Xarici dil üzrə kadr potensialı olmadıqda...

Xarici dil üzrə  kadr potensialı olmadıqda...
  18 İyul 2013    Oxunub:1021
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə xarici dillərin tədrisi ilə bağlı bəzi məlumatları açıqlayıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 2013-2014-cü tədris ili üçün təsdiqlənmiş tədris planına edilən qeydlərə əsasən, Azərbaycanın ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.

Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I sinifdən başlanır.

Tədrisi I sinifdən başlanan xarici dil uşağın məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir.

Xarici dilin (dillərin) tədrisi üçün məktəbdə müvafiq pedaqoji kadr potensialının və maddi-tədris bazanın olması zəruri şərt hesab edilir.

Nəzərdə tutulan bir neçə xarici dil tədris olunan məktəbdə övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir.

Valideynlərin (digər qanuni nümayəndələrin) seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər. Bu halda bir neçə hal nəzərə alınmalıdır. Bu hallar həmin sinfin nəzərdə tutulmuş qayda üzrə 2 qrupa bölünməsi, bu qrupların bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi, məktəbdə həmin xarici dillərin hər biri üzrə ən azı iki nəfər müəllimin olması və s-dir.

Plana əsasən, ümumtəhsil məktəblərinin ümumi orta və tam orta təhsil səviyyələrində tədris olunan fənlərin siyahısına ikinci xarici dil daxil edilib. İkinci xarici dilin tədrisi 2012-2013-cü dərs ilindən etibarən V siniflərdən başlayıb.

Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir.

İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə əməkhaqqı mövcud qaydada ödənilməklə digər təhsil müəssisələrindən müəllim dəvət oluna bilər.

I və V (birinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə qətiyyən yol verilmir.

Xarici dil (dillər) üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda ibtidai siniflərdə xarici dilə ayrılan saat ana dilinin (tədris dili) tədrisinə verilir. V-VI siniflərdə xarici dilə ayrılan saatlar hər birinə 1 saat olmaqla ana dili (tədris dili), "Ədəbiyyat" və "Riyaziyyat" fənlərinin tədrisinə verilir.

VII-XI siniflərdə xarici dilə ayrılan saatların digər fənlərin tədrisinə verilməsi (hər birinə 1 (bir) saatdan artıq olmamaq şərtilə) məsələsi məktəb pedaqoji şurasının qərarına əsasən həll edilir.

Bu halda həmin fənlərdən ixtisaslı pedaqoji kadrların olması nəzərə alınır. İkinci xarici dilə ayrılan saat əsas xarici dilin öyrənilməsinə, ümumiyyətlə xarici dil keçilməyən məktəblərdə isə "Texnologiya" fənninin tədrisinə verilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti