Nazir büdcə gəlirlərini və xərclərini AÇIQLADI
Büdcə layihəsinin tərtibi prosesində dövlət və icmal büdcələrinin gəlirlərini təmin edən orqanların təqdim etdiyi təkliflər həmin orqanlarla işçi qaydada birgə müzakirə edilib, gəlirlərin optimal variantı üzərində dayanılıb.
Nazir qeyd edib ki, prezident İlham Əliyevin dövlətin hərtərəfli inkişafına, xalqımızın rifahının yaxşılaşdırılmasına yönəldilmiş sosial-iqtisadi inkişaf kursu rəhbər tutulmaqla hazırlanmış layihədə sosial məsələlərin, aztəminatlı əhaliyə dövlət dəstəyinin prioritetliyi saxlanılıb.
O qeyd edib ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7% çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2% artıqdır.
Büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək. Gələn il ARDNF-dan dövlət büdcəsinə 10 mlrd. 388 mln. manat vəsait ayrılması nəzərdə tutulur. Bundan başqa, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 112 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə natural ifadədə 1 590 mln. manat daxilolma proqnozlaşdırılır.
Layihədə dövlət büdcəsinin kəsiri 1 mlrd. 662 mln. manat nəzərdə tutulur.
Azərbaycanda gələn il dövlət büdcəsindən elmə ayrılan maliyyə vəsaitinin məbləği 21,8 faiz artırılacaq. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsində elm xərclərinə 142 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 21,8 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət təşkilatlarında mövcud olan elmi tədqiqat müəssisələri tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönələcək.
Nazir qeyd edib ki, ötən ilin dövlət büdcəsi ilə müqayisədə 2015-ci il üçün nəzərdə tutulmuş dövlət büdcəsində sosial təminat xərcləri 18 faiz, mədəniyyət, incəsənət, kütləvi informasiya və idman xərcləri 11,7 faiz, müdafiə xərcləri 8,6 faiz, kənd və meşə təsərrüfatı və balıqçılıq xərcləri 5,9 faiz, təhsil xərcləri 3,5 faiz, səhiyyə xərcləri 7,2 faiz, nəqliyyat və rabitə xərcləri 5,7 faiz, iqtisadi fəaliyyətlə bağlı xərclər 5,2 faiz artıb.
Büdcə xərcləri strukturunda hərbi xərclərə 1 778,5 milyon manat (artım 8,6 faiz) yönəldilməsi planlaşdırılır. Kapital qoyuluşları 10,7 faiz artaraq 6 930 milyon manata çatacaq, sənaye və tikinti sahəsinə xərclər 10,7 faiz artaraq 6 951,6 milyon manat, təhsil - 3,5 faiz artaraq 1 711,2 milyon manat, səhiyyə - 7,2 faiz artaraq 777,7 milyon manat təşkil edəcək. Sosial müdafiə və sosial təminat üzrə xərclərin 1,5 faiz - 2 040,5 milyon manatadək, elmə 3 faiz - 142,5 milyon manatadək, prokurorluq, məhkəmə və hüquq-mühafizə orqanlarına xərclərin isə 1,1 faiz - 1 227,1 milyon manat azaldılması planlaşdırılır.
Anar Kəlbiyev