İntihar etmək üçün dörd əsas səbəb - Professor açıqladı

İntihar etmək üçün dörd əsas səbəb - Professor açıqladı
  10 Sentyabr 2017    Oxunub:44113
Ətrafdakı insanların davranışına diqqətli olmaq lazımdır. Həyatımız yalnız xoş və sakit günlərdən ibarət deyil. İnsan həyatı boyunca müxtəlif çətinliklər və problemlərlə üzləşir. Əksəriyyəti özünü ələ alıb problemlərinin həllinə çalışır. Lakin çətinliklər qarşısında özünü itirən, geri çəkilənlər də olur. Təəssüf ki, problem qarşısında çıxış yolu tapmayanlar intihara əl atırlar.
Bu sözləri Psixi Sağlamlıq Mərkəzinin direktoru professor Fuad İsmayılov Dünya İntiharların Qarşısının Alınması Günü ilə əlaqədar açıqlamasında bildirib.

Fuad İsmayılov deyib: “Hər il sentyabrın 10-u Dünya İntiharların Qarşısının Alınması Günü kimi qeyd olunur. Son hesablamalara əsasən hər il dünyada 800 min insan intihar edərək həyatına son qoyur. İntiharların dörd əsas səbəbi var. Bunlardan birincisi reallıqdan qaçmaqdır. Bəzən, insanlar müəyyən böhran keçirirlər və reallıq onlara həddən artıq qəddar görünür. Bu hissin ağırlığı problemin həlli yollarını tapmaqda çətinliklər yaradır. Belə olduğu təqdirdə də intihar hadisəsi baş verir. Misal üçün, bu günlərdə 80 yaşlı bir kişinin özünü öldürməsi haqqında xəbər yayılıb. O, xəstə idi, tək yaşayırdı, qulluq edəni yox idi, ağrıları çox olurdu. Yəni, o, reallığa dözə bilməməsi səbəbindən intihar edib.

İkinci səbəb insanın özünə qarşı aqressiv olmasıdır. Misal olaraq, pasiyentlərimdən birini göstərə bilərəm. Bu gənc atası evini və maşınını mərc oyunlarında itirdiyi üçün özünə nifrət etməyə başlayıb və intihara cəhd edib. Hazırda həmin gənc burada müalicə olunur.

Bəzən insan cəzalandırma məqsədilə də intihara əl atır. Misal üçün, ədalətsizliklə üzləşən bir kəs üsyan edir və özünəqəsd planı hazırlayır. Belə hallar az olsa da, istisna deyil. Özünəqəsdin dördüncü səbəbi köməyə çağırışdır. Buna dair növbəti nümunə olaraq 19 yaşlı bir xəstəmizi göstərmək olar. Bu qız 16 yaşından ailəsi tərəfindən ərə verilib. Lakin ailədə çoxsaylı problemlərin olması və həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalması onu intihara sürükləyib. Dərman içərək özünə qəsd etmək istəyən qız həkimlər tərəfindən həyata qaytarılıb. O, atdığı addımı köməyə çağırış kimi qiymətləndirib”.

Professor bildirib ki, intihardan heç kim sığortalanmayıb. Hər bir insanın həyatında maddi, yaxud mənəvi böhran yaşana bilər. Yaranmış çətin vəziyyətdən çıxış yolu tapmadıqda bəzi insanlar intihara əl ata bilər. Bunlara özünü tənha hiss edənlər də aiddirlər. Onlar özlərini digərlərinə yük olaraq görürlər.

Çoxları özünə qəsd edəcəyini deyən birinin bunu etməyəcəyi fikrindədir. Əslində, belə insanlar bu sözü işlədərək öz fikrini bildirir, həyatdan bezdiklərini ifadə edir, “yaşamaq istəmirəm”, “yatım, heç durmayım” kimi sözlər işlədirlər. Belə insanlara qarşı daha diqqətli olmaq lazımdır.

Digər yanlış fikirlərdən biri də özünü öldürməyə qərar vermiş insanın bunu mütləq edəcəyi və qəti qərarı olmasıdır. Bu, belə deyil. Çətin vəziyyətdə ikən bu addımı atmaq haqqında düşünənlərin digər fikirləri də normal həyat sürmək olur. Belə ikitərəfli fikirlərlə üzləşənlərin mütəxəssisə müraciət etmələri məsləhətdir. Bəzən özünü öldürmək haqqında çox danışanların yanında bu mövzunun açılması istənilmir. Bu da çox səhv yanaşmadır. Əksinə, bu barədə danışaraq müəyyən məsləhətlər verməklə ona kömək etmək olar.

Dünya statistikasına baxdıqda, intihar edənlər arasında yeniyetmələrin və uşaqların sayı nisbətən az olur. Dünyadakı tendensiya Azərbaycanda da mövcuddur. Lakin belə halların olması təbiidir. Yeniyetmə və gənclik dövründə də insan çox sınaqlardan keçir ki, bunlar da stress yaradan faktorlardır. Əksər hallara intiharlara səbəb olan depressiya streslə əlaqəli olur. Stress olmadan həyat mümkün deyil. Lakin müxtəlif növləri olan stressin miqyası həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur. İnsan yaxınını itirdikdə və ya qəzaya düşdükdə kəskin stress keçirir. Əksər hallarda qorxu hissi ilə stress səhv salınır. Misal üçün, işdən çıxarılma, borc kimi hallar qorxu deyil, stresdir. Bu səbəbdən belə stresli situasiyaları sakit həll etmək, öhdəsindən gəlmədikdə isə kömək üçün mütəxəssislərə müraciət etmək lazımdır. Mən hər kəsə ətrafındakı insanlara, eləcə də ailə üzvlərinə qarşı diqqətli olmalarını məsləhət görərdim. Yaxınlarının davranışında qəribə hallar müşahidə edənlərin onları mütəxəssisə yönləndirmələri məsləhətdir.

Psixi Sağlamlıq Mərkəzinin nəzdində “İnam telefonu” qaynar xətt (012) 566 50 61 nömrəsi fəaliyyət göstərir. Bəzən insanların böhran anında başqa çarəsi olmur və problemi bölüşəcək birilərini axtarır. Mərkəz daxilində yaradılmış “İnam telefonu” məhz bu zaman köməyə çatır və insana bir qədər sakitləşməyə və hadisələrə daha sakit tərzdə başqa bir prizmada baxmağa kömək edir. Hər gün çoxlu sayda müxtəlif problemlər səbəbindən mərkəzə zənglər daxil olur və mütəxəssislər həmin insanlara psixoloji kömək göstərirlər. (AzərTAc)

AzVision.az




Teqlər: İntihar  





Xəbər lenti