Nazirlik meşə yanğınları ilə bağlı məlumat yaydı

Nazirlik meşə yanğınları ilə bağlı məlumat yaydı
  29 Avqust 2017    Oxunub:1621
Ötən gün Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Bum meşəbəyliyinin 2 saylı dolayında, bu gün səhər saat 8 radələrində isə Oğuz MMBM-in Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisələri baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AzVision.az-a verilən məlumata görə, yanğın baş verən ərazilərə dərhal ETSN-in və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Bum meşəbəyliyində baş verən yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Əsasən əl əməyindən və FHN-nin helikopterindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın 29 avqust 2017-ci il tarixində saat 15 radələrində lokallaşdırılıb. İlkin hesablamalara görə, yanğın nəticəsində 10 hektara yaxın ərazidə quru ot və kol örtüyü yanıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Oğuz MMBM-in Xaçmaz meşəbəyliyində baş vermiş yanğın isə saat 14 radələrində tam söndürülüb. Yanğın nəticəsində 0.5 hektar ərazidə quru ot və kol örtüyü yanıb.

Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır. Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

AzVision.az


Teqlər: Yanğın   Qəbələ   Oğuz   Meşə  





Xəbər lenti