Parlament nədir? - Tarixi arayış

Parlament nədir? - Tarixi arayış
  01 Noyabr 2015    Oxunub:13560
Bu gün dünyanın əksər ölkələrində parlament sistemi mövcuddur. Adları müxtəlif olsa da, parlamentlərin funksiyası bütün ölkələrdə oxşardır. Bu söz fransız dilindəki “parler” sözündən yaranaraq danışmaq mənasını verir. Lakin maraqlıdır ki, bu termin başqa dillərə fransız deyil, ingilis dilindən keçib. Bu da İngiltərə parlamentində işçi dilin uzun müddət fransız dili olması ilə izah edilir.

Struktur etibarilə müasir parlamentlər bir və iki palatalı olur. Tarixdə 3 və 4 palatalı parlamentlərə də rast gəlinir (CAR, Fransa). Lakin bu tip parlamentlərin fəaliyyəti uzun sürməyib. Çünki çoxpalatalı sistem qanunun qəbul olunması prosesini uzadır, bürokratiya dərinləşir və operativlik azalır. Buna görə də 21-ci əsrdə parlamentlər maksimum 2 palatadan ibarətdir. Aşağı palata qanun layihəsini işləyib hazırlayır. Burada qəbul edilmiş qanun layihəsini yuxarı palata təsdiq etməlidir.

İslandiya parlamenti tarixdə ilk belə qurum hesab edilir. Altinq (Ümumi yığıncaq) adlanan bu hakimiyyət orqanı 930-cu ildə yaradılıb.

Avropada digər bir köhnə qanunverici orqan isə Böyük Britaniya parlamentidir. 1215-ci ildə Böyük Azadlıqlar Xartiyası (Magna Charta) qəbul edildikdən sonra kralın hakimiyyəti məhdudlaşır, ardınca isə Böyük Şura təsis edilir. 1240-cı ildə isə bu şura Parlament adlanır. Parlamentdə ingilis dilindən istifadə isə 14-cü əsrin ikinci yarısında başlayır. Seçki sistemi və ərazilər üzrə deputatların sayı 1430-cu ildə müəyyənləşir.
Fransada ilk parlament tipli qurum 1278-ci ildə təşkil edilmiş Paris parlamentidir. 15-ci əsrdə Tuluza, Marsel kimi böyük şəhərlərin də öz parlamentləri meydana çıxır. Sonrakı əsrlərdə müxtəlif adda qanunverici orqanlar ortaya çıxsa da, müasir formalı Fransa parlamenti 1789-cu il Böyük Fransa İnqilabından sonra ortaya çıxıb. Hazırda 2 palatadan (Senat və Milli Məclis) ibarət olan parlamentin fəaliyyəti 1958-ci il konstitusiyası ilə tənzimlənir.

Almaniyada parlament 1871-ci il konstitusiyası ilə təsbit edilmiş Reyxstaq idi. İkinci Dünya Müharibəsindən sonra Almaniyanın parçalanması parlamentin də fəaliyyətinə mənfi təsir edib. Bundestaqa ilk seçkilər 1949-cu ildə baş tutub. Parlamentin yuxarı palatası Bundesrat adlanır və 69 üzvü var.

Rusiyada isə ilk parlament 1907-ci ildə fəaliyyətə başlayıb. 1917-ci ildə fevral inqilabından sonra Duma buraxılır. Sovet dövründə bu funksiyanı SSRİ Ali Soveti həyata keçirir. Bununla yanaşı, hər müttəfiq respublikanın özünün də ayrıca ali soveti fəaliyyət göstərib. 1993-cü ildə konstitusiya islahatından sonra Rusiyada Duma bərpa olunur. Eyni zamanda yuxarı palata sayılan Federasiya Şurası da təsis edilir. Hər iki palata birlikdə Rusiya Federasiyasının Federal Məclisi adlanır.

Azərbaycan Respublikasının parlamentçilik ənənəsi 100 ilə yaxındır. Milli parlamentimiz mürəkkəb tarixi dövrdə meydana gəlib. 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirildi. Mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 müsəlman nümayəndəsi toplanaraq Azərbaycanın idarə olunmasını öz üzərinə götürdü. Parlament cəmi 17 ay fəaliyyət göstərib. Bu dövr ərzində 145 iclas keçirib. İlk iclas 1918-ci il dekabrın 7-də, sonuncu isə 1920-ci il aprelin 27-də olub.

Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan da 230-u təsdiq edilib. Azərbaycan parlamenti tarixə Şərqdə ilk parlament kimi düşüb. Sovet dövründə isə ölkəmizdə parlament funksiyasını Azərbaycan SSR-in Ali Soveti həyata keçirib.
Sovet dövründə və müstəqilliyin ilk illərində Ali Sovet adlanan parlament 1995-ci ildən etibarən Azərbaycan Respublikasının Milli Məclis adlanır. Qanunverici hakimiyyət funksiyasını yerinə yetirən Milli Məclisə ilk seçkilər 1995-ci ilin noyabrn 12-də keçirilib. Bu dövlət qurumuna seçkilər hər 5 ildən bir keçirilir. Beşinci çağırış Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək. (Secki-2015.az)


Teqlər:  





Xəbər lenti