Ərdoğanın ikili oyunu – TƏHLİL

Ərdoğanın ikili oyunu – TƏHLİL
  30 Aprel 2013    Oxunub:2265
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu aprelin 26-da öz ölkəsinə Şanxay Əməkdaşlıq Təşkilatınanın (ŞƏT) dialoq üzrə tərəfdaşı statusunu qazandıran memoranduma imza atdı. Sənəd eyni zamanda ŞƏT-in baş katibi Dmitri Mezençev tərəfindən imzalanıb.

Beləliklə, Çin ilə Rusiyanın Amerika başda olmaqla Qərb ittifaqına qarşı yaratdığı təşkilata üzv olacağı barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanatların reallığa çevrilməsi prosesinə start verildi.
Ərdoğanın bir tərəfdən ABŞ və Avropa ilə NATO kimi hərbi ittifaqda yer alması, birgə strateji tərəfdaşlığı, digər tərəfdən isə əks qütbdə dayanan ölkələr birliyinə qatılması ilə apardığı ikili oyunun məqsədi nədir? Rusiya Türkiyənin qərbyönumlüyünü bilə-bilə nədən Ankaranın üzvlüyünə mane olmur, əksinə, buna şərait yaradır? Və nədən Amerika Tükiyə kimi tərəfdaşının əks qütbə meyillənməsinin qarşısını almır?

ŞƏT rəsmi olaraq regional əməkdaşlıq təşkilatı hesab olunur. Əsasən terrorçuluq, separatçılıqla mübarizə, iqtisadi sahədə üzv öklələrin daha sıx əməkdaşlığı üçün yaradıldığı bildirilir. Əslində isə, ŞƏT Orta Asiyanın nəzarətdə saxlanılması üçün qurulmuş təşkilatdır. ŞƏT-ə Rusiya ilə Çindən başqa Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan da üzvdürlər. Şöhbət, təbii ki, Orta Asiyanın təbii sərvətlərinə sahiblənməkdən gedir. Çin “iqtisadi əməkdaşlıq” adı ilə öz sərhədlərinə yaxın ərazidən təbii ehtiyatların alınmasını təmin edir, Rusiya isə “terrorizmlə mübarizə” adı ilə silahının regionda satışını həyata keçirir. Eyni zamanda Çinə silah ixracını unutmur.

Maraqlıdır ki, Hindistan və Pakistan kimi güclü regional dövlətlərin ŞƏT-ə üzv olmalarına Çin və Rusiya etiraz edib. Eyni zamanda, İrana da üzvlük məsələsində etiraz olunub. Bu dövlətlər yalnız müşahidəçi statusuna yiyələnə biliblər. Ancaq quruma üzv olmayan Türkmənistan dəfələrlə ŞƏT-in tədbirlərinə rəsmi dəvət alıb. Aydın olur ki, Rusiya ilə Çin Orta Asiyanın nəzarətdan çıxmasını istəmirlər və təşkilata daha nüfuzlu üzv qəbul etməklə qurulmuş və çoxdandır fəaliyyət göstərən mexanizmin pozulmasını istəmirlər.

Həm Rusiya, həm Çin, həm də Amerikanı birləşdirən əsas məqam isə ondan ibarətdir ki, bu dövlətlər kəskin qütbləşmənin əleyhinədirlər. Tərəflər arasında kəskin qütbləşmə qlobal xarakterli mənfi nəticələrə gətirib çıxara bilər. Türkiyənin ŞƏT-də yer alması bu qurumun üzərindən bir növ anti-qərb damğasını götürür və qütbləşmənin daha kəskin forma almasına mane olur. Məsələn, İranın ŞƏT-ə üzv qəbul olunmamasının səbəbi kimi bu ölkənin Qərblə kəskin konfrontasiya vəziyyətində olması göstərilir.

Amerikanın Türkiyənin bu quruma üzv olmasında marağı ondan ibarətdir ki, öz tərəfdaşı olan Ankara vasitəsilə ŞƏT-i daxildən müşahidə edə biləcək. Gələcəkdə isə hətta bu vasitə ilə müəyyən qərarların qəbuluna təsir göstərə bilər.

Türkiyə ŞƏT-ə qoşulmaqla özünün müstəqil mövqeyini Rusiyaya nümayiş etdirir və bununla Moskvanın etibarını qazanmağa çalışır. Moskvaya onunla eyni cəbhədə olduğunu nümayiş etdirmək, Ankaraya Orta Asiya ilə yanaşı Qafqazdakı məsələlərə də müdaxilə etmək imkanı yaradır. Konkret olaraq, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə rəsmi olaraq vasitəçi kimi cəlb olunması mümkündür. Moskva Ankaranın özünə yaxın olduğunu bilib, Türkiyənin vasitəçilik rolunun genişlənməsinə etiraz etməyəcək.

Digər tərəfdən, Türkiyə özü üçün çox sərfəli satış bazarı əldə edir. Eyni zamanda Ankara Avropanı da özündən asılı vəziyyətə salır. Belə ki, Avropa ölkələri öz enerji təhlükəsizliyinin təmin olunması üçün Orta Asiyadan neft və qazın nəqlinin vacib olduğunu gizlətmirlər. Enerji nəqlinin isə iki yolu var: ya Rusiya, ya da Türkiyə vasitəsilə. Moskva bu mənada da Türkiyə ilə yaxınlaşmanın tərəfdarı kimi çıxış edə bilər, birgə razılaşma yolu ilə Avropanın özlərindən asılılığını davam etdirə bilərlər.

Rusiya Türkiyəyə Orta Asiya və Qafqazın yolunu açmaqla, Türkiyə vasitəsilə özü üçün bağlanmaqda olan Yaxın Şərqin yolunu açmağa çalışır. Belə ki, Rusiyanın Yaxın Şərqdəki əsas tərəfdaşları olan İran və Suriya faktiki fəaliyyət qabiliyyətsiz elan edilə bilər. Türkiyə isə əsas regional oyunçuya çevrildiyi üçün, artıq Kreml anlayır ki, Moskvanın da Yaxın Şərqdəki maraqları günün tələblərinə uyğun olaraq dəyişməlidir.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti