“Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” təqdim olundu - Fotolar

“Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” təqdim olundu - Fotolar
  03 Mart 2017    Oxunub:3984
Bu gün Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları tələbələrinin hazırladığı “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” adlı layihənin təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Mikayıl Cabbarov, Şuşa Rayon İcra Hakimiyyətinin başısı Bayram Səfərov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib. Universitetin rektoru Gülçöhrə Məmmədova çıxışında qeyd edib ki, layihənin əsas məqsədi işğal altında olan torpaqlarımız azad edildikdən sonra böyük qayıdış zamanı tələbələrimizin bu işə bütün imkanları ilə verə biləcəkləri töhfədir. O, deyib ki, bu Qarabağın davamlı inkişafının layihələndirmə konsepsiyasıdır.



Milli Məclis sədrinin müavini, deputat Bahar Muradova bildirib ki, bu gün əgər gənclərimizin ön cəbhədə həyatını fəda verirsə, əziz nemətdən keçərək xidmət edirsə, tələbələrimiz də bu yolla arzularımızın reallaşması işinə xidmət edirlər. Onun sözlərinə görə, bu layihə bütün dünyaya bir mesajdır ki, Azərbaycan gənci, xalqı yalnız qurmaq tikmək, abadlaşdırmaq barədə düşünür: “Azərbaycana xidmət etməyin Heydər Əliyev nümaunəsi, Azərbaycanın inkişaf etdirməsi, dünyaya çatdırılmasının İlham Əliyev nümunəsi var. Bu yaxınlarda Cocuq Mərcanlıda oldum, o sakinlərinin simasında dəyanət, sədaqət gördüm”.



Təhsil naziri Mikayıl Cabbarov uzunmüddətli əməyin nəticəsi olan layihənin sadəcə peşəkar yanaşmanın deyil, həmçinin yetişən gəncliyin ölkəmizin taleyüklü məsələlərinə laqeyd yanaşmamasının, vətənpərvərlik və təəssübkeşliyinin bariz nümunəsi olduğunu bildirib. Nazir qeyd edib ki, ötən ilin aprel döyüşləri düşmənlərimizə və dünya ictimaiyyətinə bir daha göstərdi ki, Azərbaycan ordusu ali baş komandanın rəhbərliyi altında hərbi yolla da öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir: “İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa işlərini başlamaq barədə ölkə başçısının qərarı mühüm tarixi missiyanın başlanğıcıdır. Bugünkü tədbir də bu tarixi qayıdışın gələcək konturlarını müəyyən edən bir çağırışdır”.



Təhsil naziri tələbələrin yaxın gələcəkdə ölkəmizə lazım olacaq mühüm bir bərpa planını təqdim etdiklərini vurğulayaraq belə bir layihənin ərsəyə gətirilməsinin tələbələrin potensialından xəbər verdiyini diqqətə çatdırıb. Layihənin ideya rəhbəri, universitetin Ekologiya kafedrasının müdiri Fəqan Əliyev bildirib ki, layihə AzMİU-nun SABAH qruplarında təhsil alan tələbələrlə professor-müəllim heyətinin birgə işidir.



Daha sonra tələbələr Ağdam şəhərinin nümunəsində işğal altında olan ərazilərimizdə gələcəkdə aparılacaq bərpa və quruculuq işlərinin planını təqdim ediblər. Təqdimatda Ağdam şəhərinin baş planı, nəqliyyat infrastrukturu, bərpa olunan enerji mənbələri, Qarabağın kiçik çay mənbələrindən alınan enerji imkanları, Ağdam şəhərinin çirkli sularının kənar edilməsi layihəsi, magistral su kəməri layihəsi, fərdi evlərin, çoxmərtəbəli yaşayış komplekslərinin layihə təklifi və digər məlumatlar yer alıb.









Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:





Xəbər lenti