9 ayda sığorta daxilolmaları 414 milyon olub

9 ayda sığorta daxilolmaları 414 milyon olub
  26 Oktyabr 2017    Oxunub:1031
2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 22 sığorta (AzRe təkrarsığorta şirkəti nəzərə alınmadan) şirkəti tərəfindən 414 mln. 353 min manat sığorta haqqı toplanıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AzVision.az-a verilən məlumata görə, həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 188 mln. 580 min manat təşkil edib. Cari ilin ilk 9 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,5 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 42,7 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 mln. 861 min manat artaraq 281 mln. 648 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 22 mln. 302 min manat artaraq 147 mln. 726 min manata yüksəlib.

İcbari sığorta bazarındakı göstəricilərdə isə azalma trendi müşahidə edilib. Belə ki, cari ilin 9 ayı ərzində toplanan sığorta haqları 132 mln. 705 min manatdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 mln. 846 min manat daha azdır. İcbari növlər üzrə sığorta ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 694 min manat azalaraq 40 mln. 854 min manat təşkil edib.

Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta ödənişlərinin 78%-i könüllü, 22%-i isə icbari sığorta növlərinin payına düşüb.

AzVision.az


Teqlər: sığorta  





Xəbər lenti