Şərqin ilk Cümhuriyyəti

Şərqin ilk Cümhuriyyəti
  28 May 2013    Oxunub:1722
Bu gün Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 95 il keçir.
Azərbaycan xalqının özünüdərk prosesi 1918-ci ilin əvvəllərində pik nöqtəsinə çatmışdı. Maraqlıdır ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda gedən milli azadlıq hərəkatının əksər iştirakçıları hələ Azərbaycanın Rusiyadan ayrılmasını istəmirdilər. Rusiyada 1917-ci il inqilabından sonra müstəqillik məsələsi ortaya çıxdı.

Bununla belə, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və digər aparıcı rəhbərlər Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələrinin saxlanmasının tərəfdarı idilər. Belə bir fikir var idi ki, 1917-ci ilin fevral inqilabından sonra Rusiya federativ bir dövlət kimi fəaliyyət göstərəcək və Azərbaycan onun tərkibində qalmaqla mədəni muxtariyyət əldə edəcək. Bu fikri Milikov başda olmaqla Kadet partiyası irəli sürürdü və Müsavat partiyası da daxil olmaqla Azərbaycanda bir neçə siyasi partiya bu fikri dəstəkləyirdi.

Amma Rusiyada Leninin rəhbərliyilə bolşeviklər qısa müddətdə fəhlələri və kəndliləri öz tərəflərinə çəkə bildilər. Oktyabrın 25-də onlar hərbi çevriliş edərək hakimiyyətə gəldilər. Və göstərdilər ki, heç də Rusiyanın tərkibində olan xalqlara, o cümlədən Azərbaycana müstəqillik vermək fikrində deyillər.
Ümumrusiya Müəssislər Məclisi bolşeviklər tərəfindən qovulduqdan sonra onun Zaqafqaziyadan olan üzvləri- azərbaycanlılar, gürcülər və ermənilər bir araya gələrək, 1918-ci ilin fevralında Zaqafqaziya Seymini yaratdılar. Lakin yarandığı andan etibarən onların arasında ciddi fikir ayrılıqlarının olması mayın 26-da Gürcüstanın seymin tərkibindən çıxması və müstəqilliyini elan etməsilə nəticələndi. Bununla da Zaqafqaziya Seymi dağıldı. Yaranmış vəziyyətlə əlaqədar olaraq mayın 27-də seymin Azərbaycan fraksiyası fövqəladə iclas keçirdi və iclasda Milli Şuranın yaradılması haqqında qərar qəbul edildi, M.Ə.Rəsulzadə isə onun sədri seçildi. Ertəsi gün, mayın 28-də Milli Şura Azərbaycanın müstəqilliyini elan etdi və başda Fətəli Xan Xoyski olmaqla hökumət yaradıldı.

Bakı şəhəri Stepan Şaumyan başda olmaqla Xalq Komissarları Sovetinin əlində olduğundan milli hökumət bir müddət Tiflisdə fəaliyyət göstərməli oldu. İyun ayında isə Gəncəyə köçdü.

AXC müstəqilliyini elan etdikdən az sonra, iyunun 4-də Türkiyə ilə AXC arasında müqavilə bağlandı və bu müqavilə ilə Türkiyə AXC-ni tanıdığını bildirdi. Belə bir şəraitdə iyun ayının 12-də S.Şaumyanın əmri ilə Bakı Xalq Komissarları Soveti hərbi qüvvələri AXC-ni devirmək məqsədilə Gəncəyə doğru irəliləməyə başladı. Türkiyə özünün ciddi problemlərinin olmasına baxmayaraq, Nuru paşanın başçılığı ilə AXC-nin köməyinə gəldi. Birləşmiş Azərbaycan- türk qüvvələri Göyçay ətrafında iyunun 27-dən iyulun 1-dək davam etmiş dörd günlük gərgin döyüşdə Bakı Sovetinin qoşunlarını ağır məğlubiyyətə uğradaraq, onların Gəncə üzərinə yürüşünün qarşısını aldılar. Bunun ardınca Azərbaycan- türk qoşunları sentyabrın 15-də Bakını azad etdilər. Sentyabrın 16-da Türkiyə ilə AXC hökuməti arasında bağlanmış müqaviləyə əsasən türk qoşununun Bakını azad etməsi müqabilində Türkiyəyə 1 milyon lirə məbləğində neft, pambıq, yun və s. məhsullar göndərildi. Gündə 23 neft sisterni Batum vasitəsilə Türkiyə və Almaniyaya yola salınırdı.

1918-ci ilin oktyabr ayının sonlarında beynəlxalq aləmdə baş vermiş hadisələr AXC-ni daha bir ciddi sınaq qarşısında qoymuş oldu. Birinci Dünya Müharibəsində məğlub olmuş Türkiyə ilə Böyük Britaniya arasında oktyabrın 30-da bağlanmış “Mudros” müqaviləsinə görə, Türkiyə Zaqafqaziya, o cümlədən Azərbaycandan hərbi hissələrini çıxarmalı idi. Bu sazişə görə, Zaqafqaziya Böyük Britaniyanın nüfuz dairəsi elan olunurdu. İngilisləri daha çox Bakı nefti maraqlandırırdı. Bir faktı qeyd etmək yerinə düşər ki, ingilislərin general Tomsonun rəhbərliyi ilə noyabrın 17-də Bakını tutmasından sonra 1918-cu ilin dekabrından 1919-cu ilin avqustuna qədər Bakıdan 113,5 milyon rubl dəyərində 30 milyon pud (1 pud- 16 kiloqram) neft çıxarıldı. Bundan əlavə, ingilis döyüşçüləri sonradan Bakını tərk edərkən özləri ilə xeyli miqdarda qiymətli zinət əşyaları da aparmışdılar.

İri dövlətlərin Bakı nefti üzərində maraqları toqquşduğundan onlar AXC-yə qarşı kəskin təzyiqlər göstərirdilər. Bu və digər səbəblərdən 1920-ci ildə ölkədə vəziyyət xeyli dərəcədə pisləşmişdi. Neft mədənlərində işləyən fəhlələr xeyli müddət idi ki, maaş almırdılar. Qadınlar yeməyə bir şey tapa bilmədiklərini göstərmək üçün boş qazanları götürərək mitinqlərə çıxırdılar.

Siyasi səriştələri olmadığından hökumətə rəhbərlik edən şəxslər vəziyyətdən çıxış yolunu tapmaqda çətinlik çəkirdilər. Hökumət böhranının olması vəziyyəti daha da pisləşdirdi. Parlamentdə təmsil olunan fraksiyalar arasında bir sıra məsələlərdə ciddi fikir ayrılıqları yaranmışdı. F.X.Xoyskinin istefasından sonra heç kim yeni hökumətin təşkilini öz üzərinə götürmək istəmirdi. Eyni zamanda vaxt imkan vermədiyindən, AXC güclü ordunun yaradılmasına da nail ola bilmədi. Bunun nəticəsində də ölkə xarici müdaxilənin qarşısını almaqda aciz qalmışdı.
Son nəticədə köməksiz qalan və Rusiyanın böyük ordusuna qarşı müqavimət göstərə bilməyən AXC hökuməti 1920-ci il aprelin 28-də rus qoşunları tərəfindən devrildi. Azərbaycan parlamenti əhali arasında qan tökülməsinə yol verməmək üçün hakimiyyətin kommunistlərə verilməsi barədə qərar çıxardı.

Qısa vaxt ərzində fəaliyyət göstərdiyindən AXC bir çox işləri həyata keçirə bilmədi - konstitusiya qəbul olunmadı, güclü ordu yaradılmadı, iqtisadi böhran aradan qaldırılmadı, xarici dövlətlərlə əlaqələr yaratmaq mümkün olmadı. Fəaliyyəti dövründə AXC-nin ən böyük səhvi isə Azərbaycanın tarixi torpağı olan İrəvan xanlığının ərazisinin ermənilərə verilməsi oldu.

Amma bütün bunlara baxmayaraq, AXC-nin yaranması və fəaliyyəti dövrü, ümumiyyətlə, Şərqdə belə bir demokratik respublikanın yaradılması Azərbaycan tarixinin çox şanlı bir səhifəsini təşkil edir.


Teqlər:  





Xəbər lenti