Müdafiə Nazirliyi: Azərbaycan bütün istiqamətlərdə Ermənistanı üstələyir

  07 Avqust 2017    Oxunub : 2423
Müdafiə Nazirliyi: Azərbaycan bütün istiqamətlərdə Ermənistanı üstələyir

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini bütün istiqamətlərdə üstələyir.

Müdafiə Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan hərbçilərinin “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçirilən yarışlarda uğurlu çıxışı Silahlı Qüvvələrə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir.

"Sevindirici haldır ki, müxtəlif yarışlarda güclərini sınayan hərbçilərimiz 28 ölkə nümayəndələri arasında yüksək göstəricilərə nail olublar.

Qürurverici məqamlardan biri də odur ki, oyunların ilkin mərhələsinin nəticələrinə görə Azərbaycan hərbçiləri Ermənistan komandasını bütün istiqamətlərdə xeyli üstələyib.

Xüsusi ilə qeyd edək ki, tank ekipajları, snayperlərimiz və artilleriya heyətləri Ermənistan hərbçilərindən qat-qat yüksək nəticələr göstəriblər. Bu da hərbçilərimizin döyüş hazırlığının, peşəkarlığının, bilik və bacarıqlarının göstəricisidir"-deyə nazirliyin məlumatında bildirilib.

Hafiz Əhmədov
AzVision.az

Teqlər: Müdafiə-Nazirliyi   Ordu