Qubada mənşəyi bilinməyən at əti aşkar edilib

Qubada mənşəyi bilinməyən at əti aşkar edilib
  02 Noyabr 2017    Oxunub:1722
Polis orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, noyabrın 2-də daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən Quba rayonu ərazisində Alış Rüstəmovun idarə etdiyi “Qazel” markalı avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, 7 hissəyə bölünmüş ümumi çəkisi 180 kiloqram olan at əti və 1 at başı aşkar olunub.

Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laborator müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti