Babəkin Fazil Mustafa ilə döyüşən qolları
Əzizlərim, bir neçə gün öncə ANS-də Həmid Herisçinin təqdim etdiyi “Şəxsiyyət vəsiqəsi” proqramının qonağı oldum. Dartışmanın mövzusu Babək idi. Veriliş efirə gedəndən sonra yüzlərlə tamaşaçıdan telefonla, sosial şəbəkələr vasitəsilə, o cümlədən üzbəüz görüşlərdə Babəklə bağlı söylədiklərimə görə təqdir aldım. Hətta ayrı vaxt məni Facebook-da qaralayanlar belə Babəklə bağlı düşüncələrimin haqlı olduğunu etiraf etməkdən çəkinmədilər.
Verilişin digər qonaqları, millət vəkili Sabir Rüstəmxanlı, ilahiyyatçı Hacı Şahin Həsənli, Elmlər Akademiyasının əməkdaşı Həyat Şəmi, yazar həmkarım Şərif Ağayar da, sağ olsunlar, faydalı müzakirə apardılar, sağlam mövqe sərgilədilər.
Zira, həm o verilişə qədər, həm çəkilişdə, həm də ondan sonrakı müzakirələrdə mənim mövqeyim BQP başqanı, Milli Məclisin üzvü Fazil Mustafa ilə Babəklə bağlı məsələdə kəskin toqquşur.
Fazil bəy xatirini çox istədiyim adamdır, təcrübəli siyasətçi, savadlı insandır. Ancaq mənim əziz dostum açıq və faktiki surətdə həm öz intellektinə xəyanət edir, həm də Azərbaycanın sekulyar dövlətçilik modelinə qarşı zərərli tendensiyaların müdafiəçisi kimi çıxış edir. Əks halda, ayrı vaxt onu topa tutan İran agenturasının nəzarətində olan saytlar Fazil Mustafanın söylədiklərini “etiraf” deyib öyməzdilər.
Dostlar, mən bədii səciyyə daşısa da, Babək haqqında bir kitab, onlarla məqalə yazmışam. İstər “Canlanma” tarixi metaromanını yazdığım ərəfədə, istərsə də ondan sonra Babəkin şəxsiyyətini, dövrünü, fəaliyyətini yetərincə araşdırmışam. İndi XXI əsrdir. Azərbaycan və Anadolu türkcəsinə, rus və ingilis dillərinə Babəkdən bəhs edən az qala bütün məxəzlər tərcümə olunub. Dünyanın ən müxtəlif ölkələrində onun haqqında yüzlərlə tədqiqat aparılıb, monoqrafiyalar, elmi məqalələr yazılıb. Sadaladığım dillərdə Babəkdən bəhs edən materialların böyük əksəriyyətini oxumuşam. Odur ki, təvazökarlıq etmədən deyəcəm, Azərbaycanda Babəklə bağlı əsaslı fikir söyləyə biləcək iki nəfər varsa, biri mənəm. O biri isə Fazil Mustafa deyil. Bunu həm də ona görə deyirəm ki, Fazil Mustafaya Facebook-da Babəklə bağlı 10 sual ünvanladım, tək bircəciyinə də cavab verə bilməyib, konyukturaya keçdi.
İndi gələk Babəkə.
Babəkin kim olduğunu, nə iş gördüyünü, yenilgisinin və qələbəsinin nədən ibarət olduğunu ərəb qaynaqlarındakı qərəzli təsvirlərdən və onu az qala kommunist elan edən sovet tarixşünaslığındakı subyektiv yanaşmalardan kənarda maraq edirsinizsə, o zaman gəlin, bir qədər fərqli yöntəmlə mövzuya girək.
838-ci ildən, yəni Babəkin edam olunduğu zamandan həmən sonrakı illərə, Azərbaycan deyil, Təbəristan coğrafiyasına gedək.
O zaman Təbəristan xilafətin tərkibindəydi, yerli hakim Məzyar, Abbasi xəlifəsi Mötəsimin bölgədəki canişini isə Tahirilər xanədanının nümayəndəsi idi. Məzyar soylu bir ailənin və yerli xalqların təmsilçisi kimi xilafətdən qətiyyən məmnun deyildi, ancaq xəlifəyə boyun əyməyə məcbur olmuşdu. Tahirilərlə isə heç yola getmirdi, vergiləri ona deyil, birbaşa xəlifəyə göndərirdi. Bu isə xilafətin idarəçilik üsullarına zidd olduğundan Mötəsim məcbur qalıb Məzyarın yanına xüsusi məmur göndərmişdi. Həmin məmurun görəvi vergiləri xəlifənin adından Məzyardan alıb Tahiri ailəsinə çatdırmaq idi. Canişin öz qəsrində gələn vergiləri sistemləşdirir, bölür, xəlifənin haqqını göndərirdi.
Doqquzuncu yüzilin başlarında Azərbaycan adlanan torpaqlarda Bəzz adlı bir qala, o qalanın ətrafında şəhər və kəndlər vardı. Ərəb qaynaqlarında “Bəzzeyn” deyə təsvir olunan bu ərazidə xürrəm inanclı insanlar yaşayırdı. Həmin xürrəmilərin lideri və Bəzz qalasının sahibi Cavidan idi. Cavidan sadəcə inanc baxımından yox, həm də hərbi-siyasi baxımdan lider olduğu üçün onun hakimiyyəti strukturlaşmışdı. 816-cı ildə Cavidanın hakim olduğu o dar bölgənin idarəçilik sistemində, daha səlis desək, iyerarxiyasında onun özündən sonra rəsmi şəkildə ikinci adam az sonra tarix səhnəsinə Babək kimi çıxacaq şəxs idi. Az sonra tarix səhnəsinə Babək kimi çıxacaq şəxs Cavidan dövründə Bəzz qalasının mühafizəsinə məsul olan sərkərdə, indiki dillə desək, qarnizon qoşunlarının komandiri idi. Məlumunuz, həmin il Cavidan digər bir xürrəmi lideri – Əbu İmran adlanan qonşu feodalla döyüşdü və yaralandı, üç-beş gün sonra öldü.
İşdə, tarixin gərdişinin dəyişdiyi gün də məhz bu günlərdir. Yaralı və ölüm yatağında olan Cavidanın varisinin kim olacağı sualı meydana çıxıb. Cavidanın o zaman yeniyetmə bir oğlu var, atasının varisi olmasına ən yaxın şəxs o görünür. Ancaq bu zaman bizim hələ də əsl adını bilmədiyimiz real siyasi və hərbi güc sahibi ilə Cavidanın dul arvadı arasında bir anlaşma əldə olunur. Biz onu da bilmirik ki, həmin qadın Cavidanın yeniyetmə oğlunun doğma, yoxsa ögey anası idi. Ancaq onu bilirik ki, Cavidanın oğul və ya oğulları vardı, hətta onlardan biri Afşinlə döyüşdə Babəkin bölük komandirlərindən biri olmuş, ərəblərə əsir düşmək təhlükəsi yaşamışdı.
Ancaq Cavidanın arvadı bəslədiyi şəxsi simpatiyaya rəğmən, təkcə emosional yox, həm də rasional bir qərar verərək Bəzzin qarnizon rəisi ilə evləndi. Əks halda, sonrakı zamanlarda dəfələrlə şahid olacağımız kimi, hakimiyyət ehtiraslı bir insan olan həmin qarnizon rəisinin nə yapacağı, hətta əlində olan gücdən yararlanıb Cavidan ailəsini məhv edib-etməyəcəyi də naməlumdur. Cavidan öldü və bir gün sonra onun arvadı mərhum ərinə tabe olan torpaq sahiblərini yığaraq məclis keçirdi. O bəyan etdi ki, Cavidanın ruhu qarnizon rəisinə keçib. Bu tənasüx iddiası qarnizon rəisinin həm həmin qadınla evlənməsini, həm də Cavidanın mənəvi, siyasi, hərbi varisi olaraq lider statusu əldə etməsini legitimləşdirirdi.
Məclis iştirakçıları bir az çək-çevir elədilər, amma sonda Cavidanın dul arvadı qarnizon rəisinə reyhan qanadı uzadaraq onunla nikaha girdi, xürrəmi başbilənləri də bu izdivacı alqışladılar, yeni liderin əlini öpdülər və ona tabe olmaq üçün and içdilər. Həmin törəndə əsl adı tarixə ancaq bir mənbədə “Həsən” olaraq düşmüş qarnizon rəisi BABƏK titulunu qəbul etdi. Beləliklə, uşaqlığında çobanlıq, yezidi kürd aşirətinin ağasına nökərçilik, ticarət karvanlarına bələdçilik etmiş,daha sonra Cavidan tərəfindən kəşf edilərək qalaya gətirilmiş, ancaq Azərbaycan coğrafiyasında doğulduğuna və böyüdüyünə kimsənin şübhə edə bilməyəcəyi bir şəxs Bəzzeyn bölgəsinin hakimi oldu. Yeni hakimin kimliyinə, tituluna, tarixdəki yerinə və roluna dəyinmədən öncə yuxarıda qeyd etdiyimiz məsələyə – Məzyara, xilafətə, xəlifəyə və canişinlərə dönək.
Babəkin ilk işi o oldu ki, o, Bəzzeyn ətrafındakı bütün ərəb istehkamlarını dağıtdı, bölgədə rastına çıxan xilafət canişinlərini və yanlılarını – müsəlmanları öldürməyə, əsir almağa başladı. Heç bir canişin, heç bir xilafət, heç bir xəlifə tanımadı.
Mən bu məqamda xürrəmilik və islam inanclarının məzmununu dartışmadan demək istəyirəm ki, əgər bir dinin daşıyıcıları əlinə silah alıb, başqa toplumlara və torpaqlara hücum edir və oranı öz dövlətinin parçası kimi görməyə başlayırsa, o zaman adı nə olur-olsun, o din din olmaqdan çıxıb, siyasi ideologiyaya çevrilir. Bu gün islam Azərbaycan cəmiyyəti üçün ənənəvi dindir, amma o zaman həm ənənəvi din deyildi, hətta bütün xilafətdə özünü müsəlman sayanların sayı ümumi əhalinin 20 faizini aşmırdı; həm də ideologiya səciyyəsi almışdı. Odur ki, Babəkin ərəblərə qarşı mübarizəsinə bu gündən yanaşdıqda ənənəvi islamın dəyərlərindən və sosial bazasının ovqatından çıxış etmək lazımdır.
Açıq və qətidir ki, ərəblər gətirdikləri dinin məzmunundan asılı olmayaraq, o zamankı Azərbaycan üçün yadelli və yad dinli idilər. Onların bugünkü İŞİD-dən, yaxud Azərbaycan torpaqlarını işğal etmiş ermənilərdən heç bir fərqi yox idi. Bu gün biz “Şuşanın, Laçının işğalı” deyirik, ermənilər isə 1992-ci ilin mayını Şuşanın, Laçının azad edilməsi kimi qeyd edir. Başqa sözlə, bu tipli məsələrdə işğalçının özünə nə deməyindən asılı olmayaraq, torpağın gerçək sahibinin mövqeyi önəmlidir.
Odur ki, Fazil Mustafanın Babəkin şəxsiyyətinə və tarixi missiyasına İŞİD zehniyyəti ilə yanaşması, fatehlik və islamın bəşəriliyi kimi ideolojik tezislərdən çıxış etməsi təkcə Azərbaycanın keçmişinə deyil, bu gününə, sabahına da sayğısızlıqdır. Bu gün dünya əhalisinin önəmli bir bölümü nəinki islamı, ümumiyyətlə, dörd səmavi kitabın heç birini qəbul etmir və demokratiya bizə “ötəkilər”in hüquq və azadlıqlarına tolerant davranmağı öyrədir. Bu tolerantlığa sahib olmayan islamçı isə artıq öz zehniyyətində İŞİD simptomları daşıyır.
Qayıdaq Babəkə. Mən Kərim Şükürovun timsalında o peşəkar tarixçilərin fikrini bölüşürəm ki, Babək ərəb qaynaqlarının və sovet propoqandasının elan etdiyi kimi üsyançı deyil, dövlət başçısı idi. Bütün ərəb və Babəkdən bəhs edən digər qaynaqlarda ondan bir hökmdar olaraq söz açılır. O özü də özünü bir hökmdar olaraq qələmə verir: ““Bəlkə də, mən bu gündən sonra çox yaşamadım. Amma mən hökmdar adını daşıyıram və harda olsam, yaxud mənim barəmdə harada nə danışsalar, yenə də mən hökmdar olaraq qalıram”.
Bir dövlətin ilk əlaməti sərhədlərinin olmasıdır. Orta əsrlərdə dövlət sərhədləri yeni çağda olduğu sayaq tikanlı məftillərlə deyil, hansı hakimin kimə tabe olması və kimə vergi verməsi ilə müəyyən edilirdi. Bu məntiqlə yanaşdıqda, görürük ki, Babək Həmədan, Təbriz, Ərdəbil, bir sözlə, Arazın o tayındakı bütün önəmli şəhər və qəsəbələrdə, qalalarda öz hakimiyyətini təsbit etmiş, onlardan VERGİ toplamış və bir dövlət üçün zəruri olan digər atribut – XƏZİNƏ formalaşdırmışdı. Babəkin vergi topladığını və xəzinə formalaşdırdığını heç bir kimsə təkzib edə bilməz. Söhbət o xəzinədən gedir ki, Babək əsir düşdükdən sonra Afşinin qardaşı o xəzinəni ələ keçirmiş, ancaq bu barədə xəlifə məlumatlandırılmamışdı. SonradanAfşinə qarşı irəli sürülən ittihamlardan biri də məhz bu olmuşdu.
Mən verilişdə də dedim, yenə təkrar edirəm. Babək sadəcə Arazın o tayındakı Azərbaycan torpaqlarına deyil, həm də bu tayındakı əraziləri öz dövlətində birləşdirmişdi. Aran, Şirvan, dağlıq bölgədəki Ağvan elləri və Sisakan yurdları onun hökmündə idi. Babəkin Alban çarı Vasaqın qızı ilə evlənməsini, Beyləqan hakiminin ona tabe olmasını, Səhl Sumbatın onu öz hökmdarı kimi qəbul etməsini, Bərdədən danışarkən Məsudinin Aranı “Babəkin ölkəsi” kimi təqdim etməsini təkzib etmək mümkün deyil. O da tarixi faktdır ki, Babək Arazın bu tayındakı bölgəyə nəzarət etmək üçün Rüstəm adlı bir canişin təyin etmişdi. Bütün bunları ümumiləşdirəndə yaranan qənaət odur ki, Babək Həmədandan Bakıya, Urmiyadan Göyçə gölünədək Arazın hər iki sahilini öz dövlətində bütünləşdirmişdi və onun dönəmində AZƏRBAYCAN deyəndə məhz bu ölkə nəzərdə tutulurdu.
Babəkin ordusu əlinə yaba almış kəndlilərdən ibarət deyildi. Onun peşəkar və müxtəlif qoşun növlərinə bölünmüş daimi döyüşçüləri vardı. Bu nizami orduya rəhbərliyi Tarkan adlı Marağa ətrafından olan xürrəmi həyata keçirirdi. Müasir dillə desək, Babək bir hökmdar olaraq ordunun Ali Baş komandanı, o isə Müdafiə naziri idi.
Bundan savayı, Babəkin dövründə məhkəmələr qurulduğu, zindan və cəlladların olduğu (onlardan birinin adı Nudnud idi), bir hökmdar olaraq özünün, ailəsinin və əsas istehkamı olan Bəzzin mühafizə qvardiyasının mövcudluğu bəllidir.
Fazil Mustafa onu da təkzib edə bilməz ki, Babək xarici elçilər qəbul edir və göndərir, diplomatik yazışmalar aparırdı. Onun qalasında, döyüşə girən ordularının başı üzərində AL BAYRAQ dalğalanırdı.
Elə bu anda yazımın bir qəzet səhifəsinin hüdudlarını aşdığının fərqinə vararaq, hörmətli dostuma Babəklə bağlı digər mübahisəli məqamlara girmədən sual etmək istəyirəm: Azərbaycan torpaqlarında doğulmuş, Azərbaycan torpaqlarında böyümüş, Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşmüş, Arazın hər iki tayındakı Azərbaycan ərazilərinə hökm etmiş bir insanı Siz hansı haqq və əsasla Azərbaycana aid şəxsiyyət saymazsınız? Siz yuxarıda sadaladığım, gərəkirsə, mənbələrdən bir-bir qarşınıza qoya biləcəyim çoxsaylı tarixi faktları hansı arqumentlə nəzərə almaya, bəzən Azərbaycan, bəzən də “Babəkin ölkəsi” adlanan coğrafiyada onun bir dövlət qurduğunu və hökmdar olduğunu təkzib edə bilərsiniz?
Teqlər: