Zəlzələ Tərtərdə 9 evə ziyan vurub - Bir nəfər xəsarət alıb

Qurum rəsmisi qeyd edib ki, Tərtərin əsasən İsmayılbəyli, Eloğlu, Yuxarı Qapanlı, Əskipara kəndlərindəki evlərə ziyan dəyib.
“Hazırda komissiya üzvləri yerlərdədir, dəqiqləşdirmə aparılır. Əsasən İsmayılbəyli kəndində 4 ev uçub, digər kəndlərdəki evlərdə isə çatlar yaranıb. Bizə daxil olan məlumata görə 9 evə ziyan dəyib, hazırda daxil olan müraciətlər araşdırılır. Tərtərin Qapanlı kənd sakini Məmmədov Şahid İbrahim oğlu zəlzələ zamanı tövlədə olub və dağıntı altında qaldığından yüngül xəsarət alıb. Başqa yaralanan və xəsarət alan olmayıb” , - deyə Ramiz Şabanov vurğulayıb.
Qeyd edək ki, zəlzələ ötən gün yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
Aytən Zəhra
AzVision.az