23 ton saxta bal yarmarkaya buraxılmadı

23 ton saxta bal yarmarkaya buraxılmadı
  15 Oktyabr 2016    Oxunub:6050
“Bu il yarmarkaya təqdim olunan 23.5 ton bal standartlara cavab vermədiyi üçün satışına icazə verilməyib”.

AzVision.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov məlumat verib. Onun sözlərinə görə, yarmarkaya 93 tona qədər bal təqdim edilib.



“Bu il yarmarkaya təqdim edilən arıçılıq məhsulları ötən ilə nisbətən azalıb. Ötən il yarmarkaya 250 ton bal çıxarılmışdısa, bu il 71 ton 759 kq-dır. Bu il məhsuldarlıq çox aşağı olub. Məhsuldarlığın az olma səbəbi iqlim şəraiti ilə əlaqədardır. Bütün dünyada bu il iqlim arıçılıq məhsullarının istehsalı üçün əlverişli olmayıb. Dünyada bu məhsulların istehsalı 60%-ə qədər azalıb. Ona görə də arıçılığın rentabelli sahə kimi inkişafına diqqət yönəlib. FAO tərəfindən hər il mayın 20-nin arıçılıq günü kimi qeyd edilməsi ilə bağlı təkliflərə baxılır. Bu da arıçılığın inkişaf etdirilməsinin bütün dünyada prioritet sahələrdən birinə çevrilməsinə təkan verir. Arıçılıq məhsulları bir çox sahələrin inkişaf etdirilməsinə kömək olur”.



Nazir müavini onu da vurğulayıb ki, bu il yarmarkaya nəzarət tədbirləri gücləndirilib: “Respublika Baytarlıq Laboratoriyası tərəfindən təqdim olunan bütün arıçılıq məhsulları yoxlanılıb. 323 nəfər qeydiyyatdan keçsə də, 53 nəfər iştirakdan imtina edib. Buna səbəb nəzarət tədbirlərinin gücləndirilməsidir. Təkcə təqdim olunan arıçılıq məhsulları deyil, sonrakı proses də nəzarətdədir. Yarmarkanın keçirildiyi salona kameralar quraşdırılıb. Bu kameralar vasitəsilə hər hansı pozuntuya yol verilməməsi nəzarətdə saxlanılacaq. Bu il yarmarkaya təqdim olunan bal və bal məhsulları keyfiyyət baxımdan bütün tələbləri ödəyir. Alıcılar bala olan ehtiyaclarını yarmarkada ala bilərlər”.



S.Talıbov nazirlik tərəfindən arıçılığın inkişafına yönələn dəstəkdən söz açıb. Bildirib ki, Heyvandarlıq institutun nəzdində Arıçılıq Mərkəzinin yaradılması bu sahəyə olan diqqətin göstəricisidir: “Bu mərkəz bir ilə yaxındır ki, bu mərkəz fəaliyyət göstərir. Orada arıçılara bu sahənin inkişaf etdirilməsi üçün məsləhətlər verilir. Biz arıçılığın bütün dünyada qəbul olunmuş istiqamətdə inkişafına dəstək veririk. FAO-nun dəstəyi süni mayalanma yolu ilə ana arıların alınması layihəsi həyata keçirilir. Ötən dövr ərzində 100-ə yaxın bu cür təmiz qanlı ana arıları əldə edilməsinə nail olunub”.

Şəhanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti