İsrail "Hizbullah"ın mühəndis avadanlıqlarını vurub

   İsrail "Hizbullah"ın mühəndis avadanlıqlarını vurub
  30 Yanvar 2025    Oxunub:451
İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Livanın cənubunda "Hizbullah" terror təşkilatına məxsus mühəndis avadanlıqlarına aviazərbə endirib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, "qruplaşma sözügedən avadanlıqlar vasitəsilə öz terror infrastrukturunu yenidən qurmağa çalışırdı".

"Bu hərəkətlər atəşkəs razılaşmasına ziddir. İsrail tərəfi "Hizbullah"ın istənilən dirçəlmə cəhdlərinə baxmayaraq, Livanla atəşkəs sazişinin şərtlərinə uyğun fəaliyyət göstərməyə sadiqdir. Eyni zamanda, dövləti və vətəndaşları bu, ya digər təhlükədən qorumaq hüququnu özündə saxlayır", - məlumatda vurğulanır.
"Hizbullah" raket bazasını Livana təhvil verib - VİDEO

Xatırladaq ki, dünən "Hizbullah" Livanın cənubunda yerləşən "Imad 4" adlı nəhəng yeraltı raket bazasını Livan Silahlı Qüvvələrinə təhvil verib. Səudiyyə Ərəbistanının "Al-Arabiya" dövlət xəbər telekanalının məlumatına görə, baza Livan Ordusunun nəzarətinə buraxılmazdan qabaq tamamilə boşaldılıb, bütün ağır texnika götürülüb. Terrorçular ötən ilin avqustunda sözügedən bazada təbliğat videosu çəkib paylaşaraq "öz gücünü göstərməyə" çalışmışdı. Sentyabrın 27-də isə İsrail Silahlı Qüvvələri genişmiqyaslı əməliyyat başlatmış, İranın dəstəklədiyi terror təşkilatının ali rəhbərlərini, o cümlədən Baş katib Həsən Nəsrullahı zərərsizləşdirmişdi.

Digər tərəfdən, noyabrda İsrail və "Hizbullah" arasında imzalanan atəşkəs sazişinə əsasən, İsrail Silahlı Qüvvələrinin Livandan çıxması üçün 60 günlük möhlət başa çatıb. Münaqişənin həlli üzrə vasitəçilər: ABŞ və Fransa ilə aparılan danışıqlar nəticəsində İsrail Ordusuna fevralın 18-dək möhlət verilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   aviazərbə   münaqişə  





Xəbər lenti