad Seyfilidir.

-Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
-Hazırda işğaldan azad olunmuş ərazilərdə alternativ enerji mənbələrinin araşdırılması, potensialının öyrənilməsi, yaşıl texnologiyanın tətbiqi istiqamətində atılan addımlar bu bölgədə keyfiyyətli ekoloji mühitin yaradılmasına mühüm töhfə olacaq. Bildiyiniz kimi Qarabağ və Şərqi-Zəngəzur iqtiadi rayonlarınin təbiəti, flora və faunasının qorunması üçün işğaldan əvvəlki dövrdə iki dövlət qoruğu, bundan əlavə yasaqlıqlar fəaliyyət göstərirdi. Təxminən 30 ilə yaxın müddətdə Qaragöl və Bəsitçay Dövlət Təbiət Qoruqlarının ərazisi ekosidə məruz qalıb. Ümumilikdə “İşğaldan azad edilmiş ərazilər”də xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 40 min hektardan artıqdır.

İşğal dövründə ərazilərimizdəki çayların çirkləndirilməsi də ermənilərin Azərbaycan təbiətinə qarşı apardıqları yaşıl soyqırım siyasətinin tərkib hissəsi olub. Transsərhəd çay olan Oxçuçay fəlakət zonasına çevrilib.
Hazırda bu bölgədə qoruq və yasaqlıqların fəaliyyətinin bərpa olunması, flora və faunanın reintroduksiyası istiqamətində işlər görülməkdədir. O cümlədən, azad edilmiş ərazilədən axan çayların bioresurslarının və hidroloji rejimin öyrənilməsi istiqamətində iş aparılır. İşğal dövründə yararsız hala salınan hidroloji şəbəkə indi ən müasir avtomat hidroloji stansiyaların hesabına bərpa olunur. Məndə olan məlumata görə, 10-dan artıq avtomat hidroloji stansiya artıq fəaliyyət göstərməkdədir.
Bu kimi tədbirlərin həyata keçirilməsi ölkəmizin COP29-da işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə nail olmaq yolunda çox əhəmiyyətlidir.

-“Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?
-Heç şübhəsiz ki, iqtisadiyyata gəlir gətirən əhəmiyyətli sahələrdən biri də turizmdir. İşğaldan azad edilmiş ərazilərin özünəməxsus təbiəti, rekreasiya ehtiyatlarının yüksək potensialı heç kimə sirr deyil. Bu gün dövlət tərəfindən həmin ərazilərə müxtəlif kateqoriyadan olan insanlar, o cümlədən beynəlxalq və yerli media nümayəndələri üçün səfərlər, turlar təşkil olunur. Lakin ekoturizmin inkişafı üçün bəlli bir tədbirlər planı olmalıdır. Buna təhlükəsizlik tədbirləri, həmin ərazilərdə yol infrastrukturunun daha da təkmilləşdirilməsi, yaşıllıqların bərpası, ərazinin fauna tərkibinin zəngliyinin artırılması istiqamətində işlərin aparılması və s. daxildir. Düşünürəm ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində bu kimi addımlar atıldıqca bölgənin turizm sektoru da inkişaf edəcək.

-Böyük qayıdış çərçivəsində bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var?

- Bilirsiz ki, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu baxımdan “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının icraçısı olduğu tədbirlər planı qəbul olunub. Tədbirlər planında Azərbaycanın ekoturizm marşrutları barədə məlumat kitabçalarının, broşür, buklet və digər nəşrlərin hazırlanması, biznes nümayəndələri üçün ətraf mühitin qorunması və “yaşıl fəaliyyət”ə dair təlimlərin təşkil edilməsi, Nadir və nəsli kəsilmək təhlükəsi altında olan fauna və flora növlərinin tarixi areallarına reintroduksiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi və s kimi fəaliyyətlər yer alıb. Düşünürəm ki, qeyd olunan fəaliyyətlər üzrə vətəndaşlarla mütəmadi maarifləndirmə tədbirlərinin aparılması təzə-təzə özünü bərpa prosesindən keçən azad edilmiş ərazilərimizdə sağlam ətraf mühitin yaradılmasına gətirib çıxarcaqdır.
-Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər? Nə kimi təklifləriniz var?
-Brakonyerliyə qarşı ölkəmizdə hüquqi qaydada tədbirlər həyata keçirilsə də, görünən odur ki, məlum tədbirlər bunun qarşısını almaq üçün kifayət etmir. Ölkəmizdə respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatları fəaliyyət göstərir. Bu təsərrüfatlar ov heyvanlarının populyasiyalarının artırılması və ovlanması üçün müstəsna əhəmiyyət kəsb edir. Hesab edirəm ki, ovçuluq təsərrüfatlarının sayı artırılmalıdır. Bu təsərrüfat sahələri azad edilmiş ərazilərdə yaradılması onsuz da hələ ki, brakonyerliyin genişlənməyə fürsət tapa bilmədiyi bu ərazilər üçün çox faydalı olacaq.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti