ABŞ-ın Bakıdakı səfirliyi Tillersonun bəyanatını yaydı

ABŞ-ın Bakıdakı səfirliyi Tillersonun bəyanatını yaydı
  03 May 2017    Oxunub:1275
ABŞ dövlət katibi Reks Tillerson Ümümdünya Mətbuat Azadlığı Günü ilə bağlı bəyanat yayıb.
Bu barədə AzVision.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat daxil olub.

Tillersonun bəyanatında bildirilir:

“Bu gün Ümümdünya Mətbuat Azadlığı Günü biz, bütün dünyada mətbuat azadlığının fundamental prinsiplərinin təşviq edilməsinə olan sadiqliyimizi bir daha bəyan edirik. Biz çox vaxt öz həyatlarını təhlükəyə ataraq digər bir formada eşidə bilməyəcəyimiz hadisələr haqqında xəbər çatdırmaq üçün bu sahədə yorulmadan çalışan insanlara olan böyük ehtiramımızı bildiririk. Onlar demokratik dəyərlərin və idealların qoruyucularıdırlar.

Birləşmiş Ştatlar mətbuat azadlığının təbliği və qorunması istiqamətində böyük tarixə malikdir. ABŞ Dövlət Departamenti media mütəxəssisləri üçün inkişaf və mübadilə proqramları təşkil edir, internetdə sərbəst informasiya axını və ideyaların paylanmasını dəstəkləyir və jurnalistlərin təhlükəsizliyinin təmin olunması üçün tələb olunan vasitələr və resurslar təmin edir.

Kütləvi informasiya vasitələrinin hadisələri etik və şəffaf şəkildə işıqlandırması azad və açıq cəmiyyətlərin əsasını təşkil edir. Bu, hesabatlılığı gücləndirir və ictimai müzakirələrə yol açır. Sağlam idarəçilik, güclü vətəndaş cəmiyyəti, şəffaf və azad media üzərində qurulmuş cəmiyyətlər daha çiçəklənən, sabit və təhlükəsizdirlər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Səfirlik   Tillerson  





Xəbər lenti