Leyla Əliyeva BMT rəsmisi ilə görüşüb

  19 Oktyabr 2017    Oxunub : 451
Leyla Əliyeva BMT rəsmisi ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, eyni zamanda BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.

Heydər Əliyev Fondundan AzVision.az-a verilən məlumata görə, görüşdə IDEA ilə BMT sisteminin qurumları arasında yeni əməkdaşlıq imkanları, o cümlədən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və ətraf mühit problemlərinin həllində birgə fəaliyyət perspektivləri müzakirə edilib.
Həmçinin, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihə ətrafında fikir mübadiləsi aparılıb.

Layihənin məqsədi Azərbaycanın özünəməxsus, dünyada nadir rast gəlinən bioloji müxtəliflik nümunələrinin qorunub saxlanılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və səmərəli idarə olunmasıdır.

Qeyd edək ki, sözügedən layihə çərçivəsində Qızılağac Dövlət Təbiət Qoruğu kompleksində aparılan yenidənqurma və təkmilləşdirilmə işləri nəticəsində Azərbaycanda regionun ilk xüsusi mühafizə olunan dəniz ərazisi yaradılacaq.
Görüşdə ətraf mühit, davamlı inkişaf və digər məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi və daha da gücləndirilməsi barədə razılığa gəlinib.

AzVision.az

Teqlər: Leyla-Əliyeva   BMT