Güclü külək cənub bölgəsində ciddi fəsadlar törədib

Güclü külək daha çox Astara və Lerik rayonlarında fəsadlar törədib. Astara rayonunun Motlayataq kəndində 1985-ci il təvəllüdlü Şəfa Əliyeva üzərinə ağac aşdığından ağır bədən xəsarəti alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Güclü külək Astarada daha bir nəfərin ağır xəsarət alması ilə nəticələnib. Pəlikəş kənd sakini Etibar Bağırovun üzərinə də ağac aşıb. O, müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Rayonun yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Təbii fəlakət nəticəsində Lerik rayonunun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Elektrik dirəkləri yıxıldığından və elektrik naqilləri qırıldığından bir çox kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda Lerikin 80-dək kəndində işıq yoxdur.
AzVision.az