İşğal olunan torpaqlarımız bu il azad ediləcək?

İşğal olunan torpaqlarımız bu il azad ediləcək?
  14 İyul 2016    Oxunub:4051
Rusiya İctimai palatasının üzvü, politoloq Sergey Markov bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların intensivləşməsi yaxın vaxtlarda münaqişənin həlli ilə bağlı ciddi sıçrayışa səbəb olacaq.
Onun sözlərinə görə, dünya liderlərinin tez-tez görüşməsi və danışıqlar aparması nəticəsində Ermənistan sərhədlərinin açılmasının əvəzinə Azərbaycan torpaqları işğaldan azad oluna bilər.

“Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri azad edəcək və bu il ilk Azərbaycan ailəsi dağıdılmış evlərinə qayıda biləcəklər”, - Markov deyib.



Ekspert hesab edir ki, diplomatik əlaqələrin aktivləşməsi bundan xəbər verir ki, real və intensiv danışıqlar gedir. “Tezliklə tərəflər arasında müqavilə imzalanacaq, sadəcə sülh razılaşmasının detalları müzakirə edilir”, - Markov vurğulayıb.

Ekspert həmçinin qeyd edib ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə normallaşma prosesinin başlamasından sonra rəsmi Ankara da hazırki prosesdə müsbət amilə çevrilə bilər.

Politoloq Elman Nəsirov hesab edir ki, Markovun fikirlərini müəyyən mənada əsaslandırılmış mövqe kimi qəbul etmək olar:

“Sergey Markov mülahizələri əslində havadan götürülməyib. O, hadisələrin son gedişini izləyir. Eyni zamanda onun Kremlə yaxın olduğu barədə məlumatlar var. Belə olan vəziyyətdə Markovun fikirlərini müəyyən mənada əsaslandırılmış mövqe kimi qəbul etmək olar. Doğrudur, bu mövqe 100 faiz düz gəlməyə bilər, amma bu fikirlər müəyyən təhlillərin nəticəsidir”.



E.Nəsirov bildirib ki, Rusiyanın münaqişənin həlli ilə bağlı göstərdiyi aktivlik Ermənistanda böyük təşvişlə qarşılanır: “Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ərəfəsində səfir Vladimir Doroxin belə bir fikir bildirdi ki, bu səfər prezident Vladimir Putinin Bakıya nəzərdə tutulan səfərinə hazırlıq məqsədi daşıyır. Eyni zamanda Putinin Bakıya səfəri zamanı Rusiya və Azərbaycan müasir silahların satışı ilə bağlı yeni müqavilə imzalanacaq. Nəzərə alsaq ki, Rusiya 200 milyon dollarlıq kredit əvəzində Ermənistana silah-sursat satışı ilə bağlı müqaviləni bu günə qədər yerinə yetirməyib. Belə bir reallıq fonunda isə Rusiya Azərbaycanla yeni müqavilə imzalayacaq. Bütün bunlar Ermənistanda böyük vahimə ilə qarşılanmaqdadır. Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarovanın dediyi kimi Lavrovun heç yerə əliboş getmədiyini nəzərə alsaq, o, Bakıya son səfəri zamanı konkret təkliflərlə gəldi. Lavrov Bakıda verdiyi bəyanatda vurğuladı ki, münaqişənin həlli ilə bağlı proseslər daha yaxşı mərhələdə inkişaf etməkdədir. Yəni, prosesdə dinamizm hiss olunmadadır. Bütün bunları təhlil etdikdən sonra Markovun əsassız olmadığı, yəni müəyyən məntiqə söykəndiyinin fərqinə varmaq elə də çətin deyil”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti