Prezident İlham Əliyevin Azərbaycan sənayesinin modernləşdirilməsi siyasəti

Prezident İlham Əliyevin Azərbaycan sənayesinin modernləşdirilməsi siyasəti
  08 Sentyabr 2014    Oxunub:5454
Prezident İlham Əliyevin cari ili ölkəmizdə “Sənaye ili” elan edəcəyi əvvəlcədən gözlənilən idi. Çünki artıq bir neçə ildir ölkə iqtisadiyyatda qeyri-neft sektorunun inkişafı prioritet sayılır. Çünki ümumi daxili məhsul (ÜDM) istehsalında neft-qaz sektorunun dominant rolu ötən 10 illiyin ortalarında qalıb və neftdənkənar sahələr inkişaf etməsə ölkədə adı çəkilən göstərici sıfırda dayana bilər.

ÜDM necə və niyə azaldı?


Hələ 2011-ci ilin oktyabrında Nazirlər Kabinetinin (NK) həmin ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına dair keçirilən iclasında dövlət başçısı növbəti 10 il ərzində ÜDM-in ən azı 2 dəfə artmalı olduğunu dedi. “Biz bunu qeyri-neft sektorunun inkişafı hesabına təmin etməliyik. Çünki neft sənayesində hazırkı istehsal bizi qane edir.”

Zəruri statistik arayış: Rəsmi statistikaya görə, Azərbaycanda ÜDM istehsalı 8 il öncə - 2006-cı ildə ən yüksək olub (34,5 %). Sonrakı illərdə bu rəqəm 2007-ci ildə 25 %, 2008-ci ildə 10,8 % olmaqla enərək 2009-cu ildə 9,3 %-ə çatıb. 2010-cu ildə isə 5 % oldu. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2011-ci ildə ölkəmizdə ÜDM istehsalı 0,1, 2012-ci ildə isə 2,2 % artıb. Keçən il isə 5,8 %-lik nəticə əldə olundu.

Prezidentin prioritetləri

Prezident hansı növ məhsulların istehsalını prioritet saydı? Hansı sənaye sahələri daha da inkişaf etməlidir?

“Sənaye ili”ndə hansı növ sənaye malları və məhsulları istehsal olunmalıdır? Bu suala cavab da Prezidentin sərəncamında var; dövlət başçısının 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında Sərəncamında yazılır ki, son 10 ildə sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb. Prezident deyib ki, sənaye istehsalının artırılması ilə bağlı texnoparkların yaradılması mühümdür, nəticə də var. Artıq, Sumqayıt Texnoparkı yaranıb, yeni Kimya Texnologiya Parkı da işə düşəcək. O cümlədən, Mingəçevirdə, Balaxanıda da yaradılacaq. 2014-cü ildə metallurgiyanın inkişafı üçün ciddi işlər görüləcək, bu da Azərbaycanda kifayət qədər xammal və təbii resurslar olması ilə əlaqədardır. “Müasir metallurgiya kombinatının tikintisi, əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstərilməlidir.” – deyə, dövlət başçısı vurğulayıb.

Ekspert nə deyir?

İqtisadçı Pərviz Heydərov deyir ki, bütün bunlara rəğmən, məsələyə dəqiq və kompleks yanaşma vacibdir. Bəzi amillər qabaqcadan nəzərə alınmalıdır: “Məsələn, birincisi sənayenin inkişafına, xüsusən də onun maşınqayırma ilə metallurgiya kimi ağır sahələrində müxtəlif növ məhsulların istehsalının təşkili və genişləndirilməsinə ölkənin neft-qaz sektorunun tələbləri çərçivəsindən kənarda yanaşmaq olmaz. Biz, tikinti və quraşdırma sahəsində daxili bazarın yaratdığı tələbləri hələ demirik. Ümumiyyətlə, cari ilin ölkəmizdə “Sənaye ili” elan edilməsi və artıq, bir neçə ildir iqtisadiyyatda qeyri-neft sektorunun inkişafının prioritet təşkil etməsi müvafiq bazanın – neft-qaz sektorunda real prosesləri də nəzərdən qaçırmamağı tələb edir“.

2013-cü ildə əvvəlki illə müqayisədə ölkədə neft və qaz hasilatı əvvəlki ildəkinə, o cümlədən, rəsmi proqnoza rəğmən artıq əldə olundu ki, 2012-ci ildə neft hasilatı 43,0 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 17,2 milyard kubmetr təşkil etməklə qaz 5,4 % artdığı halda, neft 5,3 % azalmışdı. 2012-ci ildə neft üzrə proqnoz 46 milyon tona bərabər idi. 2013-cü il üçün isə 43,2 milyon ton neft, 28,8 milyard kubmetr həcmində təbii qaz proqnozlaşdırılsa da, faktiki olaraq Azərbaycanda 43,1 milyon ton neft, 29,5 milyard kubmetr qaz hasil edilib. Halbuki, sözügedən il üçün proqnozların özünü doğrultmayacağı və bəzi müşahidəçilərə görə 2013-cü ildə maksimum 40-41 milyon ton neft hasil olunacağı zənn edilirdi”.

Dövlət rəhbərinin neqativləri tənqid etməsi pozitivə necə yol açdı?

Dövlət başçısı İlham Əliyev bir az əvvəl haqqında danışdığımız iclasda demişdi ki, əvvəlki toplantı zamanı ölkədə neftin hasilatı ilə bağlı xarici şirkətlərin ünvanına söylədiyi tənqidi fikirlər anlayışla qarşılanmış və qısa müddət ərzində görüləcək işlər nəticəsində 2013-cü il ərzində neft hasilatı sabitləşəcək. Xatırladaq ki, 2012-ci ilin oktyabrında NK-nın iclasında dövlət başçısı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin buraxdığı kobud səhvlər nəticəsində “Azəri” və “Çıraq” yataqlarında neft hasilatının kəskin şəkildə aşağı düşməyə başladığını bəyan etdi.

Ekspert deyir ki, Prezident o vaxt bunu bildirməsəydi, 2012-ci ilin yekununa hasilat bir az da aşağı səviyyədə əldə olunacaqdı. Çünki Azərbaycanın neft-qaz sektorunda hər hansı yatağın istismar müddətinin sona yetdiyi barədə danışmaq gülünc olardı. Hasilatı sabit saxlamaq üçün əlavə investisiyalara ehtiyac var; ARDNŞ-in əlavə qazma işləri aparması ilə yanaşı mövcud quyular da yenidən işlənməli idi. Tənqiddən nəticə çıxarıldı və 2013-cü ildə bu edildi.

Pərviz Heydərov onu da bildirdi ki, bütün bunların nəticəsində hasilat 2015-ci ilə qədər ola bilsin, 2 milyon ton artmasın: “2015-ci ildən sonra Azərbaycanda neft hasilatının azalmağa başlayacağı rəsmi olaraq da etiraf edilir; hökumətin 2017-ci ilə dair parlamentə təqdim etdiyi proqnozlara əsasən, hasilat 39,7 milyon tona qədər enəcək. Reallıqda isə bu rəqəm daha az ola bilər. Odur ki, başlıca hədəf ölkənin neft-qaz sektorunda keçən ilə qədər müşahidə edilən enişin qarşısını qarşıdakı 4-5 ildə də almaqdır. Yalnız bu şəraitdə, qeyri-neft sektorundakı artıma söykənən ÜDM istehsalının yüksəliş tempi davamlı olacaqər ki, bunun üçün isə neft-qaz sektorunda keçən ilki bütün səylər 2018-ci ilə qədər davam etdirilməlidir”.

Sənayenin bəzi sahələrinin inkişafı kənd təsərrüfatına bağlıdır

Ekspertə görə, sənayenin yüngül və yeyinti sahələrinin inkişafını kənd təsərrüfatı məhsullarının istehsalı həcmindən və ümumiyyətlə, aqrar sektorun inkişafından kənarda nəzərdə tutmaq olmaz: neft məhsullarından kənarda sənayenin bütün növ emaledici sahələri məhz kənd təsərrüfatının inkişafına bağlıdır.

Zəruri arayış: DSK-nın məlumatına əsasən, 2013-cü ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 33,7 milyard manat təşkil edərək əvvəlki illə müqayisədə 1,8 % çox olub.

İqtisadçı hsab edir ki, istehsalın dörddə üç hissəsi mədənçıxarma, 20,1 %-i emal, 5,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib; söhbət əgər sənayenin inkişafından gedirsə, ona aid ümumi məhsul istehsalı həcmində emal bölməsinin payı ən azı 30-35 %-ə çatdırılmalıdır.

Zəruri qeyd: 2014-cü il üzrə Azərbaycanın makroiqtisadi proqnoz göstəricilərində ÜDM-in sahə strukturunda sənayenin ümumi payı 41,8 % planlaşdırılıb. Bunun 36,4 %-i neft və qaz sənayesinin, yalnız 5,4 %-i qeyri-neft sənayesinin üzərinə düşür. Ölkəmizdə kənd təsərrüfatında məşğul əhalinin sayı 1,67 milyon nəfər təşkil edir. Bu da iqtisadiyyatda məşğul əhalinin 37,9 %-dir. Kənd təsərrüfatının ÜDM istehsalında payı isə cəmi 5,2 %-dir.

Ekspert detir: “Deməli, kənddə istehsala maraq azdır. Bunun yolu isə fərdi, xırda və orta səviyyəli təsərrüfat sahiblərinin sayını genişləndirməkdir. Bizdə isə onlar, əksinə, torpaqdan tədricən uzaqlaşırlar. Bu tendensiya bir neçə il öncədən var; bölgələrdə iri sənaye və emal obyektləri tikilib istifadəyə verildikcə, kəndlilər muzdlu əməyə meyl edir. Buna görə aqrar sahəyə diqqət artmalıdır. Yəni aqrar bölməyə sərmayə lazımdır”.

Mühüm statistika: rekord məbləğdə sərmayə...

Keçən il ölkə iqtisadiyyatına rekord həcmdə - 28 milyard ABŞ dolları səviyyəsində investisiya qoyuldu. Prezident İlham Əliyev heç vaxt il ərzində bu qədər investisiya qoyulmadığını dedi: “Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur.” – deyə, dövlət başçısı bildirib. Xatırladaq ki, 2012-ci il ərzində 26 milyard dollara yaxın investisiya qoyulmuşdu. 2013-cü ildə isə bütün maliyyə mənbələri hesabına iqtisadiyyata və sosial sahələrin inkişafına 17,87 milyard manat və ya 2012-ci ildəkindən 15,1 % çox vəsait yönəldildiyi bildirilir.

Mütəxəsislərin fikrincə, 28 milyard dollar bu il ərzində bir az da artacaq. Çünki bunun üçün kifayət qədər əsas var. Ancaq bir cəhət də vardır ki, iqtisadiyyata qoyulan investisiyaların həcmində xarici mənbələrin, həmçinin özəl sektorun payları azdır, daha yüksək səmərə əldə etmək istəyiriksə, bunların cəlbi stimullaşdırılmalıdır.

Pərviz Heydərov deyir ki, investisiyalara hər zaman böyük ehtiyac var və iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməyi qarşıya məqsəd qoyan ölkədə onun cəlbi xüsusən, vacibdir: “Bu gün ölkəmiz Gürcüstana, Türkiyəyə investisiya yönəldir. Bununla belə, xarici investisiyaların iqtisadiyyatımızın inkişafında necə rol oynadığı (“Əsrin müqaviləsi"ndən başlayaraq) yaxşı məlumdur. Keçən il investisiyaların ümumi həcmindən 76,7 %-i daxili investisiyaların payına düşüb. Artıq bir neçə ildir davam edən tendensiyaya uyğun olaraq 28 milyard dolların 17,5 milyardını daxili sərmayələr təşkil edir. Ümumiyyətlə, əsas kapitala yönəldilmiş vəsaitin təkrar edirik ki, 76,7 %-ni və ya 13704,9 milyon manatını daxili, 23,3 %-i və ya 4167,2 milyon manatını isə xarici investisiyalar təşkil edib. Düzdür, 2013-cü ildə xarici mənbələrdən əsas kapitala 5 milyard manata yaxıb vəsait yönəldilib. Ancaq 23,3 % kiçik rəqəmdir. Dövlət başçımızın sənayeni modernləşdirmək siyasətinin “onurğası” da özündə məhz bunları ehtiva edir”.

Ekspert hesab edir ki, ümumilikdə iqtisadiyyatın, o cümlədən və xüsusilə, sənayenin inkişafı üçün investisiyalar mühüm olduğundan ölkənin iqtisadi sabitlik reytinqləri də vacibdir: “Ölkəmizin iqtisadi vəziyyətinin müxtəlif göstəricilər sarıdan xarici qurumlar tərəfindən, o cümlədən, beynəlxalq hesabatlar üzrə hər dəfə bir az yüksək qiymətləndirilməsi investisiya cəlbi və şaxələndirmənin dərinləşdirilməsi baxımından gələcək inkişafımız üçün geniş imkanlar açır. Keçən ilin sentyabrında Dünya İqtisadi Forumunun açıqladığı hesabatda rəqabətqabiliyyətliliyə görə qlobal iqtisadiyyatda 1 il əvvəldəkindən fərqli olaraq 7 pillə irəliləyərək 148 ölkə sırasında 39-cu yerə çıxmağımızdan sonra, "Doing Business 2014" hesabatı üzrə də 189 ölkə sırasında 1 pillə irəliləyərək 70-ci yerə yüksəlməyimiz bunu deməyə əsas vermişdi. Buna rəğmən, bütün deyilənlər sənayenin inkişafına dair hazırlanmaqda olan “2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərə alınmalıdır. Çünki adı çəkilən sənədin qeyd olunanların reallaşması baxımından böyük əhəmiyyəti olacaqdır”.

"Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ-nin "Əsrin Müqaviləsi- Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli" mövzusundakı müsabiqəyə təqdim olunur"

İradə CƏLİL


Teqlər:





Xəbər lenti