Sankt-Peterburq görüşü baş tutarsa – Gözləntilər nədir?

Sankt-Peterburq görüşü baş tutarsa – Gözləntilər nədir?
  14 İyun 2016    Oxunub:5317
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcəyi gözlənilir. Görüşün baş tutacağı hər iki ölkənin dövlət rəsmiləri tərəfindən təsdiqlənməyib. Açıqlamalarda bildirilib ki, həmsədr ölkələrin təşəbbüsü ilə prezidentlərin növbəti görüşü ilə bağlı iş aparılır.

Bu yaxınlarda Rusiya XİN-dəki mənbənin yaydığı məlumata görə, Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər.



Dəqiq vaxt məlum olmasa da, Rusiya tərəfindən bildirilib ki, prezidentlərin üçtərəfli görüşü iyun ayının sonlarına planlaşdırılıb.

Məsələyə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün təşkili istiqamətində iş gedir. Peskov, həmçinin deyib ki, belə görüşlərin keçiriləcəyi istisna edilmir: “Prezidentlərin Sankt-Peterburq görüşü rəsmi təsdiqini tapan kimi əlavə məlumat veriləcək”.

ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Ceyms Uorlik də iyunun sonunda Dağlıq Qarabağ münaqişəsi üzrə görüşün keçiriləcəyini təsdiq edib. Lakin, görüşün harada keçiriləcəyi barədə heç bir söz deməyib: “Hazırda görüşün detallarını bilmirik, lakin təsdiq edə bilərik ki, görüş iyunun sonunda olacaq. Ümid edirəm ki, tərəflər may ayında Vyanada əldə edilmiş razılaşmaları müzakirə etməyə davam edəcəklər”.

Siyasi analitiklərin fikrincə, prezidentlərin Sankt-Peterburq görüşü Qarabağ danışıqları üçün mühüm əhəmiyyət kəsb edə bilər.

Görüş baş tutarsa, Azərbaycanın gözləntiləri nədir?

Politoloq Qabil Hüseynli hesab edir ki, iyun ayına planlaşdırılan görüşünün Rusiyada baş tutması böyük anlam daşıyır: “Vyana görüşündə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri öz nəzarətindən qaçıra bilmişdi. Yəni, ABŞ bu məsələyə sürətli həmlə etmişdi. Amma, indi yenidən münaqişənin “açarlarını” Rusiyanın cibində görürük. Almaniya kansleri Angela Merkelin ifadəsində də bunu gördük”.



Q.Hüseynli qeyd edib ki, Rusiyanın davranışları barədə birmənalı fikir demək çətindir: “Rusiya iddia edir ki, Kazan görüşlərinə uyğun olaraq 5 rayonun geri qaytarılması Lavrov planı şəkilində masa üzərində olacaq. Bu isə o deməkdir ki, Rusiya danışıqları nikbin nota kökləmək istəyir. Eyni zamanda bəzi mətbuat səhifələrində Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü barədə eyhamlar vurulur. Görünən odur ki, Rusiya tərəfinin bizdən umacağı var”.



Millət vəkili Rasim Musabəyov isə hesab edir ki, görüşün baş tutub-tutmaması barədə danışmaq hələlik tezdir: “Rusiya xarici işlər nazirliyi belə bir təşəbbüslə çıxış edib. Təşəbbüsün Azərbaycan və Ermənistan prezidentləri, digər həmsədr dövlətlər tərəfindən qəbul olunması, masada hansı məsələlərin müzakirə olunması açıqdır”.

Prezidentlərin növbəti görüşünün Sankt-Peterburqda keçirilməsinə gəlincə, R.Musabəyov deyib ki, bu addım Rusiyanın maraqlarından irəli gəlir: “Rusiya istəyir ki, görüşə Fransanın xarici işlər naziri və ABŞın dövlət katibi gəlsin. Onların isə buna meyilləri yoxdur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti