İrəvan məscidlərini xatırladan sənədli film – VİDEO

İrəvan məscidlərini xatırladan sənədli film – VİDEO
  31 Oktyabr 2017    Oxunub:3006
“İrsimizə atəş açmayın” adlı yeni sənədli film çox düşündürür. İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist Şəlalə Həsənovanın hazırladığı bu filmdə həm sülhə çağırış, həm İrəvansızlığın nostaljisi, həm təkzibolunmaz faktlar var.
Bir şəhər var yaxınlarda darıxan, bir şəhər var uzaqlarda köks ötürən. Bir şəhər var sabahlarda günəşi çoxdan batan. Bir şəhər var adı İrəvan. Haradı İrəvan? Nə üçün sənə, mənə, bizə aiddi? Və bu suallara gələn cavablar. İrəvan əzəli Azərbaycan torpağıdır. İrəvan hər daşında, hər torpağında irsimizdi. İrəvan nəfəs alan tarixmizdi.

Bu gün dünya siyasətinin tendensiyalarından biri həqiqətə ikili standartlarla yanaşmaqdır. Nə yazıq ki, İrəvanın əzəli Azərbaycan torpağı olmasını hələ də Qərbin siyasi dairələri tam qəbul etmək istəmir.

Amma nə yaxşı ki, həqiqət axtarışında haqqın öz payı, tarixin öz möhürü var -- FAKT! Bu gün uydurulan erməni yalanları ilə yazılmır TARİX! Bütün hallarda əlahəzrət FAKT öz sözünü deyir. Şəlalə Həsənovanın hazırladığı filmin gücü və təsiri onun təməlini təşkil edən təkzibolunmaz faktlardadır. Belə ki, faciəsi qəlbimizi odlayan dağıdılmış İrəvan məscidləri qərb və Rusiya alimləri, səyahətçiləri, yazıçılarının xatirələrində canlandırılır. Müəllif İrəvanda həmin məscidlərin fotolarını təhlil etməklə, onların adını dəqiqləşdirmiş və ilk dəfə Yerevanın xəritəsində yerlərini aydın şəkildə göstərir.

İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənməklə yanaşı, ermənilərin bu yerləri farslaşdırma iddiaları ifşa olunur.

Bununla yanaşı, Şəlalə Həsənova Azərbaycanla Ermənistan arasında yaradılmış “Sülh Platforması”nın həmtəsisçisi kimi, iki ölkə arasındakı qarşıdurma nəticələrinin aradan qaldırılması, düşmən obrazının məhv edilməsi və daxili sülh ehtiyatlarının axtarılması mövqeyindən çıxış edir. Filmdə vurğulanan məqamlardan biri odur ki, Ermənistan cəmiyyətində də bu çağırışlara həmrəy olan insanlar var. Filmdə göstərildiyi kimi, rasional fikirli ermənilərin özləri də etiraf edirlər ki, tarixi gerçəkliklər erməni xalqının özündən belə gizlədilir.

Gənc bəstəkar Azər Əsgərov tərəfindən film üçün yazılmış gözəl musiqi intonasiyası, dərin çalarları ilə müəllifin ideyasını hiss etdirir və mətnlə ahənglik yaradır.

“İrsimizə atəş açmayın” Şəlalə Həsənovanın sayca 10-cu filmidir. Onun hazırladığı “Mənim 500 yaşım var», “İlk xristian dövlətinin izi ilə”, “Yerevanda azərbaycançılığın izi ilə”, “Ararat “yox” deyir”, “Amerika ekspertləri “erməni genosidini” təkzib edir”, “Kesab oyunu”, “Puşkindən sürpriz”, “Ermənilərin Qafqaza köçü xronikası” və s. filmlər xarici ölkələrdə təqdim olunmuş və sosial şəbəkələrdə populyarlıq qazanmışdır.

Azərbaycan, alman və rus dillərində hazırlanmış bu film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlmişdir.





Teqlər:





Xəbər lenti