11 il əvvəl baş vermiş qətlin üstü açıldı - Təfərrüat

11 il əvvəl baş vermiş qətlin üstü açıldı - Təfərrüat
  18 Mart 2016    Oxunub:3230
Bu gün tanınmış vəkil Adəm Məmmədov 11 il əvvəl Bakıda qəfil itkin düşən sahibkar Elsevər Əliyevin qətlə yetirilməsi faktının aşkar edilməsi barədə mətbuat konfransı keçirib.
Vəkil bildirib ki, E.Əliyev 2005-ci il iyulun 8-də itkin düşüb: "2005-ci ildə faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elsevər Əliyevin ətrafındakı bəzi şəxslər istintaqa dəvət edilərək ifadəsi alınıb, amma saxlanılan olmayıb. O vaxt Binəqədi rayon prokuroru olmuş, hazırda barəsində məhkəmə hökmü ilə 7 il şərti cəza kəsilən Mirələkbər Seyidov və prokurorluğun müstəntiqi Elşən Əliyev cinayətin üstünün açılmasında maraqlı olmayıb və istintaq materialına əlavə ediblər ki, guya Elsevər Əliyev Azərbaycanı tərk edərək İrana gedib. Elsevər barəsində axtarış elan edilib və bununla da cinayət işinin istintaqı dayandırılıb".

A.Məmmədov deyib ki, həmin vaxt Bərdə rayonu ərazisində yandırılaraq doğranmış meyit tapılıb və bu barədə Binəqədi rayon prokurorluğuna məlumat verilib. Lakin prokurorluq meyitin ekspertizasını təşkil etməyib. 2015-ci ildə vəkil A.Məmmədov məsələ ilə bağlı Bakı şəhər prokurorluğuna müraciət edib və cinayət işinin istintaqı yenidən başlayıb. Prokurorluğun müstəntiqi Kamran Məmmədov həmin vaxt tapılmış naməlum meyitin genetik ekspertizasını təşkil edib və məlum olub ki, həmin meyit 2005-ci ildə itkin düşmüş E.Əliyevdir.

Vəkil deyib ki, E.Əliyev itkin düşənə qədər Sahibə Həsənova adlı şəxslə biznes şəriki olub. Hadisədən sonra isə E.Əliyevin avtomobili S.Həsənovanın evinin qarşısında tapılıb. S.Həsənova faktla bağlı Binəqədi rayon prokurorluğunda ifadə versə də, cinayətdən xəbəri olmadığını bildirib. E.Əliyev, həmçinin S.Həsənova ilə qeyri-rəsmi münasibətdə olub: "Ötən il mən Xoşqədəm Hidayətqızının ANS telekanalında apardığı “Sən tək deyilsən” verilişində ekspert qismində çıxış edərkən Sahibə Həsənovanın qızı Gülxar Sadıqova verilişə müraciət edərək Elsevər Əliyevin ölümündə anası Sahibə Həsənovanı günahlandırıb. Bildirilib ki, Elsevər Əliyev Gülxar Sadıqovanın həyat yoldaşı Vüqar Şirinov və anası Sahibə Həsənova tərəfindən qətlə yetirilib. Onun ifadəsindən sonra cinayət işi yenilənib. Bakı şəhər prokurorluğunda aparılan istintaq müddəti dövründə on il bundan əvvəl Bərdədə tapılan meyitlə bağlı genetik ekspertiza keçirilib. Ekspertiza 3 ay əvvəl keçirilib və meyiti tapılan şəxsin Elsevər Əliyev olduğu aydınlaşıb”.

A.Məmmədov bildirib ki, hüquqlarını müdafiə etdiyi dünya çempionu Azad Məmmədovun cinayət işində isə S.Həsənova zərərçəkən şəxs qismində tanınıb: “Həmin cinayət işi üzrə digər zərərçəkmiş və şahidlər ərizə ilə yenidən müraciət edərək bildiriblər ki, Sahibə Həsənova onlara təzyiq edib ki, əgər siz Azad Məmmədovun əleyhinə ifadə versəniz, sizə borclu olduğumuz pulları qaytaracağıq".

Vəkil bildirib ki, sonradan ona məlum olub ki, E.Əliyevin ölümündə adı hallanan S.Həsənova vəkil Elçin Sadıqovun anasıdır və qətl hadisəsinin izinin itirilməsi üçün E.Sadıqov müxtəlif şəxslərdən istifadə edib.

O deyib ki, S.Həsənovanın qızı G.Sadıqovanın ifadəsindən sonra istintaq təzələndiyi halda, həmkarı E.Sadıqov bacısının ruhi xəstə olduğunu iddia edib. Amma G.Sadıqova bununla bağlı ekspertizadan keçirilib, tam sağlam olduğu üzə çıxıb: "Elsevər Əliyev xüsusi amansızlıqla öldürülüb. Onun meyiti doğranıb və yandırılıb. Mənim hüquq-mühafizə orqanlarına müraciətim ondan ibarətdir ki, cinayət işi obyektiv aparılsın, əməliyyat tapşırıqları Dövlət Təhlükəsizliyi Xidmətinə verilsin".

Konfransda çıxış edən İsmayıl Əliyev də 2003-cü ildə oğlu Elsevər Əliyevin S.Həsənova ilə işbirliyinə başladığını bildirib: “Sonradan onların qeyri-rəsmi münasibəti də olub. Elsevərin Sahibənin bir neçə cinayətindən xəbəri olduğu üçün onu öldürüblər".

AzVision.az


Teqlər:  





Xəbər lenti