Elçin Quliyev türkiyəli generalla görüşüb

Elçin Quliyev türkiyəli generalla görüşüb
  27 Aprel 2017    Oxunub:2226
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bu gün Türkiyə Jandarma Baş Komandanı ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
DSX-nin mətbuat mərkəzindən AzVision.az-a bildirilib ki, görüşdə iki ölkə arasında bütün sahələr üzrə əlaqələrin inkişafı xüsusilə vurğulanıb, DSX və Türkiyə Jandarma Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən dövlət sərhədlərinin bir hissəsinin Ermənistanın işğalı altında qalması və bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı, qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi və digər transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   DSX  





Xəbər lenti