Hidrogen: Gələcəyin enerjisi | VİDEO

      Hidrogen:    Gələcəyin enerjisi   | VİDEO
  17 Dekabr 2024    Oxunub:1152
Ətraf mühitin çirklənməsi kimi qlobal problemin həlli üçün “yaşıl enerji”yə keçid günün tələbidir. Bu istiqamətdəki əsas həllərdən biri də hidrogen enrjisidir. İqtisadçı-ekspert, “yaşıl enerji” üzrə mütəxəssis Fuad Pərvizi AzVision.az -a müsahibəsində hidrogendən alınan enerjinin tezliklə insan həyatında, logistika, dəniz və hava nəqliyyatında böyük rol oynayacağını vurğulayıb.
Onun dediyinə görə, bu istiqamətdə kifayət qədər potensiala malik olan Azərbaycan həm öz daxili istehlakını ödəmək, həm də xarici bazara çıxarmaq üçün hidrogen enerjisi istehsalçısına çevrilə bilər. Artıq ilk addımlar da atılır.


Ekspert izah edir ki, hidrogen enerjisinin “qara”dan “yaşıl”a qədər 11 növü var. “Qara hidrogen”i almaq üçün sadəcə, kömürdəki karbonla hidrogeni ayıraraq, karbonu havaya buraxır, hidrogeni isə saxlayırlar. “Qəhvəyi”, “mavi” və digər hidrogenlər də var. Amma ən təmizi, təbii ki, “yaşıl” hidrogendir.

“Yaşıl” hidrogeni su molekulunu “yaşıl eneji” - yəni külək və ya günəş enerjisi vasitəsilə hidrogen və oksigen molekullarına parçalamaqla alırlar. Bu, bahalı proses olsa da, təmizdir, heç bir karbon emissiyası yoxdur.

Hazırda hidrogenin ən çox təbii qazdan alınan “mavi” növü yayılıb. Onu almaq üçün qazdakı karbon və hidrogen molekulları ayırır, lakin karbonu havaya buraxmırıq. Hidrogen enerjisindən indiyədək də istifadə olunub, amma əvvəllər söhbət daha çox kömürdən alınan “qara” hidrogendən gedirdi.


- Hidrogendən əsasən harada istifadə olunur?

- Nəqliyyat sektorunda. Lakin hidrogenlə işləyən avtomobillərlə müqayisədə indi sırf elektriklə çalışan hibrid avtomobillərin daha çox potensialı var. Hərçənd, Yaponiyanın “Toyota” və Almaniyanın bəzi şirkətləri hidrogen mühərrikləri buraxmağa çalışırlar. Lakin hidrogenin istehsalı, daşınması, saxlanılması baha olduğu üçün hazırda daha çox gəmiçilik və aviasiya sektorunda istifadəsi məqsədəuyğun sayılır. Çünki hava və gəmi limanları azdırlar, böyük əraziləri var, bu sahələrdə hidrogen saxlamaq olar. Hava nəqliyyatının, gəmilərin və tankerlərin yanacaqdan istifadə həcmi yüksək olduğuna görə, hidrogendən istifadə daha faydalıdır.


- İndi Azərbaycan da daxil olmaqla, ənənəvi hasilatçılar “yaşıl enerji” gündəliyinə keçirlər. Azərbaycanın hidrogen istehsalçısına çevrilmək potensialı nə yerdədir? Buna görə zavodların və ya xüsusi qurğuların inşasına ehtiyac varmı?
- Potensialımız və perspektivimiz var. Azərbaycan qaz ixrac edən ölkədir və biz rahat şəkildə “mavi hidrogen” istehsal edə bilərik. Bizim sırf “yaşıl” - günəş və külək enerjisilə bağlı perspektivli layihələrimiz var. Lakin mən burada iki fundamental problem görürəm. Birincisi, bizim qazımızın onsuz da, demək olar ki, hamısı satılıb və boş resursumuz yoxdur. “Mavi” hidrogeni istehsal etmək istəsək, bunun üçün təbii qazı haradan götürəcəyimiz sualına cavab tapmaq lazımdır.
İkincisi, hidrogenin nəqli məsələsi var. Hidrogeni bir neçə üsulla daşımaq olur. Məsələn, sıxılaraq, tanker və qatarlarla göndərilə bilər. Lakin Azərbaycanın böyük dənizə çıxışı yoxdur. Qatarlarla isə səmərəli deyil. Yeganə üsul kimi boru kəmərləri ilə nəql etmək qalır.


Bizim böyük “Cənub Qaz Dəhlizi” kəmərimiz var. Lakin o da qazla tam doludur. Qazı hidrogenlə qarışdırıb, nəql etmək olar. Amma hazırda Cənub Qaz Dəhlizi maksimum gücüylə işləyir. Çünki Azərbaycan Avropa qarşısında öhdəliklər götürüb və biz qazın ixracını daha da artırmalıyıq. Ona görə, hidrogeni istehsal etsək belə, necə nəql edəcəyimiz böyük sualdır.

- Avropa 2030-cu illərdə tam şəkildə “yaşıl” enerjiyə keçəcəyini bildirib. Azərbaycanın elə həmin qazı “mavi” hidrogenə çevirib, Avropaya ötürməsi barədə razılıq əldə oluna bilərmi?
- Biz də, Avropa özü də bunu edə bilərik. Yəni onlar bizim təbii qazı alıb, ondan “mavi” hidrogen istehsal edə bilərlər. Azərbaycan bu ilin avqustunda “Hidrogen Strategiyası” qəbul edib. Düşünürəm ki, bu texniki məqamlarla bağlı atılacaq addımlar həmin sənəddə nəzərdə tutulub.

- Siz bu prosesi necə təsəvvür edirsiniz? İstehsal üçün müəyyən qurğular və zavodlar tikilməlidirmi?
- Bizim etanol zavodumuz var. Bu hidrogenin istehsalı üçün lazım olan kompozitlərdir. Amma əlbəttə ki, yeni zavodlar, yeni infrastruktur yaradılmalıdır. Bu isə asan iş deyil. Azərbaycanın diqqətinin “yaşıl”, yoxsa “mavi” hidrogenə yönələcəyindən də çox şey asılıdır. Bizdə su qıtlığı var. Əgər “yaşıl” hidrogendən danışırıqsa, suyun pirolizi (termik parçalanması) su ehtiyatlarımızı azalda bilər. Əgər qazdan hidrogen almaq istəyiriksə, dediyim kimi, boş qaz həcmimiz yoxdur, hamısı satılıb. Həm ölkədaxili, həm də xarici kontraktlar üzrə öhdəliklərimiz var. Bu problemlərin necə həll olunacağı barədə suallara cavab axtarmaq lazımdır.


- Dediniz ki, mövcud qaz kəmərləri vasitəsilə hidrogeni ötürmək olar. Hətta onu təbii qazla qarışdırıb ötürmək də mümkündür. Bu proses necə baş verir və dünyada nümunələr varmı?
- Boru kəmərləri həm ən effektiv, həm də ən ucuz nəql yoludur. O cümlədən də hidrogen enerjisi üçün. Hidrogen də bir qazdır. Onu sıxıb maye halına gətirərək, tankerlərə, yaxud sisternlərə yükləmək olar. Amma borulardan daha sərfəli yol yoxdur.
Bəli, praktikada biz hidrogeni təbii qazla qarışdırmaqla yox, ayrı-ayrılıqda kəmərlə nəqlini görmüşük: əvvəlcə təbii qaz gedir, sonra hidrogeni ötürürsən və yenidən təbii qazın nəqlini bərpa edirsən.

- Yəni Azərbaycan “mavi” hidrogeni istehsal edərək, elə mövcud kəmərləri vasitəsilə Avropaya nəql edə bilər?
- Bəli, bizim ən böyük bazarımız məhz Avropa bazarıdır. Aviasiyamız elə böyük deyil ki, həmin hidrogeni özümüz istifadə edək. Gəmiçiliyimiz də həmçinin. Hidrogenin özümüz üçün istehsalı elə də faydalı deyil. Həm də hidrogen bahalı yanacaq olduğuna görə, daha varlı Avropa və “yaşıl” enerjiyə keçidə hazır olan maliyyə perspektivli ölkələr üçün sərfəli variant ola bilər.

- Bayaq dediniz ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin özündə hidrogen istehsalı var. Bu baxımdan, Azərbaycan rəqabət qabiliyyətli ola bilərmi? Axı Avropa ölkələri Azərbaycan qazını alıb, özləri də hidrogen istehsal edə bilərlər.
- Gəlin unutmayaq ki, onlar təbii qazı yalnız hidrogen istehsal etmək üçün almırlar. Axı insanlar da evlərində nədənsə istifadə edib, yemək bişirməli, evlərini isitməlidirlər. Avropada bütün bu infrastruktur qaz üzərində qurulub. Hidrogenin istifadəsi isə sırf logistika sahəsində ola bilər. Hava və su gəmilərinin, tankerlərin “yaşıl” enerjiyə keçidini təmin edə bilər. Avropaya həm qaz, həm də hidrogen vacibdir. Onların ucuz başa gələn “mavi” hidrogeni istehsal etmək üçün ucuz qazları yoxdur. Buna görə də, daha çox “yaşıl” hidrogenin istehsalına fokuslanıblar. Bərpa olunan enerji vasitəsilə suyun hidrolizini həyata keçirilər.


Əgər “yaşıl” hidrogendən söhbət gedirsə, Xəzərin Azərbaycana məxsus hissəsində külək generasiyasının böyük perspektivləri var. Dünya Bankının builki hesabatında həmin potensial göstərilib. Günəş enerjisi perspektivlərilə bağlı bizdə artıq layihələr var. Onlar da daha çox daxili istehlakın ödənilməsinə fokuslanıb. Külək və günəş enerjisinin istehsalı nəticəsində azad olacaq qazın isə yenə də Avropaya nəqli nəzərdə tutulur.

Biz daxili qaz istehlakımızı azaldaraq və onu baha qiymətə Avropaya sataraq, ölkəmizə daha çox investisiya və maliyyə vəsaiti cəlb etmək istəyirik. Yəni rəqabət imkanlarımız var, lakin bunun üçün böyük investisiyalar, uzunmüddətli kontraktlar lazımdır. Avropa da keçidə yeni başlayıb, Almaniyada hidrogen stansiyaları yaradılır. Bunu inkişaf etdirmək üçün uzun illər lazım olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Hidrogen   Energetika  





Xəbər lenti