"8 aprel mitinqi müxalifətin iflasını göstərdi"

"8 aprel mitinqi müxalifətin iflasını göstərdi"
  11 Aprel 2017    Oxunub:4030
“Dindarları siyasətə cəlb edilməsi radikal müxalifətin məğlubiyyətinin etirafıdır”. Bu fikirləri AzVision.az-a Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Azərbaycanda inanclı insanların dini etiqadlarını sərbəst şəkildə həyata keçirdiyini vurğulayan millət vəkili bildirib ki, bu gün radikal müxalifət özünün siyasi oyunlarına dindarları cəlb etməyə çalışır və onlardan çirkin məqsədləri üçün istifadə etməyə cəhd edir:

“Dövlət onların dini ibadətləri yerinə yetirməsi üçün bütün şəraiti yaradır və heç bir problem yaşanmır. Bəzi radikal müxalifət nümayəndələrinin siyasi uğursuzluqlarını dindarlar vasitəsilə ört-basdır etməyə çalışması, özlərini onların hüquqlarının müdafiəçisi kim qələmə verməsi onların iç üzünü ifşa edir. Dövlətçiliyə qarşı çıxışlar edən, hakimiyyət orqanlarına silahlı müqavimət göstərən, qeyri-qanuni hərbiləşdirilmiş dəstələr yaradanların din və dini inanca hər hansı bir aidiyyatları yoxdur. Onlar dini inanclarından asılı olmayaraq cəmiyyətin bütün üzvləri üçün təhlükəlidirlər. Radikal müxalifətin onların müdafiəsinə qalxması, eyni zamanda dindarları siyasətə cəlb etməsi radikal müxalifətin məğlubiyyətinin etirafıdır. Onlar cəmiyyətdə nüfuza malik deyillər, sosial bazaları yoxdur. Ona görə də bütün cəhdlərinə baxmayaraq, mitinqlərinə az sayda insan cəlb edə bilirlər”.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycanın ən azsaylı kəndində yaşayanların sayı aprelin 8-də mitinqə gələnlərin sayından çoxdur: “Bu, onu göstərir ki, məqsədlərini, siyasi ambisiyalarını həyata keçirmək üçün hər yola əl atarlar. Onlar üçün dövlətçilik, qanunun aliliyi, dinə hörmət, ümumilikdə isə müqəddəs heç nə yoxdur. Qanunu pozanların, cinayət törədənlərin müdafiəsinə qalxmaq, cəmiyyətin təhlükəsizliyini ciddi şübhə altına almasını, hakimiyyətə gələcəkləri təqdirdə hansı siyasəti yeridəcəklərini gün kimi aydın edir. Bununla belə 8 aprel mitinqi radikal müxalifətin iflasını, cəmiyyətin onlara arxa çevirdiyini və hər hansı bir perspektivlərinin olmadığını göstərir. Hesab edirəm ki, bundan sonra hər hansı bir aksiya keçirmə fikrinə düşməmişdən öncə cəmiyyətin reaksiyasını ciddi şəkildə nəzərə almalı olacaqlar. Son mitinqdən sonra onların tədbirinə cəmiyyət tərəfindən verilən reaksiya göstərir ki, insanlar AXCP-Milli Şura adlı siyasi qüvvəninin ciddi siyasətlə olmadığı qənaətindədir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Mitinq   YAP   Deputat  





Xəbər lenti