Azərbaycanın silahları Türkiyədə nümayiş olundu

Azərbaycanın silahları Türkiyədə nümayiş olundu
  10 May 2017    Oxunub:2442
Mayın 9-da Türkiyənin İstanbul şəhərində keçirilən, Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisinin rəsmi açılışı olub. Açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, ilk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla “İDEF” sərgisinə qatılan Müdafiə Sənayesi Nazirliyi “İDEF-2017” sərgisində 260 adda məmulat nümayiş etdirir. Yerli mütəxəssislər tərəfində hazırlanan “Tufan” milli zirehli maşını, “Vaşaq” snayper tüfəngi, lüləaltı qumbaraatan,12,7 mm-lik silahla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulu kimi bir sıra yeni məmulatlar xarici ölkədə keçirilən müdafiə sənayesi sərgisində ilk dəfədir ki, nümayiş etdirilir.

Dünyanın 50 ölkəsindən 300-dək şirkətin qatıldığı “İDEF-2017” sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanır.

Sərginin ikinci günü nazir Yavər Camalovun Türkiyənin milli müdafiə naziri Fikri İşıq və bir neçə hərbi sənaye şirkətinin rəhbərləri ilə görüşləri oldu. Səmimi və mehribançılıq şəraitində keçən görüşlərdə iki qardaş ölkənin müvafiq qurumları arasındaki mövcud əməkdaşlıq əlaqələrinin inkişafı istiqaməti üzrə danışıqlar aparıldı. Eyni zamanda, nazir Yavər Camalovun Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Monqolustanın müdafiə naziri Badmaanyambuu Bat-erdene və müdafiə sənayesi müstəşarı Byambaa Kolya ilə də görüşü oldu və iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın yaradılmasına dair danışıqlar aparıldı.

Müdafiə Sənayesi Nazirliyinin stendini “İDEF-2017” sərgisinə qatılan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər güç qurumlarının nümayəndələri də ziyarət etdilər və nümayiş etdirilən məmulatlarla yaxından tanış oldular. Mayın 12-dək davam edəcək sərgi çərçivəsində nazir Yavər Camalovun tədbirə qatılan bir sıra ölkələrin də nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

“İDEF-2017” sərgisinə qatılan ölkələrin nümayəndə heyətlərinə Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən 2018-ci ildə Azərbaycanda keçiriləcək “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumatlar verilir və dəvətlər çatdırılır.

AzVision.az


Teqlər: İDEF-2017  





Xəbər lenti