ABŞ kəşfiyyatının xəbərdarlığı

   ABŞ kəşfiyyatının xəbərdarlığı
  27 Sentyabr 2024    Oxunub:999
Amerika kəşfiyyatının fikrincə, Ukraynaya Qərb istehsalı olan uzaq mənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verilməsi Moskvanın ABŞ-yə və onun digər müttəfiqlərinə qarşı cavab tədbirləri görməsi ilə nəticələnəcək.

AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” qəzeti bəzi mənbələrə istinadən Amerika kəşfiyyatı təmsilçilərinin Rusiyanın Avropada təxribat təşkil edə, ABŞ və onun müttəfiqlərinin hərbi bazalarına hücumlar həyata keçirə biləcəyi qənaətinə gəldiklərini yazır.

Kəşfiyyat rəsmilərinin fikrincə, Rusiya çox böyük ehtimalla, Avropanın müxtəlif obyektlərində təxribat aksiyalarının sayını artırmağa, o cümlədən yanğınlar törətməyə başlayacaq. Əvvəllər Rusiya Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) həyata keçirdiyi bu cür əməliyyatların gizli xarakter daşıması reallığı daha böyük münaqişə riskini azaldacaq.

Eyni zamanda, Amerika kəşfiyyatı hesab edir ki, ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaq mənzilli raketlərdən istifadə etməyə icazə versə də, Kiyev münaqişənin gedişatını kökündən dəyişdirmək üçün kifayət qədər belə silaha malik deyil. Üstəlik, kəşfiyyat rəsmiləri ilk zərbələrdən sonra Rusiya ordusunun silah-sursat anbarlarını, komanda məntəqələrini, hücum helikopterlərini və digər mühüm döyüş qurğularını raketlərin uçuş məsafəsindən kənara çıxaracağını istisna etmirlər.

“NYT” nəşrinin həmsöhbətləri kəfiyyatın xəbərdarlığı fonunda ABŞ prezidenti Co Baydenin hansı qərarı verəcəyini hələlik söyləməyin çətin olduğunu vurğulayıblar.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə Rusiya ərazisinə zərbələr endirmək üçün Qərbin silahlarından istifadə etməyə icazə istəyib. Eyni zamanda, Kiyev daha çox Amerikanın “ATACMS”, Böyük Britaniyanın “Storm Shadow” və Fransanın “Skalp” uzaq mənzilli raketləri ilə təchil olunması tələbini qoyub. Amma ABŞ-yə səfəri çərçivəsində Baydenlə görüşən Zelenski uzaq mənzilli silahlarla bağlı heç bir açıqlama verilməyib.

Bütün bunların fonunda Rusiya prezidenti Vladimir Putin Rusiyanın nüvə doktrinasında dəyişiklik olunacağını və nüvə dövlətinin dəstəyi ilə istənilən qeyri-nüvə dövlətinin təcavüzünün bu Rusiyaya qarşı birgə hücumu kimi qiymətləndiriləcəyini bildirən bəndin daxil ediləcəyini bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   Rusiya   kəşfiyyat   xəbərdarlıq  





Xəbər lenti