Nobellərin Bakı imperiyası (davamı) – ARAŞDIRMA, FOTOLAR

Nobellərin Bakı imperiyası (davamı) – ARAŞDIRMA, FOTOLAR
  23 May 2013    Oxunub:6716
Füzuli Sabiroğlu

Əvvəli burada

Lüdviq Nobel öz xatirələrində yazırdı: “Mən doldurucu sistemi yaradanda çəlləkçilər mənə qarşı üsyan elədilər. Balaxanıdan Bakıya neft kəmərini çəkəndə isə onu məhv eləmək istəyirdilər. Mən ilk dövrlərdə kəməri qorumaq üçün mühafizəçilər saxlamaq məcburiyyətində qalmışdım. Neftin rezervuarlarda saxlanması sistemini yaradanda Nijni Novqorodda, Saritsında və Moskvadakı çəlləkdə neft saxlanılan anbarlar öz əhəmiyyətini itirdi. Yenə də yeni düşmənlər qazandım. Hətta mənim haqqımda şaiyələr yaymağa başladılar ki, guya mən tacqoyma mərasimi zamanı Moskvanı yandırmaq istəyirəm. Bizim yaratdığımız və heç amerikalılarda da olmayan neft doldurma sistemini olduğu kimi kopyalayan, əvəzində isə bizə heç bir patent ödəməyən Bakı milyonçuları indi bizim Şirkəti günahlandırırlar ki, onlar buna 4 milyon yox, 20 milyon rubl xərcləyiblər. Amerikada “Standard Oil” kompaniyası bu işə 100 milyon xərcləyib və orada heç kim onları günahlandırmır”.


Neftin daşınması zərurətindən Rusiyanın cənubunda dəmir yol şəbəkələri inkişaf etməyə başladı. Moskvadan Bakıya qədər uzanan dəmir yolu xətti Nobellərin ciddi maliyyə dəstəyi ilə tikilib başa çatdırıldı. Moskvadakı Kursk vağzalının tikintisi də Nobellərin xidmətidir.

Nobellərin Bakıda fəaliyyətə başlamasına qədər aqrar ölkə sayılan Çar Rusiyası Amerikadan ildə 50-70 min ton neft alırdısa, “Nobel qardaşları birliyi”nin fəaliyyətə başlamasından bir neçə il sonra Rusiya özü iri neft ixracatçısına çevrilmişdi.

Nobel qardaşları texnikanın təkmilləşdirilməsini, iqtisadi cəhətdən üstünlük qazanılmasını, nəqliyyat sürətinin artırılmasını kapital yığmaq rəqabətində qələbənin əsas amili hesab edirdilər. Bütün layihə işləri təcrübə zavodları, emalatxana və konstruktor bürolarındakı işləri, tədqiqat və nəticələri onlar son dərəcə məxfi saxlayır, sifarişləri əksər hallarda gizli yerinə yetirirdilər.

“Nobel qardaşları birliyi” özlərinin və Bakıdan aldıqları 1 milyard 426 milyon pud neft məhsullarını daxili və xarici bazarlara çıxarmışdılar. Onlardan 1 milyard 174 milyon pudu Xəzər dənizi və Volqa çayı ilə Rusiyaya, 252 milyon pudu isə Qara dənizdən dünya bazarlarına çıxmaq üçün Zaqafqaziya dəmir yolu vasitəsi ilə daşınmış və satışdan 868 milyon rubl əldə edilmişdi.

Nobellər nəinki neftin çıxarılmasında və neft məhsullarının dünya bazarına göndərilməsində, hətta ağ neft və sürtkü yağları istehsalı üzrə də birinciliyi əldə saxlayırdılar. 1879-1904-cü illər ərzində “Nobel qardaşları birliyi” 1 milyard 195 milyon pud neft emal etmişdi. Yerli sahibkarlar ağ nefti istehsal edəndən sonra yerdə qalan məhsulları dənizə axıtdıqları halda, Nobellər onları iri həcmli, dəyirmi rezervuarlarda saxlayır, satır və milyonlar qazanırdılar. Onların zavodlarında yalnız 1912-ci ildə 37,6 milyon pud yüksək keyfiyyətli neft məhsulları istehsal edilmişdi. Nobellərin boru kəmərlərilə ildə 65 milyon pud neft nəql edilirdi. Bu göstəricilər üzrə onların bərabəri yox idi.

Böyük düşmən

Kapitalist dünyasında böyük uğurlar təkcə böyük pullar yox, həm də böyük düşmənlər qazandırır. Qazandıqları bu uğurlar Nobelləri daha bir müharibənin iştirakçısına çevirdi. Bu, neft daşıyan tuluqçularla və ya kiçik çəllək anbarlarının sahiblərilə olan müharibəyə bənzəmirdi. Bu, iri neft kompaniyaları arasında başlamış və 30 ilə qədər davam edən neft müharibəsi idi. Bu müharibədə əsas tərəflər Nobel qardaşlarının neft imperiyası ilə Rokfellerin neft imperiyası idi.

Amerikalıların bazara müdaxiləsinin və monopoliyanın qarşısını almaq məqsədi ilə Nobel qardaşları güclü Ümumavropa Konsorsiumu yaratdılar. “Nobel qardaşları birliyi” eyni zamanda bu konsorsiumun həmtəsisçisi idi. Həmtəsisçilər sırasında Rotşild, iri ingilis maliyyəçiləri və İsveçin işgüzar dairələri də vardı. Rokfeller və onun “Standard Oil” kompaniyası xarici bazara sərt təcavüz siyasəti aparırdı. Buna görə də onlar Rusiya bazarını itirmələri ilə heç cür barışa bilmirdilər. Həmin dövrdə 70 min ton neft böyük bir həcm sayılırdı. Ancaq zaman keçdikcə Rokfeller başa düşdü ki, nəinki Rusiya bazarını, hətta Avropa bazarını da itirməyə başlayır. Beləliklə, müharibə daha sərt xarakter almağa başladı.

Şantajlar, provakasiyalar, sənaye şpionajları ilə müşayiət olunan bu müharibənin ən gərgin anlarında daha bir fiqur meydana çıxdı: Rudolf Dizel...

İdealist ixtiraçı

Sadəlövh və xəyalpərvər ixtiraçı kimi tanınan Rudolf Dizeli Nobellərlə yaxınlaşdıran da elə onun sadəlövh idealizmi idi. Nobellər heç zaman işgüzar məntiqlərini itirməsələr də, həlli real görünən xəyalların praktikada həyata keçirilməsindən çəkinmirdilər. Təbii ki, bu fədakarlığın arxasında həm də yeni gəlirlər əldə etmək ehtirası dayanırdı. Ancaq Dizel belə deyildi. O, insanlığa kömək arzusu ilə ən dahiyanə ideyalarını sadəlövhcəsinə sağa-sola səpələyirdi. Hətta tamamlanmamış kəşfləri haqqında mühazirələr oxuyur, sonra isə bu kəşflərin başqaları tərəfindən oğurlanmasına təəccüblənirdi. Bütün bunlara görə isə ona bir qəpik də olsun patent ödəmirdilər.

Dizelin kəşf etdiyi mühərriklər öz dövrünü çox qabaqlayırdı və onun əsl dəyərini insanlar 20-ci əsrdə anlayacaqdılar. Vətəni Almaniyada isə onun kəşf etdiyi mühərrikin neftlə işləməsi çoxlarını ona qarşı düşmən eləmişdi. Çünki belə mühərriklərin kütləvi istehsalı Almaniyanı onun düməni olan Rusiyanın neftindən asılı vəziyyətə sala bilərdi.

Dizel amerikalıları sevmirdi. O, naturaca idealist olduğundan Rokfellerin yeritdiyi siyasəti təcavüzkarlıq kimi qiymətləndirirdi. Ancaq onun amerikalılardan şəxsi küskünlüyü də vardı. O, hesab edirdi ki, amerikalılar onun kəşflərindən oğurluq yolla istifadə edirlər. Bu mənada Nobellərin fəaliyyəti onda simpatiya yaradırdı.

1896-ci ildə o, “Nobel qardaşları birliyi”nə rəhbərlik edən Emmanuel Nobellə eksklüziv razılaşma imzaladı. Emmanuel Dizelin təkmilləşdirilmiş mühərrikinin layihəsini yüksək dəyərləndirdi və Dizelə həmin dövr üçün çox böyük məbləğdə pul - 800 min marka verdi. Beləliklə bu mühərriklərin kütləvi istehsalına hazırlığa başlandı.

Ancaq onlar həyatın hansı sürprizləri hazırladığından xəbərsiz idilər. Bütün bu sürprizlərin əsası isə 8 il əvvəl qoyulmuşdu.

Hər şeyi dəyişən vəsiyyət

Hər şey 1888-ci ildə jurnalistlərin səhvi üzündən qəzetlərdə Alfred Nobelin vəfatı haqqında xəbərlərin yayımlanmasından başladı. Bu xəbərlərdə onun adı “qanlı milyonçu”, “partlayıcı ölüm alverçisi”, “dinamit kralı” kimi dəhşətli epitetlərlə xatırlanırdı. Bütün bunlar Alfredə bərk təsir etmişdi. O, bəşər tarixinə milyonların ölümünə bais olmuş cani kimi düşmək istəmirdi.Ancaq eyni zamanda daha böyük dağıdıcı gücə malik silah üzərində işləyirdi.

Onun düşüncələrinə görə bəşəriyyətə elə bir güclü silah vermək lazımdır ki, müharibə edən tərəflər sonda qalib tərəfin heç bir mənafe əldə edə bilməyəcəklərini anlasınlar. 1891-ci ildə öz vəsaiti hesabına təşkil etdi I Ümumdünya Sülh Konqresində dünyanın 17 ölkəsindən gəlmiş nümayəndələr qarşısında etdiyi çıxışda bu düşüncələrini verdiyi bəyanatla hamıya çatdırdı: “Orduların bir-birini saniyələr ərzində məhv etmək imkanı yarandığı gün bütün inkişaf etmiş millətlər müharibədən imtina edəcək və öz ordularını buraxacaqlar”.

Bu zaman Alfred Nobel patentləşdirilmiş 350 ixtiranın müəllifi, 93 zavodun sahibi idi. Onun varidatı 33 mln. İsveç kronu və ya 62 mln. funt sterlinqlə dəyərləndirilirdi.

Ölümünə 12 ay qalmış - 1895-ci il noyabrın 27-də o, öz mənşur vəsiyyətnaməsini hazırladı və imzaladı: “Mənim bütün daşınan və daşınmaz əmlakım icraçılarım vasitəsi ilə bazar qiymətinə satışa çıxarılsın. Əldə olunan məbləğ etibarlı bir banka qoyulsun. Qoyulan vəsaitdən gələn gəlir fonda məxsus olmalıdır və o hər il insanlığa daha böyük xeyir vermiş şəxslərə mükafat şəklində bölüşdürülsün. Göstərilən faizlər beş bərabər hissəyə bölünməli və belə paylanmalıdır:
Birinci - Fizika sahəsində ən vacib ixtira və kəşfin müəllifinə;
İkinci - Kimya sahəsində ən əhəmiyyətli kəşfi və ya təkmilləşdirməni edən şəxsə;
Üçüncü - Fiziologiya və ya tibb sahəsindəki ən vacib kəşfə;
Dördüncü - İdealist istiqamətdə ən gözəl ədəbiyyat əsəri yaradana;
Beşinci - millətlərin daha sıx birləşməsinə, quldarlığın ləğvinə və ya mövcüd orduların sayının azaldılmasına və sülh konqreslərinin təşkilinə yardım edənlərə...
Mənim xüsusi arzum isə bundan ibarətdir ki, mükafatlar təqdim olunarkən namizədlərin milliyyəti nəzərə alınmasın...”

Bu vəsiyyətnaməni imzalayanda Alfred Nobelin ağlına gəlmirdi ki, gələcəkdə dünyanın elmi və ictimai fenomeninə çevriləcək bu mükafat bir ildən sonra bəşəriyyətin taleyini dəyişəcək başqa bir elmi kəşfin həyata keçirilməsinə mane olacaq.

Pul davası

1896-cı ildə Alfred Nobel vəfat edəndə onun vəsiyyətnaməsinin üzə çıxarılması əsl partlayış effekti yaratdı. Bu vəsiyyəti yerinə yetirmək üçün “Nobel qardaşları birliyi”ndən Alfred Nobelə məxsus böyük bir məbləğin çıxarılması məsələsi yaranmışdı. Bəziləri Emmanuel Nobelə vəsiyyətin məhkəmə araşdırılmasına verilməsini təklif edirdilər. Ancaq başqa qohumlarından fərqli olaraq, Emmanuel bundan imtina elədi və söz verdi ki, əmisinə məxsus bütün sərvəti onun yaratdığı Fonda köçürəcək. Başqa qohumların iddiası əsasında İsveçdə bu məhkəmə bir neçə il davam elədi və varidatın bir qismi Nobel Fonduna köçürülmədi.

Alfred Nobelin vəsiyyətinin yerinə yetirilməsi “Nobel qardaşları birliyi”ni ciddi maliyyə çətinliyi ilə üz-üzə qoydu. Dizelin daxili yanma mühərriklərinin əvvəlcədən planlaşdırdıqları həcmdə istehsalı mümkünsüz oldu. Yalnız bir neçə ildən sonra nəzərdə tutulan həcmdə olmasa da, istehsala başlamaq mümkün olsa da, həmin sahənin inkişafıı xeyli ləngidi.

Beləliklə Alfred Nobelin insanlığa xidmət məqsədilə düşündüyü Fondun yaranması, bəşəriyyətin başqa bir böyük kəşfinin inkişafına mane oldu. Ancaq bütün bunlara baxmayaraq Rudolf Dizel Nobel mükafatı ideyasını dəstəkləyirdi. Emmanuel Nobelə yazdığı məktubunda o, özünəməxsus sadəlövhlüklə soruşurdu:” Nobel mükafatının mənə verilməsi mümkündürmü? Mənim pula ehtiyacım yoxdu, ancaq düşünürəm ki, mənim mühərrikimə bu mükafat verilərsə insanlar onun əhəmiyyətini daha dərindən dərk edər, onun bəşəriyyət qarşısında necə geniş üfüqlər açdığını başa düşərlər”.

Beləliklə, bəşər tarixində Dizel mühərrikləri erası başladı. İlk dövrlərdə buxarla işləyən gəmilər və qatar lokomotivləri bu mühərriklərlə təmin olundular.

Qara zolaq

Nobellərin müəssisələri dünya maşınqayırma sənayesinin liderliyinin bir addımlığında idi. Bakı nefti amili isə onların şansını ikiqat artırırdı.

Birdən-birə faciə və uğursuzluqlar dalbadal gəlməyə başladı. Bunlardan ən dəhşətlisi isə Rudolf Dizelin intiharı oldu.

Ancaq bəziləri bu “intihar”da ya Almaniyanın, ya da Amerikanın əli olmasından şübhələnirdilər. Bunu iddia edənlərin belə deməyə ciddi əsasları da varıydı. Almaniya həmin dövrdə Rusiya ilə müharibənin ərəfəsindəydi. Dizelin təkmilləşdirilmiş mühərrikləri isə Rus ordusunu praktik olaraq məğlubedilməz edirdi. Amerikalıların da öz maraqları varıydı. Nobellərin istehsal etdiyi Dizel mühərriklərinin təkmil variantlarının dünya bazarına çıxması Rokfellerin və hələ gənc amerika avtomobil sənayeçilərinin maraqlarını zərbə altında qoya bilərdi.

Bunlar hamısı fərziyyə olaraq qalsa da, unutmaq olmaz ki, kapitalizm aləmində bazarlara yiyələnmək üçün mübarizənin bütün üsullarından istifadə edirdilər. 1905-ci ildə Birinci Rus İnqilabı vaxtı Bakıda baş verən qarışıqlıqlarda bu mübarizənin ən iyrənc formalarından istifadə edən qüvvələr meydana çıxmışdı. Bolşeviklərin və eserlərin silahlı qrupları ilə yanaşı kimə xidmət etdikləri məlum olmayan bir çox silahlı dəstələr yaranmışdı.

Ən maraqlısı da odur ki, bu qruplar məqsədli şəkildə “Nobel qardaşları birliyi”ndəki finlərdən və isveçlilərdən ibarət olan və müqavilə ilə Bakıda çalışan ən yaxşı neft mütəxəssislərini güllələyirdilər. Nəticədə “Nobel qardaşları birliyi” ciddi kadr çatışmazlığı ilə üzləşmişdi.

1917-ci ildə Rusiyada baş verən Sosialist İnqilabı Nobellərin buradakı fəaliyyətinə son qoydu. 1918-ci ildə isə siyasi səbəblər üzündən Emmanuel Nobel Bakını tərk elədi. 1920-ci il aprel ayının 28-də Azərbaycanda Sovet Hakimiyyətinin qurulması ilə “Nobel qardaşları birliyi”nin 45 illik fəaliyyətinə son qoyuldu.

Qalereya




Teqlər:  





Xəbər lenti