ABŞ terrorunun açıq qalan sualları – TƏHLİL

ABŞ terrorunun açıq qalan sualları – TƏHLİL
  22 Aprel 2013    Oxunub:2001
Ötən həftə sanki Amerikanın başına bədbəxtlik yağırdı. Bostonda keçirilən marafon yarışında bomba partladıldı, prezidentə və senatora zəhərli məktub göndərildi, Texasda zavod partladı, yenə də Bostonda Massaçusets Texnoloji İnstiotutunda gənc oğlan 3 polis öldürdü... Amma bu hadisələrin içində siyasi-ictimai çəkisinə görə daha çox diqqət çəkəni məhz Boston Marafonundakı bomba partlayışı idi.

Birincisi ona görə ki, bu, 2001-ci ilin 11 sentyabrından sonra ölkədə həyata keçən ilk terror aktıdır. İkincisi, terrorçular yenə də radikal islamçılardır. Bizsə bilirik ki, belə hadisədən sonra adətən Amerika irimiqyaslı addımlar atmağa başlayır. Məsələn, 11 sentyabr hadisəsi Buşun terrorla savaşa başlamasına səbəb, yaxud bəhanə olmuşdusa, ekspertlər istisna etmirlər ki, Boston olayı Obama üçün eyni rolu oynaya bilər.

Amma bu dəfə işin üçüncü tərəfi də var: Hadisəni törətməkdə günahkar bilinənlər iki gənc çeçendir. Tsarnayev qardaşlarından biri öldürülüb, o biri isə ağır yaralı halda ələ keçirilib. Bu üçüncü məqam bütövlükdə hadisəyə tamam fərqli rəng qatır. Ortaya bəzi suallar çıxır ki, onlara cavab axtaranda məsələnin göründüyündən daha dərin olduğu anlaşılır.

Ən əsas sual budur: Tsarnayev qardaşları nəyə görə Amerikada terror aktı törətməliydilər? Onlar qərb təhsilli və mədəni gənclər olublar, bütün qohumları və tanışları yumşaq, salit insan kimi tanıyıb. Polis heç vaxt onlardan şübhələnməyib. Hətta FBI agentləri də oölanların anaları ilə söhbətində onları “yaxşı uşaqlar” kimi xarakterizə edib. Bəs nə oldu? Doğrudanmı, onlar günlərin birində sığındıqları Amerikadan qısas almaq fikrinə düşüblər? Və doğrudanmı, radikal islamçı saytları izləmək insanı by dərəcədə dəyişə bilər?

Bu sualları verən əslində təkcə biz deyilik. ABŞ prezidenti Barak Obama televizya ilə müraciətində bunları demişdi:

- Hələ də cavabı olmayan bir sıra suallar qalmaqdadır. Nəyə görə bizim ölkəmizdə böyüyüb təhsil alan, bizim cəmiyyətin bir parçası kimi yetişən gənclər bu cür zorakılığa əl atıblar? Onlar bunu necə planlaşdırıb və həyata keçiriblər?.. Bu zaman kənardan yardım olunubmu?..

Bu suallar Obamanın dilindən səslənəndə bir qədər fərqli mahiyyət daşıyır. Çünki böyük ehtimalla, Amerika prezidenti onların ilkin cavablarını bilir, ya da başa düşür. Aydın məsələdir ki, indiyə qədər başıaşağı, sakit həyat yaşamış iki oğlan təklikdə bu cür terroru həyata keçirə bilməzdilər. Yəni onlara kənardan kömək olunduğu şübhəsizdir. Bəs “kənardan” - yəni haradan?

Biz heç bir nəticə çıxarmaq istəmirik, amma terrorun siyasi nəticəsinə baxanda, o, sanki Amerikaya dərs vermək üçün düşünülüb. İndiyə qədər Amerika həmişə terrorçuları “özününklülər”ə və “özgələr”ə bölüb. Yəni kim Amerikanın marağına toxunmadan terror törədirsə, o, bir növ “öz terrorçumuz” kateqoriyasına düşür. Məsələn, erməni terrorçuları kimi. Çeçenlərə yanaşmada da oxşar mövqe olub. Rusiyanın “terrorçu” dediklərini Amerika başqa gözdə görür və qəbul edirdi.

Bu hadisə sanki Vaşinqtona bir xəbərdarlıqdır ki, terrorçuları “özünükülər”ə və “özgələr”ə bölmək olmaz. Aydındır ki, bu xəbərdarlığı təşkil edən Vaşinqtonun bu cür siyasətindən narazı qüvvə ola bilərdi. Çox maraqlıdr ki, hadisədən sonra Obama ilə Putinin telefon danışığında prezidentlər terrora qarşı birgə mübarizə aparacaqlarını deyiblər.

Beləliklə, Amerika üçün ənənəvi “islam terroru” anlayışı dağıdıldı. Yəqin ki, bundan sonra Vaşinqtin “terrorla mübarizə” adı altında yürütdüyü beynəlxalq siyasətə də müəyyən korrektələr etməli olacaq.

Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti