Elmira Süleymanova məcburi köçkünlərin şəraitindən danışdı

Elmira Süleymanova məcburi köçkünlərin şəraitindən danışdı
  22 May 2014    Oxunub:1323
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi nümayəndəsi Çaloka Beyaninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, E.Süleymanova məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə tez-tez səfərlər etdiyini, Azərbaycanda qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi və təmini sahəsində böyük dəyişikliklərin olduğunu, çadır düşərgələrinin ləğv edildiyini, habelə yeni qəsəbələrin salındığını vurğulayıb.

Müvəkkil Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqına və məcburi köçkünə çevrilmiş bir milyondan artıq soydaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülmüş tədbirləri diqqətə çatdırıb, lakin bu insanların doğma yurd yerlərinə qayıtması hələlik problem olaraq qaldığını vurğulayıb.

Ç.Beyani səfərdə məqsədinin məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə əlaqələndirməni həyata keçirməkdən, bu insanların vəziyyətinə beynəlxalq ictimaiyyətin diqqətini artırmaqdan ibarət olduğunu deyib. BMT Baş katibinin nümayəndəsi məcburi köçkünlərin repatriasiyası, doğma yurd yerlərinə qayıdışı, onlara əhalinin digər kateqoriyaları ilə münasibətdə bərabər hüquq və imkanların yaradılması prizmasından yanaşılmalı olduğunun zəruriliyi ilə bağlı Müvəkkilin fikirlərini dəstəkləmiş, bu məsələlərin önəm kəsb etdiyini söyləyib.

Görüşdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Məcburi Köçkünlər üzrə Bölməsinin nümayəndəsi Marie-Eve Friedrich və BMT QAK-ın Azərbaycandakı nümayəndəsi D.Sigurdson müşayiət ediblər.



Teqlər:



Xəbər lenti