Nağdsız ödənişlərə niyə keçə bilmirik? - TƏHLİL

Nağdsız ödənişlərə niyə keçə bilmirik? - TƏHLİL
  10 İyun 2013    Oxunub:1902
Ölkədə nağdsız ödənişlərdən istifadənin genişlənməsi zərurəti özünü getdikcə daha sərt şəkildə göstərir. Odur ki, bu istiqamətdə görülən işlər sürətlənməkdədir. Müvafiq hökumət qurumlarının məsələ ilə əlaqədar təkliflər hazırlaması və bunları əlaqəli şəkildə həyata keçirməyə cəhd göstərilməsi deyilənlərə sübutdur.

Ötən şərhimizdə yazmışdıq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu sahədə təkliflər paketi hazırlayıb. Təkliflərin konkret nədən ibarət olduğu bəlli olmasa da söhbətin əsasən, qeyri-nağd ödənişləri stimullaşdırmaqdan getdiyi və bu məqsədlə vergi güzəştlərinin tədbiq ediləcəyi, nağd əməliyyatlara məhdudiyyətlər qoyulacağı aydın idi. Bu yaxınlarda adı çəkilən qurumdan verilən məlumat da bunu təsdiq edib. Belə ki, AMB sədrinin birinci müavini Alim Quliyevin sözlərinə görə, ölkədə banklara məxsus plastik kartlar vasitəsilə həyata keçirilən ödənişlərdən əlavə dəyər vergisi tutulmaya bilər.

O, eyni zamanda əlavə edib ki, AMB-in ölkədə qeyri-nağd ödənişlərin payını artımaq məqsədilə dövlət başçısının tapşırığı ilə müvafiq nazirlik və dövlət orqanları ilə birgə hazırlanan təkliflər paketində internet və elektron vasitələrlə edilən bəzi növ alqı-satqıların gömrük yığımlarından azad olunması da nəzərdə tutulur.

Ancaq məsələ bundadır ki, görüləcək işlər təkcə stimullaşdırıcı tədbirlərdən ibarət olmamalıdır. Bunun üçün müvafiq infrastruktur yaradılmalı, maarifləndirmə işi aparılmalı, inzibati yollardan da istifadə edilməlidir. Çünki inkişaf etmiş ölkələrdə nağdsız ödəmələr böyük çəkiyə malik olsa da, bizdə belə deyil. Ona görə də dövlət başçısı hər dəfə bu məsələyə toxunur.

Bir az əvvəl, iqtisadi məsələlər üzrə Dövlət müşaviri Vahid Axundov da nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə Prezident Administrasiyasına təkliflər göndərildiyini bildirmişdi.
Vergilər naziri Fazil Məmmədov da irəliləyişə nail olmaq üçün xüsusi vergi güzəştləri hazırladıqlarını və fevralın sonunda Administrasiyaya təqdim etdiklərini söyləmişdi.

Buna baxmayaraq, bəzi məsələlər, xüsusən də ölkədə qeyri-nağd ödənişləri stimullaşdırmaq məqsədilə həyata keçirilməli olan güzəştlərin buildən Vergi Məcəlləsinə daxil edilən və qüvvəyə minən məlum dəyişikliklər sırasına salınmaması və bunların daha da işlənilməli olduğu əsas gətirilərək, gələnilə saxlanması anlaşılmazlıq doğurdu. O baxımdan ki, qeyri-nağd ödənişlərin vergi bazasının genişlənməsi üçün başlıca şərt sayıldığı və ölkəmizi bu sahədə Avropaya çatdırmaq istənildiyi yaxşı məlumdur.

Nağd əməliyyatlara qarşı sərt məhdudiyyətlər qoymaq lazım gəlmədiyi fikri də düzgün deyil. “Bu mühiti tədricən formalaşdırmaq lazımdır. Vaxt keçdikcə, belə tədbirlərə ehtiyac qalmayacaq. Biznes özü nağdsız ödənişlərə keçəcək”,– deyə iqtisadi məsələlər üzrə Dövlət müşaviri V. Axundov qeyd edib.

ABŞ başda olmaqla, bir çox Avropa ölkələrində nağdsız ödənişlər 90-95% təşkil etdiyindən, əslində, ilkin mərhələdə vergi güzəştlərindən əvvəl nağd, xüsusən də iri məbləğlərdə hesablaşmalarda sərt tədbirlərə getmək bəlkə, daha vacibdir. Bura bahalı avtomobillərin, o cümlədən mənzillərin alış-verişi və sair daxildir. Bu, dövriyyədəki nağd pul kütləsinin strukturunu da yaxşılaşdıra bilər.

Ölkəmizdə hazırda ümumi ödənişlərdə qeyri-nağd hesablaşmaların payı cəmi 6-7% təşkil edir ki, buna vergidən yayınma, kölgə iqtisadiyyatı, ölkə vətəndaşlarının elektron ödənişlərin səmərəsi barədə məlumatsızlığı və sair təsir edir. Sonuncu barədə qeyd edək ki, dövlət başçısı da çıxışlarının birində bizdə maaş və pensiyaların əksəriyyətinin plastik kartlarla verilməsinə toxunaraq pensiyaçıların pensiyalarını dərhal gedib, terminaldan çıxardıqlarını vurğulamışdı. “Nəyə görə? Çünki bu, birinci növbədə psixoloji bir məsələdir. Buna bir növ öyrəşmək lazımdır”,– deyə, dövlət başçısı əlavə etmişdi.

Halbuki, plastik kartlar nağdsiz hesablaşmalar üçün ən ümdə vasitədir. Ölkədə bu sahədə müvafiq infrastruktur da yaxşı səviyyədədir. Söhbət, bankomatların və POS-terminalların olmasından getmir. Müxtəlif internet portalları, hətta bu sahədə ayrıca “Dövlət ödənişləri portalı” mövcuddur ki, hazırda bundan yalnız kommunal ödənişləri həyata keçirmək üçün deyil, fiziki və hüquqi şəxslər də istifadə edə bilərlər. Portalın imkanlarının genişləndirilməsi üçün nazirliklər və digər strukturlarla birgə iş aparıldığı deyilir.

Bütün bunlara rəğmən, təkrar edirik ki, inzibati yol da vacibdir. Və hazırda hazırlanmaqda olan elektron ödənişlər barədə qanun layihəsi bu mənada mühüm rol oynaya bilər. Qanunun Milli Məclisin payız sesiyasında müzakirəyə çıxarılacağı gözlənilir.

Ümumiyyətlə, bu sahədə müvafiq hüquqi-normativ bazanın yaradılması olduqca vacib sayılır ki, nağd ödənişlərə məhdudiyyətlər də bizcə, burada əksini tapmalıdır. Həmin məhdudiyyətlər isə bayaq qeyd etdiyimiz ki, əhali tərəfindən iri məbləğdə olan məsələn, bahalı avtomobillərin, mənzillərin alış-verişinə, o cümlədən müxtəlif təsərrüfat subyektləri arasında nağd ödənişlərə tədbiq oluna bilər...

Əks təqdirdə, yalnız stimullaşdırıcı tədbirlərlə ümumi ödənişlərdə qeyri-nağd hesablaşmaların payını 6-7 %-dən ən çox 20%-ə qaldırmaq mümkün olacaq.



Pərviz Heydərov


Teqlər:  





Xəbər lenti