Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

 Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir
  10 Noyabr 2020    Oxunub:2060
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərimizə qarşı həyata keçirilən növbəti “fişinq” kampaniyasını qeydə alıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, “Facebook”, “Instagram” və digər sosial şəbəkələrdə “Azərbaycan vətəndaşlarını əbədi olaraq dəyişdirəcək elan” başlığı altında saxta elanlar yerləşdirilir. Məqsəd istifadəçilərin diqqətini cəlb edərək zərərli keçidlərə daxil olmağa sövq etməklə onları “tələ”yə salmaqdır.

"Belə ki, elanda göstərilən keçidə (sites.google.com) daxil olan istifadəçidən anket forması doldurması istənilir və bunu edən istifadəçilər zərərli saytlara yönləndirilir. Bu saytlara daxil olduqda istifadəçinin cihazına “zərərli proqramlar” (adware) yüklənilir və cihazı yoluxur. Daha sonra bu proqramlar istifadəçinin fərdi məlumatlarını toplayır və kibercinayətkara ötürür.

Vətəndaşlardan xahiş olunur ki, sosial mediada maksimum diqqətli davransınlar, qarşılarına “pop-up” menyular şəklində çıxan saxta elanlara keçid etməsinlər və elanın sağ küncündə yerləşən üç nöqtə (...) üzərinə klik etməklə şikayət etsinlər.

Həmçinin bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər", - deyə qurum bəyan edib.

Azvision.az


Teqlər: NRYTN  





Xəbər lenti