“Rafiq Hüseynov yeyib-içən adam idi” – Baba Vəziroğlunun xatirələri

  02 Noyabr 2017    Oxunub : 4030
“Rafiq Hüseynov yeyib-içən adam idi” – Baba Vəziroğlunun xatirələri

Tanınmış şair Baba Vəziroğlu Almaniyada dünyasını dəyişən Xalq artisi, diktor Rafiq Hüseynovla bağlı xatirələrini AzVision.az-la bölüşüb.

R.Hüseynovla uzun illər dostluq edən şair onunla ilk dəfə AzTV-də tanış olduğunu deyib:

“Rafiq müəllimlə Nuh əyyamından bir-birimizi tanıyırdıq. Tanışlığımız Azərbaycan televiziyasında olub. Orada zamanla dostlaşdıq, qardaşlaşdıq. Vəfat edənə qədər xoş münasibətimiz davam edirdi. Daha sonra Azərbaycan Kinomatoqrafçılar İttifaqında bir yerdə çalışmışıq. Gördük ki, bir yerdə çalışmaq kifayət etmir, birgə yaradıcılığa başladıq. Yaradıcılığımızın nəticəsi kimi diskimizi çıxartdıq. Bəstəkar Kamal müəllim, Nazim Əhməd, Eldar Mansurov yazdıqlarımıza mahnı bəstələyiblər. Bir diskdə 10 -dan çox mahnı var idi. Onların çoxu dillər əzbəridir. Rafiq əhvalatlarını danışırdı, mən də qələmə alırdım. “Dostuma məktub” mahnısı məşhurdur. Mahnı İsrailə köçmüş xalq artisti Tofiq Mirzəyev haqqındadır. Sonra işlərimizlə əlaqədar gec- gec görüşməyə başladıq. Bir də eşitdim ki, sağalmaz xəstəliyə düçar olub. Bizi həyat, sonra da ölüm ayırdı”.



Şair bildirib ki, Rafiq Hüseynov hər zaman məclislərin bəzəyi olub: “O, dost kimi sadiq, vəfalı insan idi. Onunla həm də badə yoldaşı olmuşuq. Rafiq Hüseynovun xatirələri həmişə bizimlə yaşayacaq. Onun yoxluğu dostlarına ağır itkidir. Yadımdadır ki, hələ televiziyada işləyəndə ona “Rus Rafiq” adını qoymuşduq. Çünki ruslar kimi dəqiq adam olub.

Deməli, Rafiq Hüseynov televiziyada baş diktor idi. Diktorlar şöbəsinə rəhbərlik edirdi. Hicran Hüseynov da orada çalışırdı. Rafiq dost canlı, yeyib-içən adam idi. Bir neçə defə Hicran Hüseynov bunların məclisində olub. Qəşəng yeyib-içiblər. İçkidən sonra səhər yuxudan durmaq çətin olur axı. Ancaq Rafiq səhər saat 9-da həmişəki kimi iş başında olub. Hicran isə işə bir neçə saat gec gəlib. Rafiq ona heç nə deməyib. Hicran bir dəfə də belə gecikəndə gəlib görür ki, Rafiqin imzası ilə divarda ona xəbərdarlıq yazılıb. Hicran onun otağına keçib, deyib ki, sən necə adamsan, dünən bir yerdə yeyib-içmişik, dostuq biz. O, isə cavabında deyib ki, “dünən qonaqlıqda mən səndən də çox içdim, səndən də çox yedim, səndən də çox oynadım. Ancaq saat 9-dan iş başındayam. Sən məndən az yedin, az içdin, ancaq işə 3 saat gecikmisən, dostluq dostluqdur, iş işdir”.

Bu hadisədən sonra onun adı “rus Rafiq” kimi qaldı. Rafiq Hüseynov işinə vicdanla yanaşırdı.



Təsəvvür edin, o, olmasayadı, bir sıra insanlarla həyatı boyu görüşməzdik. O, dostluq qurmağı yaxşı bacarırdı. Bir də görürdün ki, məclisdə çoxdan görmədiyimiz, hətta unutmaq üzrə olduğumuz dostumuzu tapıb gətirirdi.

Ondan eşidirdik ki, filankəsin qapısında xeyir iş var və ya kiminsə yası düşüb. O, dostluğun simvolu idi.

Xəstələnəndə yanına gedirdim, tez-tez zəng edirdim. Axır vaxtlar telefonu yoldaşı götürürdü. Əhvalını soruşurdum. Rafiq diqqətə layiq insan idi. O, özü də hamıya diqqət göstərirdi.

Xəstələnəndən sonra da dəyişimədi. Optimizmi, şuxluğu olduğu kimi qaldı. Ölüm onun ruhuna deyil, cisminə toxundu.

Rafiqin daxili gözəlliyi bütün yaşlarında onu işıqlandırırdı. İçi o qədər təmiz, saf, duru idi ki... Onda elə bil, şeytan tükü vardı, hamı sevirdi, dost olmağa can atırdı. Heç kim Rafiqin məclislərindən durub getmək istəmirdi”.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: Rafiq-Hüseynov