Çürüyən ailə modelimiz

Çürüyən ailə modelimiz
  31 Yanvar 2013    Oxunub:1397
İradə Cəlil

Son zamanlar artan boşanmalar, uşaq intiharları, erkən evliliklər, ailədaxili zorakılıqlar Azərbaycan ailəsinin əvvəlki çəkiyə malik olmadığını göstərir. Əvvəllər “ailə” dedikdə, müqəddəs, ali bir status nəzərdə tutulurdu. İndiki dövrün ailələrinin əksəriyyətinin ömrü çox qısa olur. Bu səbəbdən də, “filankəs evləndi”, “filankəs ailə həyatı qurdu” deyəndə də, qorxa-qorxa deyirik. Bilirik ki, uzağı 1-2 ildən sonra bu ailə ya dağılacaq, ya da dağılacaq. Nədir bütün bunlara səbəb? Niyə Azərbaycan ailəsi bu qədər dəyərsizləşib?
Mütəxəsislərin fikrincə, “əvvəlki ailə modeli yoxdu” demək düzgün deyil. Amma hazırkı ailə modeli çox dəyişikliklərə uğrayıb. Biz hər zaman fəxr edirdik ki, Azərbaycanda başqalarına nümunə ola biləcək unikal ailə modeli var. “Unikal model” deyəndə əsasən ailədaxili münasibətlər - ağsaqqal, ağbirçək öyüd-nəsihətinə qulaq asmaq, ailədə ata-ana, övladalar arasında münasibətlər, qarşılıqlı hörmət münasibətləri nəzərdə tutulurdu. Bu gün də bu münasibətlər müəyyən qədər qalmaqdadır. Amma əlbəttə ki, zaman da öz sözünü deyir. Xüsusən də müasir dövrdə inteqrasiya prosesləri, qloballaşma gəənclərin davranışlarında özünü göstərir.
Statistikaya görə, 2010-2011-ci illə müqayisədə nikahların sayı təxminən 0,8, boşanmaların sayı isə, 0,2 faiz artıb. Mütəxəsislər boşanmalar zamanı fəsadlar yaşamamaq üçün nigah müqaviləsinin önəmli olduğunu hesab edirlər. Lakin nikah müqaviləsi “mental” məsələ olduğundan, bəzi Azərbaycan ailələri bunu qəbul etmək istəmirlər. Nikah müqaviləsinin məcburi olmaması boşanmalardan sonra ən çox qadınlar üçün problem yaradır. Çox zaman qadın ailəsi dağıldıqdan sonra körpəsi ilə küçələrdə qalır. Nikah bağlanarkən isə qız evi müqavilə tələb etməyə utanır, oğlan evi bu addımı atmağa cəhd belə göstərmir.
Tarixə nəzər salsaq görərik ki, əgər Avropa ölkələrində nigah müqaviləsi XVI-XVII əsrlərə təsadüf edirdisə, Azərbaycanda daha əvvəllərə gedib çıxır. Əvvəllər hər iki tərəfin ağsaqqalları oturub bu məsələləri müzakirə edərdi. Nə verəcəklərini, nə alacaqlarını yazar, imzalayardılar. Sonra boşanma baş verərdisə, bütün məslələr o ağsaqqalların sözüylə tənzimlənərdi. O zamanlar bu sözə “kişi sözü” deyərdilər. Amma zaman keçdikcə, təəssüflər olsun ki, nə əvvəlki “kişi”lər qaldı, nə də həmin kişilərin sözləri.
Bu gün gənclərin əksəriyyəti ailəyə “ailə” kimi deyil, alqı-satqı, alver kimi baxırlar. Qızlar ailə qurarkən oğlanın maddi imkanlarına önəm verir, oğlanlar isə çalışır ki, ailə quranda çox xərcə düşməsinlər.
Məncə ailə sevgi, hörmət üzərində qurulmalıdır. Əgər ailədə bu dəyərlərə deyil, maddi imkanlara üstünlük verilirsə, zaman keçdikcə qadın kişinin malına çevrilir. Yəni əgər bir kişi pulu ilə qadının bütün istəklərini həyata keçirməyi bacarırsa, bir müddətdən sonra kişi qadına “onsuz da mənimdir” prinsipilə yanaşır. Və ailə dəyərləri maddi imkanların altında əzilir. Bilmirəm nədəndir, çox zaman fikir vermişəm, maddi imkanları üstün olan ailələrdə kişilər ailəyə xəyanət etdiyi kimi qadınlar da bu addımı atmaqdan çəkinmir. Yəqin siz də blə hadisələrin şahidi olmusunuz. Bu da ondan irəli gəlir ki, ailədə ən başlıcası HÖRMƏT çatışmazlığı olur. Nə kişi qadının duyğularını, nə də qadın kişinin adını düşünmür.
Maddi imkanları olan ailələrdə kişi xəyanətini qadın bağışlayıb, unutduğu kimi, qadın xəyanətini də kişi bağışlayıb unuda bilir. Belə ailələrin mövcudluğu bir daha Avropaya addım atdığımızı, avropalaşdığımızı sübut edir. Amma nə yazıq ki, biz Avropanı filmlərdən, internet saytlarından öyrənirik. Əgər bu qədər Avropaya meyilli insanlarıqsa, nədən Avropalıların qanun olaraq qəbul etdiyi nikah müqaviləsini mental məsələ hesab edirik? Niyə nikah müqaviləsi tələb etməyə utanırıq? Belə çıxır ki, biz ancaq hər şeydə bizə sərf edəni mənimsyirik. Eləcə də avropalaşmağı...
Gəlin, Avropa dəyərlərindən uzaq olaq, özümüz olaq. “Mən azərbaycanlıyam” deməkdən utanmayaq. Dəyərlərimizi unutmayaq. Ən əsası da ailə dəyərlərimizi. Bəlkə avropalaşmayaq, Avropaya nümunə olaq... ən azından, ailə məsələlərində...


Teqlər:  





Xəbər lenti