"Qara bazar" ertəsi: Azərbaycana hansı təsiri var? |
"Aparıcı mərkəzi banklar tərəfindən pul, kredit siyasətinin kəskin şəkildə yumşaldılması, pul kütləsinin artması böhranı dərinləşdirdi. Pul kütləsinin artıq şəkildə iqtisadiyyata istiqamətlənməsi nəticəsində böhranın gələcəkdəki fəsadları daha dərin olacaq. Görürük ki, bu struktur böhranı kəskinləşir. Yəni artmış pul kütləsi əsasən real istehsal sektoruna deyil, maliyyə bazarlarına, dünyanın aparıcı İT şirkətlərinin səhmlərinin alınmasına istiqamətlənir. İT sektoruna böyük investisiyalar yatırlır, bu da çox ciddi problemlərə səbəb olur. Çünki İT sektorunun real payı ilə fond bazarlarındakı payı arasında qeyri-mütənasibliklər formalaşır.
İT şirkətlərinin süni intellektlə bağlı olan qollarına böyük investisiyaların yatırılması dayanıqlı müsbət effekt verə bilər. Amma uzunmüddətli perspektivdə bu, maliyyə köpüklərinin partlaması nəticəsində bunun daha ağır fəsadları ola bilər".
E.Məmmədov qeyd edib ki, risklər effektiv şəkildə dəyərləndirilməlidir:
"Qərb ölkələrindəki iqtisadi dinamikanın hansısa şərtlər çərçivəsində qorunması inflyasiyanın aşağı göstərilməsi ilə bağlıdır. Digər tərəfdən İT ilə, süni intellektlə bağlı olan şirkətlərin səhmlərinin qiymətlərinin artması ilə bağlıdır ki, bunun özü də spekulyativ amillərə aiddir. Ona görə də risklər qlobal iqtisadiyyatda yüksəlməkdədir. Düşünürəm ki, Azərbaycan da öz investisiyalarını, investisiya siyasətini daha çox xarici bazarlardakı səhmlərin alınmasına yönəltməməlidir, daxili iqtisadi imkanların istiqamətləndirilməsinə prioritet kimi yanaşmalıdır.
Yəni, biz ölkəmizin həm ixrac, həm daxili bazar yönümlü istehsal sektoruna daha çox sərmayələr yatırmalıyıq ki, daxili bazarın təminatında müvafiq müsbət nəticələr əldə edək. Eyni zamanda ixracatımızı da şaxələndirək. Qeyri-müəyyənliklərin dünya, regional miqyasda artması şəraitində biz xarici iqtisadi təsirlərdən özümüzü daha çox qorumalıyıq. Ona görə də milli iqtisadiyyatımızın real sektoruna sərmayələr yatırmalıyıq".
Həmidə İbrahimova
AzVision.az