Azərbaycanı parlaq gələcəyə aparan yol...

Azərbaycanı parlaq gələcəyə aparan yol...
  14 May 2015    Oxunub:1349
Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub. 2003-cü ildən indiyədək həyata keçirilən islahatlarla Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlılığını təmin edən müasir sığorta-pensiya sistemi formalaşdırılıb.
Dünya iqtisadiyyatında mürəkkəb və çətin proqnozlaşdırılan dəyişikliklərin baş verdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü bir dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin sürətli artımı ölkəmizdəki iqtisadi-sosial inkişafın birbaşa nəticəsidir ki, bunu da hər bir ölkədə olduğu kimi sığorta-pensiya sisteminin göstəriciləri özündə adekvat əks etdirir.

Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada, bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi, ilk növbədə, hər bir insanın Konstitusiya hüquqlarının müdafiəsini nəzərdə tutur.

Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Eyni zamanda dövlətin sosial siyasəti - sosial sferada müəyyən məqsədlər güdən, konkret tarixi şəraitlə əlaqələndirilən, zəruri təşkilat və təbliğat cəhdləri, maliyyə vasitələri ilə dəstəklənən və müəyyən mərhələli sosial nəticələri nəzərdə tutan dövlət fəaliyyətidir.

Ötən illər ərzində Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, respublikamızın qoşulduğu beynəlxalq konvensiyalar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaradıb, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoyub.

Ölkəmizdə həyata keçirilən pensiya-sığorta siyasəti aparılan fəal sosial siyasətin nəzəri-praktik aspektlərinin tədqiqini tələb edir. Azərbaycanın sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin müasir əsaslala təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında sığortaolunanların elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş və avtomatlaşdırılmış qaydada pensiya təyinatının tətbiqi xüsusi qeyd olunmalıdır. Belə ki, Fond tərəfindən istifadəyə verilən sığortaolunanların müasir məlumatlandırılması sistemi istənilən sığortaolunana Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı yaradıb ki, bu da sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işə götürənlər üzərində ictimai nəzarətin təşkilinə yardım edib, həm də avtomatlaşdırılmış pensiya təyinatının reallaşdırılmasını təmin edib.

Fondun 2013-cü ildən tətbiq etdiyi Çağrı mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses isə cəmi bir neçə dəqiqə vaxt aparır.

Bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin böyük əksəriyyətini əhatə edir. Vahid sığorta-pensiya sisteminin kifayət qədər əhatəliliyinin təmin edilməsi hesabına, hazırda, Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 273 270 nəfər pensiyaçı və 2 milyon 47 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

Həmçinin ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi, yəni baza hissəsinin artırılmasında istehlak qiymətləri indeksinin illik səviyyəsinın nəzərə alınması, sığorta hissəsinin isə istehlak qiymətləri indeksinə uyğun indeksləşdirilməsi mövcud maliyyə imkanlarının əmək pensiyaçıları arasında ədalətli bölgüsünə imkan verib.
Beləliklə, ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanılıb. Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artıb. Bu modelin uğurlu tətbiqi, eləcə də Azərbaycan Respublikası Prezidenti tərəfindən sığorta-pensiya sistemində maliyyə dayanıqlığının qorunmasını və islahatların davam etdirilməsinin diqqət mərkəzində saxlanılması dünyada davam edən maliyyə böhranı şəraitində belə ölkəmizdə pensiya proqramlarının vaxtında və tam icra edilməsinin başlıca təminatçısı olub.

Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar Beynəlxalq Sosial Təminat Assosiasiyasının diqqət mərkəzindədir. İslahatların mühüm həlqəsi kimi 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə nail olunub. Hazırda pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99,0 %-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,4 %-nin pensiyasının plastik kartla ödənilməsi təmin olunub. Bu məqsədlə ümumilikdə 527 bankomat qurularaq istifadəyə verilib. Bu göstərici üzrə Azərbayan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur. Bunların nəticəsi kimi, 2004-cü ilin sentyabrında ölkəmiz Beynəlxalq Sosial Тəminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə isə Assosiasiyanın “Avropa şəbəkəsi” nin rəhbəredici komitəsinin üzvü seçilib.
2009-cu ilin mart ayında Afina şəhərində BMТ-nin İnkişaf Proqramının Şərqi Avropa və Orta Asiya ölkələrində demokratik idarəetmənin formalaşdırılmasına həsr edilmiş toplantısında Dövlət Sosial Müdafiə Fondunun işinin xüsusi təqdimatı olub və sonradan həmin təqdimat BMТ-nin vebsaytında geniş işıqlandırılıb.

Azərbaycan pensiya və sosial təminat layihəsinin icrasına nəzarət etmək məqsədilə 2009-cu ilin noyabrında ölkəmizdə olmuş Dünya Bankı missiyasının rəsmi məlumatında Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi və Fondun beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyi əks etdirilib.

Ötən il də DSMF Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvü kimi fəaliyyətini uğurla davam etdirib. 2014-cü ilin oktyabr ayında Bakı şəhərində DSMF-nin ev sahibliyi ilə BSTA-nın “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq seminarının təşkil olunması Azərbaycan Respublikasında sığorta-pensiya sistemində aparılan islahatlar, bu sferada informasiya və kommunikasiya texnologiyalarının, elektron xidmətlərin tətbiqi təcrübəsinin diqqətə alınmasının göstəricisidir.

Ümumiyyətlə sosial sığorta nədir?

Sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə fondlaşdırılır. İşçinin əməyinin dəyəri təkcə əmək haqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür. Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əmək haqqına üstəlik adlandırılır və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir.

Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir.
Təəssüf ki, bir sıra hallarda bəzi ekspertlər bunu vergi ilə qarışıq salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar. Halbuki, həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri baradə bir az tanışlıq kifayətdir.

Ölkəmizin sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Belə olan şəraitdə əmək haqqına üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə, fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olaraq gələcək pensiya təminatına mənfi təsir göstərir.

MDB və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycanın ən aşağı dərəcə tətbiq edir. Son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25%, Böyük Britaniyada 2%, Almaniyada 4,2%, İtaliyada 8,2%, Kanadada 4%, ABŞ-da 1,6%, Yaponiyada 1%, Rusiyada 8% və s. qaldırılıb. Sosial sığorta normativinin strukturunun optimallaşdırılması üçün təkliflər hazırlanır.

DSMF rəsmilərinin fikrincə, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürən və işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əmək haqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır.

Sosial ayırma ilə verginin fərqi?

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, bu gün vətəndaşlar arasında sosial ayırmalarla vergilər arasında fərq tam olaraq anlaşılmır. Onun sözlərinə görə, əksər hallarda işçilər və ya vətəndaşlarımız sosial ayırmanı vergi ilə eyniləşdirirlər: “Təbii ki, sosial ayırma və vergi hər ikisi məcburi ödənişlər olsa da, kifayət qədər fərqli xüsusiyyətləri var. Əgər vergi dövlətin maliyyə imkanlarının genişləndirilməsi, bütövlükdə sosial və digər siyasətin həyata keçirilməsi üçün maliyyə resusları ilə təminatı özündə ehtiva edirsə, sosial ayırmalar vergidən fərqli olaraq vətəndaşın artıq bu ayırmalar hesabına pensiya vaxtında öz sosial təminatını təmin etməyə hesablanan ayırmalar, ödənişlərdir. Vergilər cari maliyyə ilində ödənilir və onlar dövlət büdcəsi vasitəsilə xərclənir.

Sosial ayırmaların mövcud qanunvericiliyə əsasən fəlsəfəsi ondan ibarətdir ki, sosial ayırmalar ödənilən zaman onun heç də hamısı cari xərclər üçün istifadə olunmur. Hal-hazırda pensiya qanunvericiliyinə əsasən vətəndaşlar həm öz əmək haqqısından, eləcə də işə götürən əmək haqqı fondundan sosial ayırma edir. Əmək haqqı fondundan edilən ayırmalarından işçi öz əmək haqqısından 2-3 faiz sosial ayırma həyata keçirir ki, bütövlükdə əmək haqqı fondu daxil olmaqla sosial ayırmalar 25 faizdir”.

Ekspert bildirib ki, mövcud prinsiplərə əsasən ödənilən sosial ayırmaların 50 faizi vətəndaşın fərdi hesabına yığılır və pensiya yaşına çıxan zaman pensiya məqsədi üçün istifadə ediləcək. Digər 50 faizi isə cari xərclər üçün istifadə olunur: “Azərbaycanda yeni pensiya konsepsiyası təsdiq edilib. Həmin pensiya konsepsiyasında pensiya ayırmaların artıq növbəti mərhələdə 100 faizinin həmin ayırmanı ödəyən işçinin şəxsi uçot hesabına yığılması və tamamilə sonradan pensiya yaşına çıxan zaman ona geri qaytarılması nəzərdə tutulur. Bu baxımdan əslində mövcud qanunvericilik praktik olaraq işçilərin sosial ayırmalar ödəməsini stimullaşdırır. Nəzərə alsaq ki, pensiya konsepsiyasında pensiyanın baza hissəsinin ləğv edilməsi və pensiya məbləğlərinin daha çox sosial ayırmalar hesabına formalaşdırılması nəzərdə tutulub. Bu o deməkdir ki, işçi nə qədər vəsait ödəyəcəksə, həmin vəsaiti tam şəkildə pensiyaya çıxdıqdan sonra dövlətdən geri almaq imkanına malik olacaq.

Bu baxımdan sosial ayırma əslində işçinin dövlətə verdiyi bir borcdur. Dövlət həmin borcu işçi əmək qabiliyyəti zəifləyən zaman, pensiya yaşına çatan zaman həmin vətəndaşa qaytarır. İşçi nə qədər çox sosial ayırma edirsə, daha yaxşı səviyyədə pensiya yaşına çatan zaman öz sosial təminatını öncədən təmin etmiş olur. Bu baxımdan sosial ayırmalar yalnız dövlətin fizikal və maliyyə siyasətini həyata keçirməsi, eləcə də sosial hədəflərə nail olması baxımından, ümumiyyətlə daha çox işçinin gələcəkdə öz sosial təminatını təmin edilməsi baxımından vacibdir. İşçilərin işlədiyi yerdə əmək müqavilələrinin bağlanmasına daha diqqətli olması, əmək haqqılarının tam şəkildə əmək müqavilərində əmək haqqı məbləğlərinin əks etdirilməsinə nail olunmasına ehtiyac var. Əmək müqavilələrinin bağlanması yalnız dövlət üçün əhəmiyyətli deyil. Eyni zamanda məhz həmin müqavilənin bağlandığı işçi üçün əhəmiyyətlidir. Əmək müqaviləsi olmadan sosial ayırma olmur, sosial ayırma yoxdursa, əmək pensiyası olmur, əmək pensiyası yoxdursa, demək həmin işçi pensiya yaşına çatan zaman öz sosial təminatını təmin etməkdə, öz xərclərini qarşılamaqda müəyyən çətinliklərlə üzləşmə riski var. Ona görə də əmək qabiliyyətli olan vaxtlarda vətəndaşların birmənalı şəkildə işlədiyi yerdə əmək müqavilərinin bağlanmasını tələb etməsi olduqca vacibdir. Çünki bu imkan verir ki, həmin işçinin sosial vəziyyətini pensiya yaşına çıxan zaman az öncədən təmin etmək mümkün olsun”.

V.Bayramov sosial ayırmaları sığorta yastığına bənzədib: “Əgər sosial ayırma ödəyiriksə, qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi ilə işləyiriksə, o zaman bizim həmin yastığımız olacaq. Əgər əmək müqaviləsi olmadan, sosial ayırmalar ödəmədən işliyəcəyiksə, o zaman bu yastıq olmayacaq. Biz pensiya yaşına çıxan zaman sosial yastıq olmadan yaşamalı olacayıq. Hər bir işçi əmək qabiliyyətli olduğu zaman məhz pensiya yaşında ona veriləcək sosial sığorta yastığı haqqında düşünməlidir. Həmin sığorta yastığının formalaşması isə birbaşa əmək müqavilərinin bağlanması və sosial ayırmaların vaxtında ödənməsindən ibarətdir. Sosial ayırmaların həyata keçirilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir. Bu gün sosial ayırmlara ödənilən hər bir qəpik bizim gələcəkdə pensiya yaşında yaşayışımız üçün yatırılan bir sərmayədir. Bu baxımdan hər bir qəpiyin qədrini bilməliyik. Bunu etməliyik ki, artıq pensiya yaşına çatanda kifayət qədər geniş sərmayəyə malik olan bir pensiyaçı olaq”.

Qeyd: Yazı Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır" mövzusunda müsabiqəsinə təqdim edilir.

Anar Rüstəmov


Teqlər:





Xəbər lenti