`Qafqaz` universiteti bəyanat yaydı

`Qafqaz` universiteti bəyanat yaydı
  18 Yanvar 2017    Oxunub:2594
`Qafqaz` Universiteti təhsil ocağının ləğv edilməsi ilə bağlı bəyanat yayıb.
Universitetin mətbuat xidmətindən AzVision.az-a daxil olan bəyanatda bildirilir ki, `Qafqaz` Universiteti təsisçisi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin qərarı əsasında ləğv edilir.

"Təsisçi tərəfindən təşkil edilən Ləğvetmə Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun proses idarə edilir və bu çərçivədə 18 yanvar 2017-ci il tarixində rəsmi qəzetdə elan verilib.

`Qafqaz` Universitetində hal-hazırda tədris fəaliyyətləri fasiləsiz davam etdirilir, qış imtahan sessiyasının gedişində heç bir problem yoxdur.

Məlumat üçün bildiririk ki, tələbələrimizin təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem yaranmayacaq.

`Qafqaz` Universitetində təhsil alan tələbələrin böyük əksəriyyəti yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrdir və bu tələbələrimizin və valideynlərinin narahatlığına heç bir səbəb yoxdur.

Ləğv edilən `Qafqaz` Universiteti haqqında tərəfimizdən verilən bu məlumat xaricində heç bir rəsmi qaynağa istinad etməyən məlumatlar əsassızdır və etibar edilməməlidir", - bəyanatda vurğulanır.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti