“Xocalı. Son toy...” filminin təqdimat mərasimi keçirilib

    “Xocalı. Son toy...”    filminin təqdimat mərasimi keçirilib
  13 Mart 2025    Oxunub:500
Nizami Kino Mərkəzində “Xocalı. Son toy...” filminin təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, filmin nümayişindən əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Xocalı. Son toy…”un layihə rəhbəri “Global Media Group” İdarə Heyətinin sədri Elnur Abdullayev, ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadədir. "Global Media Group"un və "Report" İnformasiya Agentliyinin birgə ərsəyə gətirdiyi film ilk dəfə Nizami Kino Mərkəzində tamaşaçılara təqdim edilib.

Bədii-sənədli filmdə 33 il əvvəl, yəni 1992-ci ildə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan toyun gerçək hekayəsindən bəhs edir.

“Xocalı. Son toy...” bədii-sənədli filmində illər öncə "Vağzalı"sı yarımçıq qalan toyun sədaları yenidən eşidilir, azad-abad Xocalı yenidən toy-bayram əhval ruhiyyəsinə bürünür.

Yarımçıq qalan toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, eləcə də həmin toyda iştirak edən digər qonaqlar, qohumlar, həmçinin musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toy mərasimi davam etdirir, Xocalı sakinlərinin yenidən doğma yurdlarına dönüşünü əyani formada nümayiş etdirirlər.

Filmin ideyası 1992-ci il 18 yanvarındakı sözügedən toyun fotosundan ilhamlanaraq gerçəkləşib. Hansı ki, o toy 1992-ci il yanvarın 18-də olub. Həmin vaxtlar ermənilərin Xocalıya tez-tez hücumları olurdu. Bu toy da hücumlar səbəbindən sonlandırılmamışdı. Sözügedən toyda çəkilən ağ-qara foto yenidən zəfər bayrağı sancılmış azad Xocalıda həmin fotonun rənglənmiş variantı ilə canlandırılır ki, bu da Xocalının yenidən dirçəlməsini, yeni nəfəs tapmasını tərənnüm edir.

Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb.










AzVision.az



Teqlər: Xocalı   toy   film   təqdimat  





Xəbər lenti