Xalq artistinin pulla dolu seyfini oğurlayanlar tutulub - Fotolar

Xalq artistinin pulla dolu seyfini oğurlayanlar tutulub - Fotolar
  28 Avqust 2017    Oxunub:4444
Bakı və Sumqayıt şəhəri ərazisində 10-a yaxın dövlət müəssisəsi və özəl şirkətlərdən silsilə seyf oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rafiq Məmmədov, Qadir Əliyev, Rauf İbrahimov və Abşeron rayon sakini Amil Cavadov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı bu şəxslərin Bakı və Sumqayıt şəhərlərində oğurladıqları seyflərdən külli miqdarda maddi vəsait götürdükləri keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub.

Göstərilən faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Hazırda həmin işlər üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən sonuncu belə oğurluq hadisələrindən biri Nərimanov rayonu ərazisində baş verib.

Avqustun 19-da naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlanıb.

Polis əməkdaşları tərəfindən isti izlərlə və yüksək peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi müəyyən edilib.

Əməliyyat-istintaq tədbirlərinin davamı olaraq dəstə üzvlərindən R.Verdiyev, Y.Hüseynli və A. Həmidov saxlanılıblar. Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Əlavə tədbirlərlə dəstə üzvü A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R. Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Hazırda cinayətin törədilməsində iştirak edən dəstənin digər üzvlərinin tutularaq istintaqa cəlb olunmaları, habelə maddi sübutların aşkar edilərək götürülməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az

Qalereya




Teqlər: Sumqayıt   Oğurluq   Xalq-artisti  





Xəbər lenti