Tozlu hava səhhətinizdə problemlər yarada bilər - Həkim xəbərdarlığı

Tozlu hava səhhətinizdə problemlər yarada bilər - Həkim xəbərdarlığı
  21 Noyabr 2017    Oxunub:2567
“Toz nəfəs yollarına çöküb, xeyli problem yarada bilər”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı hər üç saatdan bir müşahidələr aparır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 21 noyabr 2017-ci il tarixində səhər saat 09:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan yuxarı olduğu qeydə alınıb.

Məsələ ilə bağlı AzVision.az-a danışan həkim-professor Adil Qeybulla bildirib ki, tozun miqdarının normadan artıq olması insanların səhhəti üçün ciddi problem yarada bilər:

“Toz kütləsi küləklə müxtəlif yerlərdən ölkəyə daxil olur və bu hallar daha çox tikintinin gur vaxtında müşahidə edilir. Bununla bağlı müvafiq qurumlar tədqiqat aparmalıdırlar. Çünki toz insanların nəfəs yollarına çöküb, xeyli problem yarada bilər. Belə havalarda təması maksimum məhdudlaşdırmaq lazımdır. Mümkün qədər ev və qapalı şəraitdə olmalı, pəncərələri bağlı saxlamalı, insanlar özlərini qorumalı və ictimai nəqliyyatda gedərkən maskalardan istifadə etməlidirlər”.

Həkimin fikrincə, tozlanma təmasının və onun konsentrasiyasının orqanizmə daxil olmasına İmkan vermək olmaz. Bu cür havalarda daxil olan toz bronxit telini qıcıqlandırır: “Bununla bağlı dövlət qurumları insanları məlumatlandırmalı, elektron KİV-lərdə maarifləndirici informasiyalar dərc olunmalıdır”.

Qeyd edək ki, tozlanmaya səbəb ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısa müddətli toz-dumanının daxil olmasıdır. Toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur.

Ülviyyə Çingizzadə
AzVision.az


Teqlər: Həkim   Xəstəxana  





Xəbər lenti