Dünya üçün yeni təhlükə - Separatizm dalğası genişlənir

Dünya üçün yeni təhlükə - Separatizm dalğası genişlənir
  03 Oktyabr 2017    Oxunub:5376
İraq Kürdüstanından sonra İspaniyanın Kataloniya bölgəsində keçirilən müstəqillik referendumu dünyanın siyasi gündəmini dəyişib. Başda ABŞ olmaqla dünyanın əksər ölkələrinin qarşı çıxdığı referendumların reallaşması dünyada yen separatizm dalğasının genişlənməsindən xəbər verir.
Millət vəkili Elman Nəsirov hesab edir ki, Kataloniyanın referendumla bağlı yanaşması olduqca məntiqsizdir: “Onlar bildirirlər ki, İspaniya Avropa İttifaqının və NATO-nun üzvüdür. Nə Avropa İttifaqı, nə də NATO narahat olmasın, Kataloniya İspaniyadan ayrılıb, müstəqil dövlət olduqdan sonra heç bir halda bu qurumların əleyhinə deyil, əksinə hər iki qurumun tərkibində qalma yolunu tutacaq. Bu, çox absurd yanaşmadır. Əvvəla, İspaniya bir dövlət kimi Avropa İttifaqı və NATO-nun parametrlərinə uyğun gəldiyi üçün bu təşkilatların üzvüdür. Kataloniya isə separatçı rejimdir. Heç bir dövlət onun müstəqilliyini tanımır. Hələ minnətlə deyirlər ki, Avropa İttifaqı və NATO-nun tərkibində qalacağıq. Yəni, bu qəbul edilməz məsələlərdir”.



E.Nəsirov deyib ki, bu hadisələr nəticə etibarı ilə zəncirvari reaksiyalar doğura bilər: “İspaniyada 17 muxtar vilayət var. Onlardan biri olan Kataloniya müstəqilliyini elan edərsə, kim təminat verə bilər ki, digər 16 muxtar əyalət anoloji addımı atmayacaq və İspaniya dünyanın siyasi xəritəsindən silinməyəcək? Ona görə də rəsmi Madrid bu məsələlərdə çox qətiyyətli mövqe tutub, onlarla seçki bülleteni müsadirə edilib və referendumun qeyri-qanuni olduğu bütün dünyaya bəyan olunub. Eyni zamanda Katoloniyada belə bir referendumun keçirilməsi İspaniyanın konstitusiyasına ziddir. İspaniya konstitusiyasına görə referendum bütün ölkə ərazisində keçirilə bilər. O halda ki, parlamentlə məsləhətləşmə əsasında baş nazir belə bir təşəbbüs göstərsin və kral ölkə miqyasında referendum keçirilməsinə qərar versin. Belə bir prosedur baş verməyib. Ona görə, bu referendum tamamilə İspaniya konstitusiyasına ziddir”.

“Kataloniyadakı referendumdan sonra hadisələrin inkişafı necə olacaq” sualına millət vəkilinin cavabı belə olub: “Referendumun nəticələri əvvəlcədən proqnozlaşdırılan idi. Çünki, referendum Katloniyada keçirilib və orada bütün İspaniya əhalisi iştirak etməyib. Belə olan halda ölkədə əmin-amanlığın təminatı naminə, konstitusiya quruluşunun bərpa olunması naminə rəsmi Madrid bu hadisə ilə bağlı qətiyyətli mövqelərini ortaya qoymağa başlayıb. Kataloniyadakı referendumla bağlı birinci variant odur ki, problem güc strukturlarının müdaxiləsi ilə qaydasına salınacaq. Daha qorxulu ikinci variant isə belədir ki, güc tətbiqi əks nəticə versin və İspaniyada vətəndaş müharibəsi baş versin. Bu, ən qorxulu ssenaridir”.

E.Nəsirov qeyd edib ki, indiki halda həm İraqın şimalında kürdlərin keçirdiyi referendumdan, həm də Katoloniyada keçirilən referendumdan Dağlıq Qarabağdakı separatçılar ruhlanmasınlar: Çünki, onların ümidli olması üçün heç bir əsas yoxdur.

“Dünya separatizmi qəbul etmir, dövlətlərin ərazi bütövlüyü beynəlxalq qaydada tanınır. İndiki halda belə addımların perspektivi yoxdur və bu yalnız xalqa müsibətlər gətirə bilər. Kosovanın 114 dövlət tanımış olsa belə, onun hansı iqtisadi çətinliklər yaşadığı heç kimə sirr deyil. Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, dünya separatizmin, terrorizmin, radikalizmin eyni zəncirin həlqələri olduğunun fərqindədir. Ona görə də separatçı əməllər dəstəklənmir”.

Millət vəkili Asim Mollazadə isə bildirib ki, İraq Kürdüstanında və Kataloniyada keçirilən referendumun hüquqi əsası yoxdur.

“Referendumlar ölkələrin konstitusiyasına ziddir. Hesab edirəm ki, beynəlxalq qanunvericilik bu şəkildə pozularsa, Avropada yüzə yaxın müvafiq problemlər meydana çıxar. Bu, artıq bütün dünyada çox ciddi problemlərə və toqquşmalara səbəb ola bilər. Zorakılığın tətbiqi gərginliyi artıracaq və dövlət sistemi demək olar ki, dağılacaq və münaqişələr zəncirvari olarq digər bölgələrdə də cərəyan edə bilər”.
A.Mollazadə qeyd edib ki, Kataloniyanın özündə heç kim müstəqillik tərəfdarı deyil: “Rederendumda iştirakın az olmağı onu göstərir ki, Kataloniyanın özündə hansısa müstəqil dövlətin əleyhinə olanlar çoxluq təşkil edir. Ona görə referendum hansısa siyasi qurupun öz iddialarını həyata keçirməsinə bənzəyir, xalqın iradəsini əsk etdirmir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Referendum  





Xəbər lenti