Azərbaycanda 56 nəfər içkidən zəhərlənib - Statistika

Azərbaycanda 56 nəfər içkidən zəhərlənib - Statistika
  07 Sentyabr 2017    Oxunub:1870
Bu ilin 8 ayı ərzində 1391 nəfər Toksikoloji Mərkəzə müraciət edib.

AzVision.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov deyib.
O bildirib ki, bu ilin əvvəlindən sirkə turşusu zəhərlənməsi ilə bağlı 111 nəfər şöbəyə müraciət edib.

"Sirkə turşusu içən 2 nəfər kəskin ağır vəziyyətdə olduğu üçün dünyasını dəyişib. Dəm qazı zəhərlənməsi ilə bağlı 365 nəfər, dərmanla zəhərlənmə ilə 244 nəfər müraciət edib. Dərman içənlərdən 103 nəfəri kəskin allergik reaksiyaya məruz qalıb. Qara qurd ilə bağlı 4 xəstə, etanol (spirtli içki ilə) 56 nəfər daxil olub. İlan sancması ilə bağlı 83 nəfər daxil olub, onlardan 6 nəfəri azyaşlı uşaqdır".

Şöbə müdiri qeyd edib ki, bu ilin əvvəlindən göbələkdən zəhərlənən 6 nəfər mərkəzə müraciət edib.

"Toksikologiya şöbəsinə xəstələr əsasən Hacıqabul, Şamaxı, Yevlax, Bərdə, Qazax, Şəmkir, Tovuz, Astara, Lənkərandan daxil olub".

A.Maqsudov bildirib ki, sirkə turşusu içənlərin 40 faizi bunu sui-qəsd məqsədilə edib: "Yerdə qalanlar isə affekt vəziyyətdə, kimisə qorxutmaq, nəyəsə nail olmaq məqsədilə sirkə turşusu içiblər. İki xörək qaşığı ölümcül doza sayılır. Bu, mədə-bağırsaq traktı, böyrəklərdə problem yaradır. Sirkə turşusu ilə zəhərlənmələr əsasən 25 yaşdan 40 yaşa qədər və 60 yaşdan yuxarı insanlar arasında daha çox müşahidə edilir.

Şöbə müdiri bildirib ki, il ərzində dərman içərək zəhərlənənlər arasında 120-140 nəfər uşaq olub: "Azyaşlı uşaqlar evdə nəzarətsiz qalanda valideynlərin və ya nənə-babalarının dərmanlarını qəbul edirlər. Dərmanlar rəngarəng və şirin olduğu üçün onları cəlb edir. Uşaqlar əsasən qan təzyiqi salan, qan laxtalanmasını azaldan, mədə-bağırsaq traktı üçün dərmanları qəbul edirlər. Dərmanı qəbul etdikdən az sonra uşaqda fəsadlaşma başlayır. Vaxtında uşaq xəstəxanaya çatdırılmayanda onların həyatı üçün təhlükə olur. Dərman zəhərlənməsi ilə müraciət edən uşaqlar arasında ölüm faizi çox aşağıdır İl ərzində 1-2 ölüm müşahidə edilir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Azər-Maqsudov   Zəhərlənmə   Xəstəxana  





Xəbər lenti