Zelenski: “Biz axmaq deyilik”

   Zelenski:    “Biz axmaq deyilik”
  13 Sentyabr 2024    Oxunub:1294
Ukrayna prezidenti Volodimir Zelenski Braziliya və Çinin sülh planını tənqid edərək onu destruktiv təklif adlandırıb.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Braziliyanın “Metropoles” portalına müsahibəsində Çin-Braziliya təklifinin adi siyasi bəyanat olduğunu bildirib.

“Braziliya prezidenti Lula da Silvaya dedim ki, bu məsələni birlikdə müzakirə etmək lazımdır. Biz, həmçinin Çini sülh təklifini birlikdə müzakirə etməyə çağırdıq. Ukraynadan heç nə soruşmadan hər hansı təşəbbüs irəli sürmək mümkün deyil. Braziliya və Çin öz sülh təkliflərini Moskva ilə əvvəlcədən müzakirə ediblər. Biz axmaq deyilik ki?!”, - Volodimir Zelenski deyib.

Xatırladaq ki, hələ mayın 24-də Braziliya və Çin Ukrayna ilə bağlı həm Moskva, həm də Kiyevin ev sahibliyi edəcəyi yeni konfransın keçirilməsi təklifini irəli sürüblər. Bu sənəd Pekinin Ukraynadakı müharibə ilə bağlı imzaladığı, Çin və Braziliya tərəflərinin sülh təkliflərini birləşdirən ilk beynəlxalq bəyannamə oldu.

Braziliyanın “Metropoles” portalına müsahibəsindən əvvəl isə Volodimir Zelenski jurnalistlərə açıqlamasında Rusiya ilə danışıqlara başlamaq üçün Ukrayna nümayəndələrinin müvafiq səlahiyyətləri almalı olduğunu, lakin onun kiməsə belə səlahiyyətlər vermədiyini bildirib.

- Ruslarla danışmaq üçün səlahiyyət lazımdır, mən bunu heç kimə verməmişəm. Həqiqi sülhə heç bir alternativ olmamalıdır. Heç bir dondurulmuş işğal ola bilməz! Əsirlikdə olan heç bir insan atılmamalıdır”, - Ukrayna prezidenti öz mövqeyini açıqlayıb.

Qeyd edək ki, ilk olaraq “The Washington Post” qəzeti Ukrayna ilə Rusiya arasında qismən atəşkəslə bağlı gizli danışıqların aparıldığını yazmışdı. Nəşrin mənbələrinə görə, Moskva və Kiyev Qətərdə hər iki tərəfin enerji infrastrukturuna hücumların dayandırılmasına dair razılaşma üzrə dolayı danışıqlar aparmalı idi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   Çin   Braziliya  





Xəbər lenti