`Sovetski`də memarlıq abidəsi yoxdur – Tanınmış memar

`Sovetski`də memarlıq abidəsi yoxdur – Tanınmış memar
  11 İyul 2016    Oxunub:19397
“Yazıçılar əsərlərini yazı ilə, memarlar isə tarixi binalarla yazırlar”

“10 ildir ki, Rusiya vətəndaşlığından imtina edirəm”

Azərbaycan Memarlar İttifaqının sədr müavini, sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əliyev AzVision.az-ın suallarını cavablandırıb.

Qeyd edək ki, Elçin Əliyev 18 sentyabr 1967-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakultəsini fərqlənmə diplomu ilə bitirib. E.Əliyevin “Bakı şəhərinin mərkəzi hissəsinin sosial-fəza həlli” adlı diplom layihəsi 1989-cu ildə Moskva şəhərində keçirilən Beynəlxalq müsabiqədə birinci dərəcəli mükafata layiq görülüb. Eyni zamanda Əliyev yeganə azərbaycanlı memardır ki, Rusiya Pravoslav Kilsəsinin mükafatına da layiq görülüb.

Ümumrusiya Patriarxı II Aleksiy Moskva şəhərində yerləşən iqamətgahında E.T.Əliyevi şəxsən qəbul edib və özünün 7 iyul 2002-ci il tarixi sərəncamı ilə onu Rus Pravoslav Kilsəsinin təsis etdiyi Birinci dərəcəli Müqəddəs Sergiy Radonejskiy ordeni ilə təltif edib.



-Bu yaxınlarda Bakının Zirə kəndində yeni məscid istifadəyə verilib. Açılışda ölkənin birinci xanımı da iştirak edib. Bildiyimizə görə həmin məscidin memarı sizsiniz. Bu haqda danışmaq istərdik. Məscid hansı üslubda tikilib?.

-Məscid Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilib. İdeyası vaxtilə iş adamı Aydın Qurbanov tərəfindən verilmişdi. O, rəhmətə gedəndən sonra oğlu Səməd Qurbanov ideyanı gerçəkləşdirmək qərarına gəldi və bununla bağlı 4-5 il əvvəl mənə müraciət etdi.

-Bizdə olan məlumata görə, siz məscidlə yanaşı, sinaqoq da tikməyə hazırlaşırsınız. Hazırda bu layihə nə yerdədir?

-Hazırda layihə üzərinə işləyirəm. Nəticəsi çox gözəl olacaq. Qeyd edim ki, sakral istiqamətdə olan sifarişlərim çox olmasa da, var. Məsələn, Rus Pravoslav Kilsəsini, 7-8 il bundan öncə Alban icmasına məxsus kilsəni, bundan başqa bir məscidi bərpa etmişəm. Eyni zamanda katolik kilsənin də müəllifiyəm.

Layihə Bakıda baş tutacaq?

-Bəli.



-Memarlıq abidəsini yaratmaq üçün həmin ərazinin, xalqın tarixi haqqında müəyyən bilgiyə sahib olmaq vacibdir. Fikrinizcə, Bakıda fəaliyyət göstərən memarlar bu şərtlərə əməl edirlərmi?

- İtalyan memar Renta Pianonun belə bir sözü var: “Yazıçılar əsərlərini yazı ilə, memarlar isə tarixi binalarla yazırlar”. Hər bir bina yerləşdiyi yerin tarixini göstərməlidir. Təəssüf ki, nə əcnəbi, nə də yerli memarlarımız bu şərtlərə əməl edirlər. Nümunə kimi Qış Bulvarını göstərə bilərik. Şəmsi Bədəlbəyli, 21 ünvanında gözəl binalar var idi. Onların hamısını sökdülər. Bu, memarların məsuliyyətsizliyindən irəli gəlir. Layihə hazırlayırsansa, mütləq həmin əraziyə baş çəkməlisən. Mən yüz faiz bilirəm ki, Qış Bulvarının memarı orada tarixi binaların olduğunu görsəydi, söküntüyə icazə verməzdi.



-Son günlər “Sovetski”də tarixi binaların sökülməsi ilə bağlı məsələlər həm mətbuatın, həm də ictimaiyyətin diqqət mərkəzindədir. Sökülən binaları memarlıq baxımından necə dəyərləndirirsiniz?

-Mətbuatda bu haqda çoxlu məlumatlara rast gəlirəm. Yazırlar ki, filan memarlıq abidəsi söküldü, filan bina dağıdıldı. Hesab edirəm ki, “Sovetski”də memarlıq abidəsi yoxdur. Orada cəmi 5-6 gözəl bina var. Amma hansısa memarlıq elementlərinə görə binanı saxlamaq düzgün deyil.

“Sovetski”nin dəfələrlə şəkillərini çəkmişəm. Bir memar kimi görüntülərə baxanda oradakı binaların tarixi abidə, yaxud sıradan qədimi bina olduğunu ayırd edə bilirəm. Necə ola bilər ki, kiçik bir yerdə 135 memarlıq abidəsi olsun? Bu rəqəmlər real deyil.



-Nədənsə, Azərbaycan memarları Bakıda həyata keçirilən böyük layihələrdə iştirak etmirlər. Bunun səbəbi nədir?

- Şəhərimizin ən gözəl binlarının layihələrinin hazırlanmasını əcnəbi memarlara həvalə edirlər. Biz çox vaxt memar kimi deyil, dizayner kimi fəaliyyət göstəririk. Hesab edirəm ki, açıq müsabiqə olmalıdır, əcnəbi memarlarla bərabər bizim təkliflərimiz də nəzərə alınmalıdır.

Sizi inandırıram ki, yerli memarların əksəriyyəti xaricilərdən yaxşı işləyir. Sovet memarlıq məktəbi mükəmməl idi. Bu məktəbi bitirən memarlar hər sahə üzrə işləyə bilirdilər. Xaricdə isə memarlar birtərəfli fəaliyyət göstərirlər. Eyni zamanda onlar Bakı üçün layihə hazırlayanda Azərbaycana gəlmirlər. Sadəcə olaraq əcnəbi memarlar öz ölkələrində olan texnologiyaya arxalanırlar. Müasir memarlığın 90-%-i isə texnologiyadan ibarətdir. Bu texnologiyalar da bizim ölkəmizdə yoxdur.



- Qeyd etdiyiniz kimi, məscidlə yanaşı, kilsə layihəsi də vermisiniz. Rus Pravoslav Kilsəsinin bərpasına qədər kilsə ilə tanışlığınız var idimi? Sizin üçün kilsə layihəsi üzərində işləmək çətin deyildi?

- Layihəyədən öncə rus kilsələrinə getməmişdim. Bilirdim ki, kilsələrin öz qanunları var. Buna görə də sfarişçilər mənim üçün xüsusi təyyarə ayırdılar. Layihə ilə əlaqədar Rusiyanın böyük şəhərlərində yerləşən kilsələrə baş çəkdim. Bundan əlavə kilsə ilə bağlı ədəbiyyat üçün mənə vəsait ayrıldı. Məlumatları toplayandan sonra işə başladım. Layihə 5 il ərzində həyata keçirildi.



- Ümumrusiya Patriarxı II Alekseylə görüşünüz olub. Görüşlə bağlı təəssüratlarınız nədən ibarətdir?

- Onunla iki dəfə Moskvada görüşümüz olub. II Aleksey gördüyüm işlərə görə mənə orden təqdm edib. Hətta mənə Rusiya vətəndaşı olmaq hüququ da verib. Hər il mənə zəng edirlər ki, Rusiya vətəndaşı olmaq istəyirsinizmi? Artıq 10 ilə yaxındır ki, “yox” deyirəm.

-Əcnəbi memarlardan kimlərin əl işlərini bəyənirsiniz?

-Mənim ən sevdiym memarlardan bir Santyaqa Kalatravadır. O, İspan əsilli məşhur memardır. İnanıram ki, haçansa Bakıda Kalatravanın memarlıq işi olacaq.

-Bizim üçün maraqlıdır, sizin yaşadığınız ev necədir? Orada memarlıq ornamentləri varmı?

-Təəssüf ki, yox. Adi binada yaşayıram. Biz memarlarla bir neçə il bundan öncə yığışıb fikirləşdik ki, özümüz üçün gözəl bir layihə reallaşdıraq. Ancaq bu layihə hələ də alınmayıb. Bütün hallarda sadəliyə üstünlük verərdim.



Şahanə Rəhimli
Foto: Elvin Abdulla



Teqlər:  





Xəbər lenti