İtən təyyarədən daha 9 cəsəd çıxarılıb
Sonuncu cəsədin xilasedici jiletdə olması bir çox suallar doğurub. Belə ki, buna qədər tapılmış cəsədlərin heç birinin üzərində xilasedici jilet olmayıb. Lakin həmin cəsədin jiletdə olması deməyə əsas verir ki, təyyarə suya düşməmişdən əvvəl həmin şəxsin onu geyməyə vaxtı olub. Bəs belə olan təqdirdə niyə pilot qəza barədə məlumat verməyib?
Məlumdur ki, pilot pis hava şəraitinə görə yüksəkliyi dəyişmək barədə yerdəki xidmətlərdən icazə istədikdən dərhal sonra təyyarə radarlardan itib.
Təhqiqat qrupuna yaxın mənbənin bildirdiyinə görə, qəzanın əsas səbəbi kimi ekipajın yüksəkliyi dəyişmək barədə icazəni həddindən artıq gözləməsi göstərilir. Eyni zamanda, pilotun yerdən icazə olmadan, özbaşına yüksəkliyi dəyişməsinin mümkünlüyü də nəzərə alınır. Söz yox ki, havanın əlverişsiz olması da öz sözünü deyib. Bununla yanaşı, təyyarəni çox təcrübəli (6 min uçuş saatı) pilot tərəfindən idarə edildiyi də məlumdur. Təyyarə son texniki yoxlamadan noyabrın ortalarında keçmişdi.
Təyyarənin sonradan kəskin şəkildə yüksəkliyi artırdığı da məlumdur. Faciənin səbəblərini araşdıran komissiya üzvünün bildirdiyinə görə, təyyarənin sürəti yüksəkliyi dəyişmək üçün həddindən artıq yuxarı olub. Bu, hətta təyyarənin istismar rejiminin imkanlarını da üstələyib.
Komissiyanın əsaslandığı faktlar hələlik qaneedici deyil. Qəzanın əsas səbəbləri, yalnız təyyarənin qara qutusu aşkar edildikdən sonra məlum olacaq. Qəza zonasında hava şəraitinin əlverişsiz olması axtarış işlərini çətinləşdirir.
Təyyarə İndoneziyaya məxsus ərazidə qəzaya uğradığına görə, axtarış-xilasetmə əməliyyatlarına bu ölkə rəhbərlik edir. Hazırda axtarış-xilasetmə qrupuna Malayziya, Koreya Respublikası, Sinqapur, Yaponiya, ABŞ və Rusiya mütəxəssisləri daxildir.
Teqlər: