Mehriban Əliyeva: “Ölkəmizin inkişafı üçün var gücümlə çalışacağam”

Mehriban Əliyeva: “Ölkəmizin inkişafı üçün var gücümlə çalışacağam”
  07 Mart 2017    Oxunub:5763
“Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyimlə əlaqədar Milli Məclisdə fəaliyyətimi dayandırmalı oldum. Milli Məclisin deputatı adını daşımaq mənim üçün böyük şərəf idi".

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

M.Əliyeva bildirib ki, müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub.

"Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət vəkillərinin birgə səyi nəticəsində hazırlanan, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir. Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim işgüzar ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var. O, 10 ildən artıqdır ki, Milli Məclisin sədri vəzifəsini layiqlə icra edir. Hörmətli Oqtay müəllim, sizə gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirəm”.

Birinci vitse-prezident deputat fəaliyyəti dövründə ona müraciət edən insanlara daim dəstək olmağa çalışdığını vurğulayıb: “Fəaliyyətimin bütün mərhələlərində rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal deyil, hər zaman səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə olunan bütün nailiyyətlər birgə fəaliyyət nəticəsində həyata keçirilib. Bu illər ərzində məni dəstəkləyən hər kəsə öz minnətdarlığımı bildirirəm. Gələcəkdə də Xəzər rayonunun inkişafı üçün çalışacağam.

Milli Məclidə təmsil olunduğum müddət ərzində bir sıra təkliflər irəli sürmüşəm. Humanizm və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013, 2016-cı illərdə irəli sürdüyüm amnistiya aktlarının qəbul edilməsi təşəbbüsüm həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarı ilə bu qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləyən 10 minlərlə insana azadlıq bəxş edən deputatların hər birinə dərin minnətdarlığımı çatdırıram. Ümidvaranm ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və xoş ənənə davam edəcək.

Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam”.

Birinci xanımı, həmçinin vurğulayıb ki, vicdan, ləyaqət, mərhəmət, xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir.

“Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam.

Son günlər mənim ünvanıma soydaşlarımızdan təbriklər gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəklərə görə, hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün parlamentdə təmsil olunan qadım həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bu illəri birlikdə keçirdiyimiz fəaliyyətə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Ümidvaram ki, gələcəkdə də bizim əməkdaşlığımız davam edəcək. Tanrı hər zaman Azərbaycanı qorusun!”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Vitse-prezident   MilliMəclis   Deputat  





Xəbər lenti