Veteran jurnalistin ölümü ilə bağlı nekroloq

Veteran jurnalistin ölümü ilə bağlı nekroloq
  28 Avqust 2017    Oxunub:1790
Azərbaycan Mətbuat Şurası tanınmış jurnalist Müştəba Əliyevin vəfatı ilə bağlı nekroloq verib.
AzVision.az xəbər verir ki, nekroloqda deyilir:

"Ömrünü-gününü jurnalistikaya sərf etmiş həmkarımız Müştəba Əliyev 63 yaşında dünyasını dəyişib. Azərbaycan Mətbuat Şurası tanınmış jurnalistin doğmalarına, əzizlərinə, onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir.

Müştəba İsmayıl oğlu Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı DÖvlət Universitetinin) jurnalistika fakültəsini bitirib. Peşəkar fəaliyyətinə elə həmin ildən başlayıb. 1997-ci ilədək ”Azərbaycan məktəbi” jurnalında, “Sovet kəndi” (sonrakı adları “Həyat”, “Bərəkət”) və “Ədalət” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Mərhum jurnalist həmçinin "Əlillər" və “Vətən uğrunda” qəzetlərinin baş redaktoru da olub.

M.Əliyev praktik jurnalistika fəaliyyəti ilə yanaşı klassik mətbu irsimizin öyrənilməsi sahəsinə də öz layiqli töhfəsini verib. O, tədqiqatçı jurnalist kimi “Əkinçi” qəzetindən sonra meydana çıxmış bir sıra nəşrlərin mövcud nüsxələrini ərəb əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına çevirib. Bu, özünəməxsus missiya peşəyə hədsiz bağlılıq və dəyər nümunəsi idi.

M.Əliyev qayğıkeş dost, gözəl ailə başçısı idi. Ziyalı mövqeyinə malik jurnalistin yoxluğu onu tanıyan hər kəs üçün böyük üzüntü və sartsıntıdır. Mətbuat Şurası bir daha mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlı verir, onlara Uca Tanrıdan səbr diləyir.

Allah rəhmət eləsin!"

AzVision.az


Teqlər: Mətbuat-Şurası  





Xəbər lenti